“Azadlıq” sosial mediada günün müzakirələrini işıqlandırmağa davam edir. “Xalq nə düşünür?” rubrikasında bu dəfəki mövzular SOCAR-ın Avropa Çempionatına sponsorluğu və Azərbaycan-Gürcüstan sərhədində külli miqdarda heroinin tutulmasıdır.
SOCAR-ın sponsorluğu
Ötən gün məlum oldu ki, SOCAR “Avro-2016”da reklam olunması üçün təşkilatçılara təxminən 120 milyon manat (70 milyon avro) ödəyib. SOCAR-ın bu addımı sosial media istifadəçiləri tərəfindən heç də yaxşı qarşılanmayıb.
Orxan Baxışlı bu addımı məntiqsiz sayır: “Xarici dövlətlərdən pul dilənib hansısa oyuna, çempionata dəstək vermək heç bir məntiqə sığmır”.
“Adidas, Coca-Cola, Mcdonalds bütün dünya əhalisinə məhsul satır, bunları başa düşdük. Biz nəyi reklam edirik? Nə olacaq ki bu reklamdan sonra?
– Janpyer əzizim, evə gələndə 2 barrel neft alarsan! Amma bax a, SOCAR-ınkı olsun!”, – Davud Məmmədov ironiya edir.
“Millətə qəpik-quruş, oyunlara milyonlar, milyardlar”, – Ceyhun Zakiroğlu qeyd edib.
“Futbola baxmağa həvəs də qoymuyublar. Oyuna həvəslə baxırsan, birdən o tükürpədici reklamı görürsən. Birdən yada düşür ki, biz burda pul tapa bilmirik, bunlar xaricə milyonlar tökür”, – Orxan Mehdiyev mövzunu belə şərh edir.
Emin Maniyev isə yazır ki, “Günəşli” yatağında yanğın zamanı həlak olmuş neftçilərin ailələrinə vəd edilən kompensasiyanı verməyən SOCAR futbol üzrə Avropa çempionatına sponsorluq edir”.
Zamin Talıb düşünür ki, “Ölkə bütün dünyada insan haqlarının pozulduğu, məhkəmə və hüquq sisteminin iflic olması ilə tanınırsa, futbolda 1 stendə 120 milyon manat vermək heç nəyi dəyişdirməyəcək”.
Natiq Cəfərli SOCAR-ın bu addımını absurd adlandıraq bildirir ki, “Neft satmaq üçün nə bilik, nə bacarıq, nə ağıl, nə də reklam lazımdır. Neft satmaq üçün bir şey vacibdir və lazımdır – neftin özü, vəssalam”.
Azad Azərbaycan adl fb istifadəçisi yazır: “Fransadakı ermənilər SOCAR-dan tələb ediblər ki, bu futbol yarışmasının pulunu ödəsin. SOCAR da ermənilərə heç vaxt imtina cavabı vermir”.
“Lazım olsa bir tələbəyə sponsorluq etməzlər, ancaq Londonda bahalı ziyafətə pul xərcləməkdən, Fransaya əlavə pul qazandırmaqdan ötrü ölürlər. Xalq isə hələ bu neft gəlirlərindən qəpik də görməyib. Bir yandan özləri talan edir, digər yandan isə xaricilərə yedizdirirlər”, – Gözəl Bayramlı qeyd edib.
“SOCAR Avropa fubol çempionatına sponsorluq eləməkdənsə, camaatın dollarla kreditində yaranmış probleminə kömək eləsə yaxşı olardı!”, – Azər Azikus adlı fb istifadəçisi yazıb.
“SOCAR bizi ağ qünə çıxartdı, indi qaldı Fransa”, – Fuad Əliyevin isə şərhi belədir.
İlham Şaban hesab edir ki, “SOCAR-ın reklamı ona görə ordadır ki, bu ölkədə ondan savayı “adam arasına” çıxarılası bir brend yoxdur hələ”.
