“Səba”nın yeni loqotipi alıcıları çaşdırıb

Müəssisə rəhbərliyi əmin edir: “Mağazalara çıxarılmış yeni loqotipli “Səba” toyuqları elə əvvəlki “Səba”dır”
 
Bazara hər gün yeni məhsuların çıxması alıcıları təəccübləndirmir. Ancaq tanış məhsulu başqa simada görəndəsə bəzi şübhələr yaranır. Mağazalarda hər kəsin yaxşı tanıdığı “Səba” toyuqlarının üzərində toyuq şəkli olmayan fərqli qablaşmada satışa çıxarılması da istehlakçılarda çaşqınlıq yaradıb. Hətta bəziləri kimlərinsə 10 il toyuq məhsulları ilə məşhur olan markanın adından istifadə etmək istədiyini də düşünür. Təbii ki, bu narahatçılığa səbəb bazarda saxta malların geniş yayılmasıdır. İstehlakçılar “Səba” toyuqları ilə bağlı eyni vəziyyətin yaranmasından ehtiyat edir. Bu məhsulun daimi alıcıları hətta seçim etməzdən əvvəl bir qədər tərəddüd edir və satıcılardan da bunun başqa “Səba” olub olmadığını soruşurlar. Hər gün baş çəkdiyim mağazada da satıcıların belə “imtahana” çəkilməsinin şahidi oldum.
Yeni qablaşmada “Səba”ya alıcıların münasibəti mağaza menecerlərinin və istehsalat müəssisəsi rəhbərliyinin də diqqətindən yayınmayıb. Çünki vəziyyətin belə davam etməsi məhsulun satışına da mənfi təsir edə bilər.

“Səba” istehsalat müəssəsinin rəhbərliyi isə əhalini narahat olmamağa çağırır. Müəssisənin baş direktoru Zakir Əzimov deyir ki, mağazalara çıxarılmış yeni loqotipli “Səba” toyuqları elə əvvəlki “Səba”dır. Alıcılar özləri də bunu yoxlaya bilər. Sadəcə olaraq ticarət nişanının üzərində artıq toyuq şəkli yoxdur. Baş direktorun sözlərinə görə, məqsəd “Səba” məhsul çeşidini daha da genişləndirməkdir. “Səba” toyuqlarının keyfiyyəti isə həmişəki kimi yüksək səviyyədədir. Yeni ticarət nişanlı “Səba” dərin emal məhsulları: naqetlər, kotletlər və sosislər artıq satışdadır. Onların istehsalı zamanı da yalnız toyuq ətindən istifadə olunur.
Baş direktor müəssisənin bu yeniliklə kifayətlənmədiyini deyir. Onun sözlərinə görə, yaxın zamanda “Səba”nın ağartı məhsulları da istehlakçılara təqdim olunacaq. İstehlakçı üçün çalışdıqlarını, daim keyfiyyətə önəm verdiklərini deyən baş direktor süd və süd məhsulları sahəsində də uğur qazanacaqlarına əmindir: “Bu səbəbdən də alıcılar əvvəlki tək “Səba”ya etibar eləyə və onun məhsullarından arxayınlıqla istifadə edə bilər”.

Fizzə