“Azərenerji”nin də borcu xalqdan oğurlana bilər

mehemmed talibliMəhəmməd Talıblı: «Dövlət şirkətinin səriştəsizliyi hesabına vətəndaşın vergiləri ilə borc qaytarmaq ən səmərəsiz yoldur»

“Azərenerji” ASC 2015-ci il üzrə fəaliyyətini ciddi zərərlə başa vurub. ASC-nin ötən ilə dair yaydığı maliyyə hesabatına görə, dövlət təsərrüfat qurumunun zərəri 870.5 milyon manat olub. “Azərişıq” ASC-yə verilmiş aktivlərin dəyəri ilə birlikdə zərəri 1.5 milyard manata yüksəlib. Məlumdur ki, ötən il “Azərişıq”dan sonra “Azərenerji” ASC-nin işığın paylaşdırılmasına dair səlahiyyətləri yeni yaradılan quruma verilib.

Maraqlıdır ki, qurumun enerji və digər satış gəlirlərindən əldə etdiyi gəlirlər dəÿ2014-cü illə müqayisədəÿ azalıb. Belə ki, ötən ildə “Azərenerji”nin gəliri 2014-cü ildə 750.7 milyon manat olubsa, ötən il bu rəqəm 733.7 milyon manata düşüb.

Ümumilikdə, hesabatdan məlum olur ki, ASC-nin zərəri əsasən, devalvasiya nəticəsində xarici valyutaların mübadiləsindən baş verib. Hesabata görə, xarici valyuta mübadiləsindən zərər 1 milyard manat təşkil edib. Manatın devalvasiyası qurumun xarici kreditorları qarşısında öhdəliklərini çətinləşdirib və dollar, habelə avroda olan borclarının geri qaytarılmasında problemlər yaradıb.

Qeyd edək ki, “Azərenerji”nin yaranmış borclarının “sağlamlaşdırılma”sı üçün dövlət büdcəsindən vəsaitlərin ayrılmasına başlanılıb.

Bəs, borcların ödənilməsi məqsədilə “Azərenerji” elektrik enerjisindən istifadəyə görə haqqı qaldıra bilərmi? Çünki “Azərsu”da sudan istifadəyə görə qiymət artırılmasının şahidi olduq.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, dövlət şirkətinin səriştəsizliyi hesabına vətəndaşın vergiləri ilə borc qaytarmaq ən səmərəsiz yoldur. M.Talıblının sözlərinə görə, iri dövlət şirkətlərinin səriştəsizliyi hesabına borca yüklənmək fiskal gərginliyi artıran amildir: “Dövlət şirkətlərinin çoxunda pis idarəçilik və zəif hesabatlılıq daha çox xarakterikdir.

Onlar bir tərəfdən dövlət büdcəsindən dotasiya alır, digər tərəfdən isə dövlət zəmanəti ilə xarici borclamaya girirlər. Onların rentabelsiz çalışmalarının isə bədəlini dövlət büdcəsi hesabına ödənilir. Bu çox “yaxşı” variantdır”.

M.Talıblı hesab edir ki, dövlət büdcəsinin səmərəsinin azalmasının da, xarici borclar üzrə öhdəliklərinin çətinləşməsinin də səbəbi aydındır. Bunu qeyri-müəyyənliyə qədər artırmağın nə anlamı var, onu anlamaq olmur: “Dünya Bankının vaxtilə hökumətə verdiyi tövsiyələrdə dövlət şirkətlərinin dotasiyanın artmasını və bu həlqədəki korrupsiya risklərinin olmasına dair narahatçılığını dəfələrlə bildirib. Bununla demək istəmirəm ki, Dünya Bankı bununla da şəffaflıq tərəfdarı olduğunu isbatlayıb. Təbii ki, xeyr! Amma bu narahatlıqlar dövlət büdcəsi üzərində nəzarəti və hesabatlılığı zəiflədən amildir”.

M.Talıblı bildirdi ki, bütün bunların ən rasional yolu iri dövlət şirkətlərinin özəlləşdirməsinə nail olmaq və həmin yükü dövlətin çiyinləri üzərindən götürüb özəl sektorun çiyinləri üzərinə qoymaqdır: “Yoxsa ki, dövlət büdcəsinin vəsaitləri hesabına onların ziyanına nə qədər durmaq olar ki? Bunların özələşdirməyə açılması bir tərəfdən dövlət büdcəsindən ayırmaları tormozlayacaq, digər tərəfdən onlar göstərdikləri xidmətlərin keyfiyyətini yüksəldəcək. Bu məsələdə hər il kecikmə dövlət büdcəsindən 10 milyonlarla vəsaitlərin itirilməməsi demək olardı”.

Xəyal