Ataların bir sözü var, deyərlər, xain xoflu olar. Bu “xof” deyilən sözü isə elmi dilə çevirsək, nevroz xəstələrinə rahatlıq verməyən “fobiya” sözünə uyğun gəlir. Doğrudan da, Qanun Nəşrlər Evi ilə bağlı hakimyyətin qaldırdığı “bomba həyəcanında” ilk baxışdan nevroz xəstələrinə xas olan bu “xof-fobiya” özünü göstərməkdədir.
Klassik ədəbiyyatımızda “bomba həyəcanı” mövzusu iki böyük yazıçımızın əsərində yer almışdır: ilk olaraq, ölməz Mirzə Fətəli Axundzadə bu məsələyə “Müsyo Jordan və ya Dərviş Məstəli şah” komediyasında toxunmuşdur və taleyin acı istaehzasına baxın: orada da, öz ölkəsinə “elm-maarif işığı” gətirmək istəyən bir şəxsə qarşı qurğu qurulmuşdu və o insan, Qanun nəşriyyatının başçısı Şahbaz bəylə adaş idi! İkinci “bomba həyəcanı” ilə böyük yazıçı Ə. Haqverdiyevin “Bomba” hekayəsində qarşılaşırıq, ancaq orada heç olmasa bu yalançı çağırışla polisi ayağa qaldıran Kərbəlayı Zalı işdən qovurlar, bizim bugünkü Azərbaycan gerçəkliyində isə, çox vaxt, belə “bomba tapan” polislərin rütbəsini artırırlar.
Son hadisə Qanun nəşriyyatının üzləşdiyi gözəçarpan basqılardan ikincisi idi. Ona görə gözəçarpan deyirəm ki, bildiyimə görə, bu nəşriyyata qarşı olan təxribatların görünməyən tərəfləri də var, bu isə yalnız ona qarşı deyil, ümumilikdə kitab nəşri və ticarəti ilə məşğul olan bütün başqa qurumlara qarşı olan məqsədyönlü pozuculuq işinin az qala dövlət siyasəti səviyyəsinə qaldırılmasının nəticəsidir. Yalnız elə bu ildən başlayaraq xaricdə nəşr olunub ölkəyə gətirilən çap məhsullarının üzərinə qoyulan gömrük rüsumunun gözəçarpacaq artımı bunun bir göstəricisidir.
Bizim folklorda bir “Xoruz nağlılı” var, bu Xoruz küllükdə eşələnəndə bir şahı pul tapır və sevindiyindən banlayıb pul tapdığını car çəkəndə, padşah xoruzun bir şahısını tutub əlindən alır, bu haqsızlığa qarşı səsini qaldıranda isə, xoruz şahın mətbəxinə və mədəsinə gedib çıxmalı olur. Düzdür, sonda bu xoruz da şahın qarnını yırtıb azadlığa çıxır və burada xalq tarixən oğru və talançı hakimlərin öz acgözlüklərinin qurbanı olduqlarına işarə vurur. Elə bilirəm, hər bir halda tarixi hadisələrin gedişinin pislikdən yaxşılığa doğru gəlib çatdığı, zamanın sınağından çıxmış bir həqiqətdir.Qanun nəşriyyatına qarşı ilk güclü basqın iki il bundan öncə baş verdi və babalı deyənlərin boynuna: deyilənə görə, buna səbəb nəşriyyatın 2013-cü il prezident seçkilərində müxalifətin prezidentliyə namizədinin seçki plakatlarını çap eləməsi olmuşdu; bugün də Real hərəkatı bəyanat verib bildirir ki, təşkilatın şərlənərək həbs olunan sədri İlqar Məmmədovun Qanun nəşriyyatında sifariş verilmiş təbliğat plakatları polisin “bomba həyəcanı” tədbiri zamanı bütünlüklə müsadirə olunaraq aparılmışdır. Demək, bayaq haqqqında danışdığımız xoruzun quyruğu görünməyə başlayır, məsələnin nə yerdə olduğunu dəqiqiliyi ilə bilməsəm də, Azərbaycan gerçəkliyində belə bir hadisənin baş verdiyini əminliklə demək olar: Realçıların sifariş elədiyi plakatı başqa heç bir mətbəə çap eləmək istəmir, buna ürək eləmirlər, onlar da, Qanun nəşriyyatına üz tuturlar, maliyyə çətinliyi yaşayan və bu plakatın çapında heç bir qanunsuzluq görməyən nəşriyyat plakatları çap eləyir və… sonrasını da özünüz bilirsiniz.
