Qətlə yetirilmiş jurnalist Elmar Hüseynov yad olundu
Yeddi il əvvəl martın 2-də yaşadığı mənzilin önündə killerlərin amansızlıqla qətlə yetirdiyi “Monitor” jurnalının qurucusu və baş redaktoru Elmar Hüseynov dünən anıldı. Anım mərasimi saat 12.00-da jurnalistin 2-ci Fəxri Xiyabandakı məzarını ziyarət etməklə başladı.
Fəxri Xiyabana Elmarı yad etməyə gələnlər arasında onun qələm dostları, İctimai Palatada təmsil olunan siyasətçilər, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və ABŞ səfirliyinin əməkdaşları vardı. “Azad Gənclik” Təşkilatının bir qrup üzvü jurnalistin qətlə yetirilməsinə və ötən yeddi ildə cinayətkarların cəzalandırılmamasına etiraz əlaməti olaraq, anım mərasiminə ağızlarını kağızla bağlayaraq qatılmışdılar.

Üz qarası
Elmarın məzarı başında ziyarətçilər ənənəvi olaraq, qısa çıxışlar etdilər.
“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verdi ki, bu anım tədbirini heç kim xüsusi olaraq, təşkil etməyib, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) “Facebook” və digər sosial şəbəkələrdə dəvət yayıb, Elmarın adını görən hər kəs ona qoşulub: “Elmarla bağlı olan tədbirlərə hər kəs öz qəlbinin səsinlə qatılır. Dəvətsiz! Nəsillər dəyişdikcə Elmarın məzarını ziyarət edənlərin tərkibi daha da gəncləşir”.
Şahbaz Xuduoğlu bir daha Elmarın qətlinin siyasi motivli olduğunu vurğuladı: “Ötən 7 ildə bu cinayətin üstünün açılmaması hüquq-mühafizə orqanlarının üz qarasıdır və Azərbaycan dövləti üzərində böyük ləkədir!”.


“Elmarın yeri indi daha çox görünür”
Müsavat başqanı İsa Qəmbər Elmar Hüseynovun qətlinə görə qara ləkənin İlham Əliyev hakimiyyəti üzərində qaldığını bildirdi. O dedi ki, Elmar Hüseynovun yeri indi daha çox görünür: “Yəqin ki, Quba hadisələrinə indi ən dəqiq təhlili, onun səbəblərini, hakimiyyətin əzazil mahiyyətini Elmardan başqa heç kim yaxşı verə bilməzdi”.
Qatillərin və cinayətin sifarişçilərinin hələ də azadlıqda sərbəst gəzməsini şərh edən Müsavat başqanı bildirdi ki, bu, siyasi iradənin olmamasından irəli gəlir. Bununla belə, İsa Qəmbər günahkarların tezliklə cəzalandırılacağına inamını ifadə etdi.


Qətlin məsuliyyəti Əliyev hakimiyyətinin üzərindədir
AXCP sədri Əli Kərimli də çıxışında qətlin məsuliyyətinin İlham Əliyev hakimiyyətinin üzərində qaldığını vurğuladı. Elmarın ölümündən sonra İlham Əliyevin səsləndirdiyi “baxmaq lazımdır ki, bu qətl kimə lazımdır?” fikrini yada salan Əli Kərimlinin sözlərinə görə, 2005-ci ildən sonra satın alınan qəzetlər, döyülən, bıçaqlanan, daxili senzuraya, mühacirət etməyə məcbur olan jurnalistlərin aqibəti Elmarın qətlinin kimə lazım olduğunu göstərir: “Ötən 7 ildə biz həm də onu öyrəndik ki, hansı cinayətin açılmasını İlham Əliyev öz nəzarətinə götürürsə, o cinayətlər açılmır”.


O, sipər oldu…
AXCP sədri onu da əlavə etdi ki, Elmar Hüseynovun qətlindən sonra ölkədə silsilə qətllər planlaşdırılıbmış: “Elmar sanki qabağa düşüb digərlərini qorudu. Ona verilən dəstək hələlik bizləri qoruya bilib”.
Əli Kərimli bildirdi ki, Elmar Hüseynovu fiziki cəhətdən öldürənlər onun ideyalarını öldürə bilməyiblər. Çünki bu ideyalar azadlıq ideyalarına bağlıdır. Dəyişən dünyada indi tirajları milyonu ötən media və televiziyalar da məhz Elmar Hüseynov kimi Əliyevlərin korrupsiyasını ifşa edir.


Qatil bəllidir!
AXCP sədrinin fikrincə, əslində, Elmar Hüseynovun qətlilə bağlı cinayət işini bitmiş saymaq olar. Çünki qətlin səbəbi və onun törədənlər bəllidir, yerdə qalan məsələ bu faktı məhkəmə hökmlərilə təsdiqləməkdir. Bu isə Azərbaycanda əsaslı dəyişikliklərdən sonra reallaşacaq: “Dünyada baş verən dəyişikliklər bizdən də yan keçməyəcək. O dəyişikliklərdən sonra qatillər məhkəmə qarşısında dayanıb öz cəzalarını alacaqlar. Biz Elmarın qanını yerdə qoymayacağıq”.



Susmayaq
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid gənclərin Elmarı böyük tərkibdə anmasını yüksək qiymətləndirərək onların ağızbağlama aksiyasına etirazını bildirdi. O dedi ki, indi Azərbaycanda ağzı bağlanılası, sözü olmayan insanlar hakimiyyətdədir: “Biz danışmalıyıq, çünki bizim sözümüz çoxdur”.
Elmarın məqalələri yenidən oxunmalıdır
Gənclər adından çıxış edən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı təklif etdi ki, Elmarın yazdığı bütün məqalələr Azərbaycan dilinə tərcümə olunub yenidən çap edilsin. Bundan başqa, Elmarın yazıları ətrafında müzakirələrin keçirilməsi təklifi də irəli sürüldü.
Natiq



