İP Koordinasiya Şurası Qubada baş verənləri müzakirə etdi

İctimai Palatanın (İP) Koordinasiya Şurası Quba hadisələrilə bağlı martın 2-də növbədənkənar toplantı keçirib.
Koordinasiya Şurası Quba əhalisinin mövqe və tələblərini birmənalı şəkildə dəstəklədiyini bildirir. Baş verənləri ölkədə bütün sahələrdə baş verən qanunsuzuluğun nəticəsi sayan İP Quba əhalisinin təkcə qubalıların yox, bütün Azərbaycan xalqının şərəf və ləyaqətini müdafiə etdiyini bildirir və minnətdarlıq ifadə edir.
Qurum qubalıları müdafiə etməyi, onlara mənəvi, siyasi, hüquqi dəstək verməyi bütün xalqın vəzifəsi sayır. Hadisələr günü həbs edilənlərin azad olunması alqışlanır, eyin zamanda  iqtidara repressiv addımlardan çəkinmək çağırışı edilir. Bildirilir ki, repressiyalar başladığı halda buna laqeyd yanaşılmayacaq.
Qurum iqtidara Quba hadisələrinin Azərbaycanda mövcud olan vəziyyətin əyani nümayişi olmasını xatırladır. İqtisadi və siyasi islahatlar olmadıqca belə hadisələrin bütün ölkədə təkrarlana biləcəyi deyilir.
İP bir ovuc oliqarx-məmurun mənimsədiyi, ələ keçirdiyi torpaqların, meşələrin, milli sərvətlərin xalqa qaytarılmalı olduğunu bəyan edir. Siyasi və iqtisadi azadlıqların təmin olunması, seçkili orqanların milli etmad əsasında formalaşdırılması tələb edilir.
Son olaraq iqtidara İctimai Palatanın hazırladığı “Demokratiyaya keçidin yol xəritəsi”ni islahatlar proqramı hazırlanmaq üçün əsas götürmək təklif edilir (“Turan”).