Rusiyadakı avtoritar rejim tərəfindən müflis edilən, şərlənib həbsə atılan, sonradan beynəlxalq ictimai təşkilatların və demokratik dövlətlərin təzyiqi ilə həbsdən buraxılan Xodorkovski həbsdən sonrakı ilk mətbuat konfransında belə bir söz işlətmişdi: baxmayraq, mənə qarşı edilən bütün haqsızlıqlar birbaşa Putinin göstərişi ilə baş verib, ancaq mən bir şeyə görə ona minnətdaram: o, mənim yaxın adamlarıma toxunmadı, onlara qarşı heç bir təzyiq və təhdidlər olmadı. Burada sözü nəyin üzərinə gətirdiyimi oxucular anlamış olarlar. Kim bilmir ki, Qanun nəşriyyatına qarşı olan basqınların bir motivi də nəşriyyat başçısının qardaşı Sabir Rüstəmxanlı ilə bağlıdır. Dünən bunu Sabir bəy özü də açıq mətnlə dedi və onun bu sözünün inandırıcılığı bir də ona görə şübhəsizdir ki, son çağlar heç bir əxlaqi-mənəvi dəyərlərə sığışmayan belə hadisələr Azərbaycanda adi hal almışdır, mən burada onlarla fakt gətirə bilərəm, ancaq elə bilirəm oxucular özləri də, indi yalnız hakimiyyətə qarşı müxalif mövqedə olduğuna, və ya ona “biyət” eləmədiyinə görə, insanların yaxın qohumlarının şərlənərək tutulması faktlarının olduğundan xəbərdardırlar.
Mədəniyətə münasibətdə daha bir tragikomik vəziyyət də, oxuculara yaxşı bəllidir. Müxtəlif korrupsiya layihələri, gömrük maxinasiyaları ilə milyardları vergidən və büdcədən yayındırıb mənimsəyən bir rejim, dünya şöhrətli kinodramaturq Rüstəm İbrahombəyovu, Azərbaycanı dünyaya tanıtmaq üçün təşkil elədiyi Beynəlxalq Kino festivalında 20 min manata yaxın məbləği “səmərəsiz xərcləməkdə” ittiham eləyir; öz gücü ilə Azərbaycanda böyük maarifçilik işi görən, Dünya ədəbiyyatının ən dəyərli əsərlərini Azərbaycan oxucusuna çatdıran, bugünkü ağır şəraitdə kitaba, biliyə olan marağı sönməyə qoymamaq üçün gərgin əməklərə qatlaşan Qanun nəşriyyatı dövlət tərəfindən dəstəklənmək əvəzinə, nəşriyyatın fəaliyyəti “mikroskop altında” araşdırmalara məruz qalır, onun üzərinə, ağır maliyyə durumunu daha da dözülməz eləyən böyük vergi cərimələri qoyulur.
Sözün düzü, mənim üçün belə bir yazı yazmaq çox çətindir. Biz əslində indi gərək Qanun və ya başqa bu kimi kitab nəşr eləyən qurumların fəaliyyətini büsbütün başqa yöndən araşdıraydıq, onların gördüyü yaxşı işləri tərifləyib, yarıtmazlıqlarını tənqid eləyəydik. Çap məhsullarının texniki və bədii keyfiyyətlərini təhlil süzgəcindən keçirdəydik, saf-çürük eləyəydik və onlardan gözləntilərimizi dilə gətirəydik. Bütün bunların əvəzində, ürəyimizdən belə bir ağrılı arzu keçir: nə olaydı, Qanun bu dəfəki basqını da ötüşdürə, öz faydalı işini davam etdirə biləydi!..