Üç dindar həbsdən buraxıldı

Həsən Məmmədov: «Dindarın xuliqanlıq etdiyini iddia etmək absurddur»

16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dindarlardan üçü dünən azadlığa buraxılıb. Onlardan ikisi – Tərlan Ismayılov və Mais Abdullayev 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyası zamanı saxlanılmışdı. Ilahiyyatçı Həsən Məmmədov isə 2010-cu ilin dekabrında Cəlilabadda aşura mərasimi zamanı həbs olunmuşdu.
“Media forum”un məlumatına görə, hər üç dindar cəzalarının çəkilməmiş hissələrindən vaxtından əvvəl azad olunub. T.Ismayılov və M.Abdullayev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. H.Məmmədov isə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə həbs cəzası almışdı. Lakin bu ilin yanvar ayında Ali Məhkəmə ilahiyyatçının cəzasını 2 il müddətinə azaltmışdı. Bu yaxınlarda dindarlar Nurani Məmmədovunÿ(2 il iş alıb), Rüfət Miriyevin (2 il) və Rəşad Vəliquliyevin (1 il 6 ay) cəzalarının çəkilməmiş hissələrindən vaxtından əvvəl azad edilməsi gözlənilir.
Qəzetimizə açıqlamasında Həsən Məmmədov azadlığa vaxtından təxminən 10 ay əvvəl buraxıldığını, özünün və digər dindarların həbsinin qanunsuz olduğunu bildirib: “Vaxtından əvvəl azad olunmaq üçün müraciət etdik, baxdılar və nəticə müsbət oldu. Yəqin ki, cəza çəkdiyim müddətdə nümunəvi dustaq olmağım, rejim qaydalarını pozmamağım də nəzərə alınıb. Bundan əvvəl də azadlığa buraxılmağım üçün cəhdlər olmuşdu. Görünür, Allahın razılığı indiki məqam üçün imiş. Hazırda 16-cı kalonda bir neçə dindar məhbus qalıb. Onları üçdə-birə vaxtları çatmadığı üçün müraciət etməyiblər. Hicab məhbuslarından Nurani Məmmədov isə bugünlərdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək. Sözsüz ki, bizim həbsimiz qanunsuz idi. Dindar xuliqanlıq edə bilər? Dindarın dilindən söyüş çıxar? Bunu iddia etməyin özü absurddur. Biz sadəcə olaraq haqqı demişik”.
H.Əliyev 16 saylı kalonda saxlanma şəraitindən və münasibətdən narazı olmadığını da bildirdi: “Bizə əvvəldən axıradək münasibət yaxşı oldu. Saxlanma şəraitimiz də başqa ağır kalonlarla müqayisədə yaxşı idi”.