Rusiya Əsədin arxasından çəkildi

Avropa Birliyi isə Suriya müxalifətini rəsmən tanıdı

Suriyada gərginlik və dinc müxaliflərə qarşı silahlı zorakılıqlar davam etdikcə Bəşər Əsəd rejimi yaxın müttəfiqindən biri Rusiyanın da dəstəyindən məhrum olub. Rəsmi Moskva Suriyaya hərbi müdaxilə olacağı təqdirdə Bəşər Əsəd rejiminə dəstək verməyəcəyini açıqlayıb. Bu açıqlama Rusiyanın Suriya ilə bağlı siyasətində kardinal dəyişikliklərin baş verməsinin ilk siqnalıdır. Qərb mediasının təmsilçiləri ilə görüşən Rusiyanın baş naziri və prezidentliyə namizəd Vladimir Putin də dolayı yolla Bəşər Əsəd rejiminin arxasından çəkildiyinə işarə vurub.
“The Times”ın yazdığına görə, Putin qərbli jurnalistlərlə söhbətində Rusiyanın Suriya hakimiyyətini dəstəkləməsi üçün xüsusi bir əsas olmadığını bildirib. Baş nazir deyib ki, Suriyanı kimin idarə edəcəyini xalq özü müəyyənləşdirməlidir. Putin Bəşər Əsədə bağlı qüvvələrin Homs və başqa şəhərlərdə keçirdiyi əməliyyatlardan ciddi narahatlıq duyduğunu və belə hadisələrin dərhal dayandırılmalı olduğunu deyib.

Avropa Birliyindən mühüm qərar

Ötən gün Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında Suriya müxalifətinin qurduğu Milli Şuranın bu ölkənin legitim hakimiyyəti kimi tanınması haqda qərar qəbul olunub. Zirvə toplantısında qəbul edilən qərarda deyilir ki, Avropa Birliyi azadlıq, şərəf və demokratiya mübarizəsində suriyalı müxalifləri dəstəkləyir, Milli Şura suriyalıların legitim hakimiyyəti kimi tanınır, müxalifət təmsilçilərinə dinc mübarizələri naminə birləşmək tövsiyə olunur.
Toplantıda Avropa Biriliyinə üzv ölkələrin xarici işlər nazirlərindən Bəşər Əsəd rejimini hədəf alan yeni sanksiyalar hazırlanması tələb olunub. BMT Təhlükəsizlik Şurasında Suriyaya yönəlik qərarların verilməsinə maneə törədən Rusiya və Çindən zorakılıqların dayandırılması məsələsində əməkdaşlıq etmələri də istənilib.

Sarkozi: “Bütün diktatorlar etdiklərinin əvəzini ödəyəcək”

Fransa prezidenti Nikola Sarkozi BMT TŞ-nın qərarı olmadan Suriyaya hərbi müdaxilə olmayacağını bildirib.
Rəsmi Parisin Suriyada humanitar dəhliz variantına dəstək verdiyini deyən Sarkozi ölkəsinin Dəməşqdəki səfirliyini bağlamaq qərarı verdiyini söyləyib. İnsan itkisinin hər gün artdığını görməyin acınacaqlı olduğunu deyən Sarkozi insanlığa qarşı cinayət törədənlərin beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarılacağını deyib: “Bir gün bütün diktatorlar etdiklərinin əvəzini ödəyəcək”.
 
Gül “Yəmən tolu” təklif edir

Bu arada “Reuters” agentliyinə müashibə verən Türkiyə prezidenti Abdullah Gül deyib ki, Rusiya və İran qısa zaman sonra Bəşər Əsədə dəstək verməyin səhv olduğunu anlayacaq: “Rusiya zamanla verdiyi dəstəkdən Suriya rejiminin sui-istifadə etdiyini görəcək. Ağır silahların Suriya xalqına qarşı istifadə edildiyi gerçəyini gördükləri zaman bunu anlayacaqlar”.
Gül bildirib ki, Bəşər Əsədin hakimiyyətdən getməsi üçün ən məntiqli yol “Yəmən yolu”dur.
Xatırladaq ki, Yəməndə 33 il ölkəni dəmir yumruqla idarə edən Əli Abdullah Saleh toxunulmazlıq hüququ aldıqdan sonra səlahiyyətlərini vitse-prezidentə verərək hakimiyyətdən getdi.

Turan