Indiyəcən təkrar-təkrar dediyimiz sözləri Quba hadisələrindən sonra bir daha bu hakimiyyətə ünvanlamaq istəmirik. Qubalılar bunu daha yaxşı dedi. Haqsızlığın, xalqı əzməyin, talanın cavabı olacaq. Bütün ölkənin Kür daşqını kimi kükrəməsi yalnız arzu deyil, gözlənilən bir reallıqdır. Çünki bütün ölkəni Rauf Həbibov kimi insanlar idarə edir.
Həm də ona görə ki, əzici rejimlərin, diktaturaların qənimi olan yeni dövr gəlib. Biz buna Internet dövrü deyirik. Amma bu, qabağındakı kompyuterlə internetə qoşulmaq kimi başa düşülməməlidir. Bu, azadlıqların yeni erasıdır. Yeni imkanlardır.
Quba hadisələri də oğru və əxlaqsız idarəçinin sözlərinin Internetdən yayılması ilə başladı. Adamlar bildi, əlaqələndi və öz sözünü dedi. Insanların hərəkətə gəlməsində Internetin rolu inkar edilə bilməz. Əslində, biz Internet dövrünün gücünü bir daha gördük – artıq Misirdə yox, özümüzdə.
Internetin bu gücü haradandır? Bu işin də öz peyğəmbəri var, dostlar! Internetə azadlıq iksiri qatan insan məşhur portalların, vebplatformaların, şəbəkələrin yaradıcılarından deyil. O, internetdə WEB2 mərhələsini başlayan Tim O´Reyllidir. WEB2 sözü sizi çaşdırmasın, texniki anlayış deyil, nə də proqram adı deyil. Son inqilablar da sübut etdi, sosial mediada yayılan bir videodan sonra ortaya çıxan Quba hadisələri də göstərdi ki, o, Yeni Ictimai Dalğadır. Elə bu anlayışın müəllifi də 1954-cü il Irlandiya doğumlu Tim O´Reyllidir. Onun 2005-ci ildə dərc olunan yazısı belə adlanırdı: “WEB2 nədir?”
Hər şey də bundan başladı. Tim doğrudan da peyğəmbərlik etdi, o, bu terminlə WEB aləmində yeni bir dalğa yaratmağa nail oldu. Daha öncəki dövrdə açıq kodlu (yəni hər kəsin istifadə edə biləcəyi) proqramlar üçün mübarizə aparan bir hərəkatın öncüllərindən olan Tim O´Reylli WEB2 anlayışı ilə yeni mübarizə hədəfi göstərdi. Hər kəs yaza biləcək! Hər kəs danışa biləcək! Hər kəs əlavə edə biləcək! Hər kəs video və foto çəkəcək! Yalnız sahibləri, idarəçiləri və redaktorları tərəfindən yaradılan media dövrü arxada qalır və istifadəçilər də saytların yenilənməsində iştirak edir, hər kəsin öz saytı ilə çıxış edə bildiyi WEB2 dövrü başlayır. Bloqlar yaranır hər yanda. Ardınca da sosial şəbəkələr gəlir…
Azadlığın yeni hüdudlarını cızan Timin gümanları doğruldu. O, dünyanı dəyişdi. Maks Veberin izlədiyi sosial toplum arxada qaldı. Yeni sosiallaşma başladı. Şəxsən bu insan haqqında yazmaqdan yorulmuram. Amma bu yazılar həm də onun hər kəsə bəxş etmək istədiyi imkanlardan istifadə etməyə çağırışdır. Buyurun, yazın, foto və video çəkin, həqiqətlərinizi bölüşün, etiraz edin, müdafiə edin.
Internet sizə yeni imkanlar, yeni azadlıqlar verə bilir. Ona vaxt sərf etməyin düzgün olub-olmadığını dartışanlara fikir verməyin. Fürsəti əldən verməyin, lazımlı anları çəkməyi, qeyd etməyi, yazmağı vazkeçilməz vəzifənizə çevirin. Bu, sizə və ölkənizə əvəzsiz xidmətdir.
Internet təkcə paylaşma deyil. O, kollektiv ağıla, kollektiv mövcudluğa, ünsiyyətə böyük bir inam yaradır, güc yaradır, olduqca da faydalıdır. Istifadə etmək də çətin deyil. Hər kəsin bacaracağı, zövq alacağı bir işdir.
Internet kəsilsə…
Bunun perspektivi yoxdur artıq. Çünki əks halda xəbərlər, videolar, fotolar mobil rabitə ilə, bu da olmadıqda CD-lərlə, Bluetoothlarla yayılacaq. Internet artıq xəbərləşmənin fərqli medialar dövrünü və yeni tərzini yaradıb. Yeni dövrdür.

Quba olaylarında yada düşən Tim O’Reylli nə deyirdi?
•