Çox xərcləyib, az yeyənlər ölkəsi

statistika-komitesiStatistik rəqəmlərlə də real vəziyyəti gizlədə bilmirlər

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 10 999,2 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox məhsul satılıb.ÿDövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,5% artaraq 5 479,4 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artaraq 5 519,8 mln. manata bərabər olub.

Göründüyü kimi, statistik rəqəmlər əhalinin ərzaq xərclərinin artdığını göstərir. Bununla sübut etmək istəyirlər ki, əhalinin ötən ilin müvafiq dövrü ilə müqayisədə alıcılıq qabiliyyəti artıb. Əslində isə vəziyyət  fərqlidir, ötən dövr ərzində əhalinin alıcılıq qəbiliyyəti azalıb.

Belə ki, 2015-ci ilin yanvar-may aylarında ərzaq məhsullarının qiyməti indiki qiymətlərdən 50-60 faiz aşağı idi. Deməli, ötən dövr ərzində qiymətlər 50-60 faiz artıb. Əslində, istehlakçılara satılan məhsulların ümumi qiyməti 50-60 faiz artmalıydı ki, vəziyyətin sabit qaldığı görünsün.  Yəni əhalinin ərzaq xərclərinin 2.5 faiz artması, qiymət ifadəsində 50-55 faiz azalma deməkdir.

Hətta qiymət artımı ilə bağlı rəsmi statistikaya istinad etsək, yenə də vəziyyət acınacaqlıdır. Belə ki, rəsmi açıqlamada qiymətlərin 17 faiz qalxdığı bildirilir.  Qiymətlər 17 faiz qalxıbsa belə, ərzaq məhsullarına xərclənən vəsaitin 2.5 faiz artması 14.5 faiz azalma deməkdir. Yəni ötən il 6.5 manata satılan yağ, bu gün 8.5 manata satılırsa, bu, əhalinin daha çox ərzaq alması mənasına gəlmir. Əksinə, bu gün 6 çeşiddə ərzağı almağa xərclədiyi vəsait, ötən il 10 çeşiddə ərzağa xərclədiyi vəsaitdən çoxdur.

Deməli, Statistika Komitəsinin üzə çıxardığı 2.5 faizlik artım, ötən il ilə müqayisədə əhalinin alıcılıq qabiliyyətinin artmasına görə yox, qiymətlərin qalxmasına görədir. Yəni əhalinin istehlak etdiyi məhsulların 1.9 faizlik artımı, qiymət artımları ilə müqayisədə kəskin azalmanı göstərir. Azərbaycan çox xərcləyib, az yeyənlər ölkəsinə çevrilib.

Samir