“Bizdən oğurladıqları pulları kommersiya sirri elan edirlər”

gultekin-hacibeyli1Milli Şura üzvü Gültəkin Hacıbəyli Facebook səhifəsində hökumətin Formula-1 yarışlarına xərclədiyi vəsaitin nazir Azad Rəhimov tərəfindən kommersiya sirri adlandırılmasına münasibət bildirib:

“Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, Formula 1 yarışlarına xərclədiyimiz vəsait kommersiya sirridir və onunla bağlı Azərbaycan ictimaiyyətinə məlumat verə bilməz! Ancaq ölkəmiz ən azı beş il dalbadal bu yarışalrı keçirməsə 100 milyon dollar cərimə ödəməliyik! Sizi bilmirəm, bu açıqlamadan sonra mən özümü ən ağır formada təhqir olunmuş hesab edirəm. Dövlət büdcəsindən bu millətə zərrə qədər faydası olmayan ralliyə xərclənən pullar kredit borcunu qaytara bilmədiyi, ailəsinə çörək apara bilmədiyi, pul tapıb müalicə oluna bilmədiyi üçün intihar edən bu bədbəxt millətin halalca puludur! Bizim cibimizdən bizim razılığımız olmadan çıxardıqları, deməli, oğurladıqları pulları necə kommersiya sirri elan edə bilərlər?! Cəriməsi 100 milyon olan yarışların neçə yüzmilyonlara başa gəldiyini və hələ on il ərzində gələcəyini yəqin təsəvvür edirsiniz! Tariximizi, Bakımızı, rahatlığımızı və yüzmilyonlarımızı məhv edəndən sonra bizə hələ qoyduqları minnətə bir baxın! Bu mənasız yarışları bu millətə necə urcah eləmisinizsə, zəhmət çəkib cəriməsini də eləcə ödəyin! O məbləğdə pul, onsuz da, yalnız sizlərdədir, camaat yeməyə çörək tapmır! Bu milləti ələ saldığınız yetər!”