Vergisiz, gömrüksüz, ƏDV-siz

saadet-cahangir-koseSəadət Cahangir

Elə bir tarix yaşayırıq ki, 20 il sonra nəvə-nəticələrimizə anlatsaq, dedektiv filmindən danışdığımızı düşünəcək. Son 23 ilin tarixinə nəzər salın və baş verənləri xatırlayın. Bu illərdə başımız nələr çəkib, ilahi! Həqiqətən, kriminal filmlərdən gördüklərimiz, dedektivlərdən oxuduqlarımız təsirsiz qalır yaşadığımız çox gerçəklərin yanında. Xeyli vaxtdır Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevlə bağlı baş verənləri izləyirsiniz. Belə görünür ki, vaxtilə hakimiyyətin ən yaxın adamı olan Hacıyevi indi yaxşı-yaxşı silkələyirlər. Silkələyirlər ki, cibində, kisəsində nə varsa, son qəpiyinə kimi tökülsün. Anlaşıldığına görə, o da dirəniş göstərir və bunun əvəzində götürüb onun həyat yoldaşı Zamirə Hacıyeva haqqında həbs qərarı çıxarıblar. Illər əvvəl Hacı Məmmədovun girovu olaraq gündəmə gələn həmin xanım Beynəlxalqÿ Bankdan sənədsiz 18 min manat pul çıxarmaqda ittiham olunur. Guya indi bu həbs qərarını çıxaranlar xəbərsiz olub ki, Zamirə Hacıyeva on ildən artıqdır xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Bax, belə. Demək ki, bir gün xalq qalxıb başına corab hörən bu gəmiricilərdən hesab sormaq niyyətinə düşsə, baxacaq ki, hərəsinin cibində bir xarici pasport var. Yəni bu minvalla çapıb-taladıqları da gedir işinin arxasınca. Adamlardan nə oğurladıqlarını geri ala bilərsən, nə də hesab sormaq səlahiyyətin qalar… Ağlamalıdır, deyilmi?

Ağlamalıdır və həm də ağır dərddir. Xüsusən, ona görə ki, illərdir bu ölkə insanının gözünü açıb, onlara gerçəkdən nə baş verdiyini anlatmaq mümkün olmur. On illərdir yuxarılar kürsüyə çıxıb analoqsuzluqdan, işıq sürətli inkişafdan danışır, bu biçarələr də əl çalır. Heç bircə dəfə başını qaldırıb soruşan yoxdur ki, ağalar, belə inkişaf ediriksə, niyə bizim günümüz getdikcə itin günüə oxşayır axı? Niyə sizin kisələriniz şişdikcə bizim cibimiz boşalıb yetimləşir?  Soruşan yoxdur, dəyirman da öz işindədir. Yaxın tarixdə bunun acı nəticələrini daha dərindən görəcəyik. Ehtiyatını başının altına yığan ara qarışan kimi çıxıb gedəcək,  aldanmış xalq qalacaq quru yurdda zarıya-zarıya. Halımızı anladan bir anekdot var, oxusanız, yerinə düşər. Bəlkə bir nəticə çıxardınız. Bəlkə…

Köhnə zamanlarda yəhudi əsilli bir rus Israilə köçmək qərarına gəlir. Hava limanından çıxışda baqajı yoxlanan zaman paltarlarının arasından Leninin büstünü tapırlar: “Bu nədir?” Yəhudi: “Bu nədir” sualı səhvdir, yoldaş, “bu kimdir?” deməniz lazım idi. Bu Lenindir, sosializmin təməlini atan, rus xalqını ağ günə çıxarandır. Mən də bunu gözəl günlərin xatirəsi kimi yanıma aldım …”. Duyğulanan  rus nəzarətçi: “Yaxşı, gedə bilərsiniz ..”- deyir. Bu dəfə Təl-Əviv hava limanında gömrük məmuru büstü görür və soruşur: “Bu nədir?” Yəhudi: “Bu nədir” sualı səhvdir, rəisim, “bu kimdir?” deməniz lazım idi. Bu Lenindir, bu dəli cani üzündən Rusiyanı tərk etmək məcburiyyətində qaldım! Büstünü yanıma aldım ki, hər gün ona baxıb lənət oxuyum!..” Israilli məmur təsirlənir: “Yaxşı, keçə bilərsiniz…”-deyir. Adam evə gəlir, büstü masanın üstünə qoyur, qohumlarından biri soruşur: “Bu kimdir?” Yəhudi: “Bu kimdir” sualı səhvdir, əzizim! “Bu nədir?” deməyin lazım idi!.. Bu, 10 kiloqramlıq, iyirmi dörd əyarlıq qızıldır, vergisiz, gömrüksüz, üstəlik, ƏDV-siz!!!”