“Bunlar xalqın pulunu dağıtmaqdan həzz alırlar”, – Aydın İsalı belə düşünür.
Hikmət Əliyev yazır ki, “Bir tərəfdən pul dilənirlər, bir tərəfdən də pulları boş mənasız proyektlərə xərcləyirlər”.
“Başa düşmürlər ki, korrupsiya çempionu olduqdan sonra, hansısa çempionata sponsorluq etmək müsbət imic formalaşdıra bilməz”, – İlham Hüseyn mövzuya belə münasibət bildirib.
Heroin qaçaqmalçılığı
Azərbaycandan keçirilən külli miqdarda heroinin Gürcüstan gömrüyündə saxlanılması da sosial şəbəkələrdə günün ən çox müzakirə olunan mövzularından birinə çevrilib. İlkin məlumatlarda narkotikin həcminin 178 kq olduğu bildirilsə də, sonradan aydınlaşıb ki, əslində 213 kq-dır.
“Bilirsiz niyə 178 kilodur, üstündən 2 kilosunu götürüb Qiyasla Bayramın evinə atıblar!”, – Şahvələd Çobanoğlu belə yazıb.
Cəmil Camal yazır ki, “Namuslu insanların cibinə 3-4 qram ataraq şərləyib həbs edənlər 178 kq narkotik maddə ilə tutuldular”.
“1 kq artıq xurma keçirməyə imkan verməyənlər bunu necə görməyə bilərlər?”, – Hamil Nurullayev belə düşünür.
“Zato” bizdə gömrük generallarının sayı onlarınkından 10 dəfə çoxdur”, – Vahid Məhərrəmov qeyd edib.
Emil Əliyev yazıb ki, “Camaatın çantasında 2 kq kartofu o an görürlər, amma 178 kq heroini görə bilmirlər”.
Zəfər Hüseynov gömrük işçilərimizin qeyri-peşəkar olduğunu deyir: “Hökumət peşəkarları işdən qovur, qeyri peşəkarları isə işdə saxlayır. Onun üçün bizimkilər tapa bilmir”.
“Görəsən kimlər sifariş etmişdi keçməsinə?”, – Ali Rzaoğlu bildirib.
Elnur Ramazanov Aydın Əliyevin açıqlamasını yada salır: “Aydın müəllim gömrüklə bağlı açıqlama vermişdi ki, gömrük işçiləri qanuni işləyir, vətəndaşlar sərhəd keçid məntəqəsində dava salırlar və s. Bəs buna nə deyəcək görəsən?”
Fəridə Fərid yazır ki, “Camaatın əlindən 1-2 blok siqareti qışqırda-qışqırda alan gömrük işçiləri kor qalıb bu boyda yükü görmür?”
“Bir halda ki, yük maşını 213 kiloqram heroinlə Azərbaycan sərhədini iki dəfə (İrandan ölkəyə və ölkədən Gürcüstana) keçib və həmin heroini “görən olmayıb”, deməli, belə lazım imiş də. Bu necə qonşuluqdur, necə strateji partnyorluqdur ki, bizim buraxdığımız malı bunlar saxlayır?”, – Əli Kərimli fikrini ironiya ilə bildirir.
“Azərbaycan artıq dünyada “narkotranzit ölkəsi” adını alıb”, – Layiq Xudiyev belə düşünür.
Asya Məmmədova istehza edərək yazır ki, “Bizim analoqsuz inkişafımızı gürcülərin gözü götürmür. Qeyri-neft sektorumuzu inkişaf etdirməyə qoymurlar”.
“Bəlkə dünya okeanındakı adalardan birini alıb gürcüləri ora köçürək ki, bizə mane olmasınlar?”, – Adil Hacıyev qeyd edib.
“Necə olur ki, Qiyas İbrahimin evindən 3 kq heroini “aşkarlayırlar”, amma İrandan Azərbaycana girib sonra Gürcüstana keçən 213 kiloqram heroini tuta bilmirlər?”, – Natiq Cavadlı sual edir.