Quba üsyanının qarşıya çıxardığı suallar o qədər çox, veriləcək şərh və cavablarsa bir o qədər geniş spektrlidir ki, bir köşə yazısı həcmində bunları tam olaraq çatdırmaq mümkün deyil.
“Balbelan”dan çıxan kadr” (Qənimət Zahid, “Azadlıq”) Rauf Xeyrulla oğlu Qubaya 2007-ci ildən IH başçısı təyin olunub. Onun buna qədərki ən böyük vəzifəsi “prorab”lıq olub. Görəsən, dövlət başçısı hardasa “prorab” işləyən birində hansı üstün keyfiyyətlər görübmüş? Nə keyfiyyət, canım, ola bilsin ki, prezident onu məhz Quba üsyanından sonra tanıyıb.
Rauf “Balbelan”lı elə 2007-ci il təyinatından başlayaraq başqa icra hakimləri kimi, onun da bütün əməlləri xalqı təhqir eləmək, onun qüruruna toxunmaq olub. Bəs niyə bu günəcən xalqdan səs çıxmayıb? Yoxsa biz gözüylə gördüyü yox, qulağıyla eşitdiyi təhqirlərdən təsirlənən xalqıq?
Bəlkə də Balbelanlı bu vəzifəyə qədər heç latayır danışan olmayıb, ağzının sözünü bilib. Bəs niyə bu vəzifəyə gələndən sonra belə olub? Zənnimcə, o da öz ağzıyla deyil, sadəcə, rejimin ağzıyla danışıb, rejimin əliylə rejimin əlinə çalışıb. Nəticədə, üsyan ona qarşı deyil, rejimə qarşıdı.
Lakin 3-5 nəfərlik deyil, bu böyüklükdə üsyanın təşkilatçılığı ilə bağlı suallar var. Nədən polis üsyançılara çox tolerant davranıb? Bu, bizim ovcumuzun içi kimi tanıdığımız polis deyilmi? Axı əldə əliyevlərin 2-3 portretini tutmaqla polisi azdırmaq olmaz. Bu, sıradan azərbaycanlı bicliyidi və məqsədi heç kimə sirr deyil. Bəlkə rayonda polis rəisi və IH başçısı arasında ənənəvi mənəm-mənəmlik savaşı gedirmiş? Ya bəlkə bu qiyamı məhz “Qubanın 30-40 manat bazarlığa satıldığı” hansısa oliqarx, iri iş adamı təşkil eləyib? Hətta güc strukturlarının hadisəyə müdaxiləsi o qədər nəzərəçarpmaz dərəcədədi ki, Daxili Qoşun əsgərlərinin etirazçıları gözyaşardıcı qazla dağıtmağa çalışması da sadəcə, gözə kül üfürmək təəssüratı bağışlayır. Qubadan seçilən millət vəkili Vahid Əhmədovun olaya münasibəti də eyni qeyri-inandırıcı tolerantlığın tərkib hissəsi kimi görünür: “Heç kəs icra başçısına haqq verməyib ki, camaatı təhqir etsin”. Adi vaxtda bu sözdə qeyri-adi heç nə yoxdu. Bu boyda üsyanın və rejimin qarşısında isə… Qubadan başqa bir millət vəkili, yapçı Yevda Abramov da inanılmaz sözlər deyir: “Insanlar öz sözlərini demək üçün mitinqə toplaşıblar. Mitinqi xalq edir, bunun qarşısını almaq niyyətində deyilik. Qoy, xalq öz sözünü deyə bilsin. Biz xalqın səsini boğmaq istəmədik. Qoy, bu, digər icra başçıları üçün də ibrət dərsi olsun. Hamı görsün ki, xalq icra hakimiyyətinin başçısını işlədə bilər. Quba Rayon Icra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad olunması haqda sərəncamı gözləyirik”, – yoxsa dava elə yorğan davasıymış? O qədər inandırıcı deyilsə də, şübhələrə yol açır.
Bu tolerantlıqdan ayrı bir sual da doğur. Bir yapçı bu boyda üsyana ideal bir demokrat münasibəti sərgiləmək cəsarətini hardan alır? Qiyama, alçaldılmış, təhqir edilmiş, bezmiş insanların qəzəbli hərəkətlərinə “xalqın öz sözünü demək” hüququ kimi baxanlar nədən Bakıdakı dinc aksiyalara topla-tankla cavab verirlər? Bundan sonra nə effekt doğuracağı dəqiq bilinməyən qiyamın bu cür rahatlıqla qarşılanması rahat anlaşılan şey deyil. Lakin kimsə deyə bilməz ki, bu, başdan-ayağa hakimiyyətin öz oyunudu. Ola bilsin ki, başdan onlar başlayıb. Sonradan isə özləri demişkən, “destruktiv qüvvələr aranı qatıb”. Bax, həmin bu destruktiv qüvvə xalqın özüdü. Yenə günah gəldi xalqın üstünə. Necə deyərlər, dəvə oynayanda qar yağar. Baxmayaraq ki, qış qurtarmaq üzrədi.
Hətta kasıb bir uşağın qəzəbli etirazçılara havayı qutab paylaması da sual doğura bilərdi, lakin onun səxavətinə verdiyi şərh adamın ürəyini ümidlə doldurur. O, deyir: “Çünki bayramdı!” – “Hansı bayramdı ki?” – “Mitinq bayramı…”.
Artıq bu xalqın körpəsi belə, istənilən şəkildə, istənilən təşkilatçılıqla və istənilən səbəbdən toplaşmasına bayram kimi baxır. Qarşıdan isə daha böyük bayram gəlir Azərbaycana – Azərbaycan baharı! Fişənglər atılacaq, tonqallar çatılacaq… Ancaq qoy, bu tonqallar, üstündən atlana biləcəyimizdən yüksək olmasın…

Azərbaycan Baharı
•
•