Müzəffər Baxışov: «Azərbaycanda vahid istintaq komitəsinin yaradılması bir zərurətdir»
Ölkədəki idarəçiliyin, yarıtmaz siyasətin ən çox zərər vurduğu sahələrdən biri də hüquq sahəsidir. Hüquq mühafiz orqanları, məhkəmələr, ədliyyə sistemi rejimin əl oyuncağına çevrilib. Hüquqsuzluq, özbaşınalıq o həddə çatıb ki, hər bir nazirlik ayrıca kiçik dövlətə çevrilib. Xüsusən də neftin qiymətinin yüksək olduğu vaxtlarda pul silmək xatirinə saysız-hesabsız qurumlar yaradılıb.
Ən biabrıçı mənzərə isə bütün nazirliklərin xüsusi istintaq şöbəsinin olmasıdır. Vergilər nazirliyinin, DIN-in, Gömrükün, Sərhəd Xidmətinin, MTN-in və digər qurumların istintaq idarələri var. Təsəvvür edin ki, əməliyyatçı ilə istintaqçı eyni otaqda oturur, eyni strukturda çalışır və bir-birini gözəl tanıyırlar. Belə olan halda obyektivlikdən söhbət gedə bilərmi? Eyni qurumun əməliyyatçısına, eyni qurumun istintaqçısı, əlbəttə, müqavimət göstərməyəcək.
Bu biabırçılığa son qoymağın yolu kimi vahid istintaq komitəsinin yaradılmasını göstərmişdik. Indiki halda hər bir qurum özünü söz sahibi, ədalət təminatçısı kimi təqdim edir. Nə qədər ki, bu eybəcər “ənənə”lər davam edəcək, günahsız insanların həbsi, korrupsiya, qanunsuzluq da davam edəcək.
Əslində yazdıqlarımızı bu günlərdə daxili işlər naziri Ramil Usubovun açıqladığı rəqəmlər də sübut etdi.
Məlum oldu ki, iyunun 11-də Daxili Işlər Nazirliyinin konfrans salonunda istintaq və təhqiqat qurumları əməkdaşlarının respublika toplantısı zamanı maraqlı statistik rəqəm açıqlayıb.
Iştirakçıların nəzərinə çatdırılıb ki, müstəntiqlər tərəfindən hər il orta hesabla 25 min cinayət işinin istintaqı aparılır ki, bu da respublikanın hüquq mühafizə orqanlarının icraatında olan işlərin 80 faizini təşkil edir və onların 45 faizinin istintaqı tamamlanaraq 9 minə yaxını ittiham aktı ilə məhkəmələrə göndərilir. Təsəvvür edirsiniz, 25 min cinayət işinin istintaqının 80 faizini məhz DIN aparır.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Cinayət Prosessual Məcəllənin 215-ci maddəsi istintaqa aid məsələləri tənzimləyir. Məcəllədə yalnız prokurorluğun apardığı istintaqların dairəsi göstərilib: “Cinayət Prosessual Məcəllənin 215.3.1-ci maddəsində hansı cinayətlərin ibtidai istintaqını prokurorluq orqanlarının apardığı göstərilib. Məsələn, adamöldürmə, sülh və insanlıq əleyhinə olan cinayətlər, ölümə səbəb olan xəsarətlə bağlı cinayətlər bu qrupa aiddir. Digər məsələləri Cinayət Prosessual Məcəllənin tələblərinə görə müvafiq icra orqanlarının ibtidai istintaq idarələri aparır. Dövlət başçısı müəyyən edir ki, yeddi müvafiq icra orqanının istintaq orqanı var. Məcəllədə hansı cinayətlər üzrə bu orqanlarda ibtidai istintaqın aparıldığı müəyyənləşir. Bunlar DIN, MTN, Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, FHN-dir. Məsələn, Dövlət Sərhəd Xidməti 3 istintaq işi aparır. Amma DIN-in apardığı istintaq işləri çox genişdir”.
M.Baxışov bildirdi ki, amma Azərbaycanda vahid istintaq orqanının yaradılması bir zərurətdir. M.Baxışovun fikrincə, prokurorluğun, ümumiyyətlə, istintaq aparmaq səlahiyyəti olmamalıdır: “Prokurorluq bir orqan kimi yalnız məhkəmədə dövlət ittihamını müdafiə etməlidir. Istintaqı isə vahid istintaq komitəsi aparmalıdır. Daha sonra iş məhkəməyə göndərilməlidir. Məhkəmədə isə müdafiə tərəfi ilə prokurorluq çəkişməlidir. Prokurorluğun o işlərdə heç bir marağı olmamalıdır. Prokurorluq məhkəmədə həqiqətin ortaya çıxmasında maraqlı olmalıdır”.
Xəyal