Hakimiyyətin idman imitasiyası

rio-2016Korrupsiya bu sahəni də əcnəbilərdən asılı vəziyyətə salıb

Zaman göstərdi ki, Azərbaycan hakimiyyəti heç bir sahədə uğur əldə edə bilməyib. Təhsil, səhiyyə, iqtisadiyyat, hüquq sistemi və digər sahələr iflic vəziyyətə düşüb. Hakimiyyətin öyündüyü əsas sahə isə idman sahəsi olub. Gecə-gündüz rəsmi təbliğat idmana qayğıdan, Azərbyacanın dünyada idman ölkəsi kimi tanınmasından söhbət açıb. Hətta bütün rayonlarda idman kompleksləri tikilib, ölkəmiz idman yarışlarına ev sahibliyi edib və s. Qısası, idmanın inkişafına milyardlar xərclənib, ölkəyə gələn qızıl, gümüş medalların sayı açıqlanıb və hər bir idman səhasinin inkişafı bir məmura tapşırılıb.

Amma real vəziyyət onu göstərir ki, hakimiyyətin idman siyasəti də iflasa uğrayıb. Bu sahə də korrupsiyanın, səriştəsizliyin qurbanına çevrilib. Rio de Janeyroda keçiriləcək olimpiadaya vəsiqə qazanan idmançılarımızın siyahısına baxdıqda idman təbliğatının imitasiya olduğu aydın şəkildə görünür. Yana Alekseyevna (boks Ukraina), Skida Hanna (yüngül atletika, Ukrayna), Hayle Ibrahimov (atletika, Həbəşistan), Aleksandr Aleksandrov (avarçəkmə, Bolqarıstan), Boris Yotov (avarçəkmə, Bolqarıstan), Valentin Demyanenko (bir nəfərlik qayıq, Ukrayna), Yure Meqliç (avarçəkmə, Sloveniya), Inna Osipenko-Radomskaya (avarçəkmə, Ukrayna), Sabah Şəriəti (güləş, Iran), Saman Təhmasibi (güləş, Iran), Mariya Stadnik (güləş, Ukrayna), Anjela Doroqan (güləş, Moldova), Yuliya Ratkeviç (güləş, Belarus), Məhəmmədhacı Xatiev (güləş, Rusiya), Xetaq Qazyumov (güləş, Rusiya), Cəmaləddin Məhəmmədov (güləş, Rusiya), Marina Durunda (gimnastika, Ukrayna), Oleq Stepko (gimnastika, Ukrayna), Petro Paxnyuk (gimnastika, Ukrayna), Radik Isaev (taekvando, Rusiya), Milad Beiqi Harçeqani (taekvando, Iran), Patimat Abakarova (taekvando, Rusiya), Olqa Ismayılova (velosiped, Belarus), Maksim Şemberev (üzgüçülük, Ukrayna) Rostislav Pevstsov (triatlon, Ukrayna), Olqa Senyuk (oxatma, Ukrayna).

Bəli, bu adamlar olimpiadada Azrbaycanı təmsil edəcəklər. Kimlərsə bizi irqi ayrıseçkilikdə, tolerant olmamaqda qınaya bilər. Amma görünən kəndə bələdçi lazım deyil. Idman sahəsinə bu qədər milyardlar xərclənibsə, niyə beynəlxalq yarışlarda Əliləri, Vəliləri, Əhmədləri, Məmmədləri görmürük? Hanı uğurlu udman siyasətinin ortaya çıxardığı milli idmançılar?  Faktiki olaraq idmanımız legionerlərdən asılı vəziyyətdədir. Deməli, hökumət idmançı yetişdirməyə yox, pulla idmançı almağa üstünlük verib. Çünki, idmançı yetişdirmək çətin, məsuliyyətli, illər tələb edən məşğuliyyətdi. Idmançı yetişdirmək üçün istək, milli ruh olmalıdır. Bizim hökumətimiz isə bu sahədə də görüntü yaratmaqla məşğul olub. Məqsəd ölkəyə qızıl medallar gətirmək və bunu “uğurlu siyasətin nəticəsi” kimi təqdim etmək olub.

Xatırladaq ki, millət vəkili Mehriban Əliyeva Gimnastika Federasiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundov Atıcılıq Federasiyasının, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov Qılıncoynatma Federasiyasının, AZAL-ın rəhbəri Cahangir Əsgərov Ağır Ateltika Federasiyasının, spiker Oqtay Əsədov Tennis Federasiyasının, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev AFFA-nın, Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ekstremal Idman Növləri Federasiyasının, Nəqliyyat naziri Ziya Məmmədov Voleybol Federasiyasının, oğlu Anar Məmmədov Qolf Federasiyasının, vergilər naziri Fazil Məmmədov həm Otüstü Xokkey Federasiyasının, həm Güləş Federasiyasının, həm də Velosiped Idmanı Federasiyasının, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə həm Boks Federasiyasının, həm də Taekvondo Federasiyasının, təhsil naziri Mikayıl Cabbarov Badminton Federasiyasının prezidentidir.

Yəni, bu idman sahələrinin inkişafı, bu sahə üzrə idmançıların yetişdirilməsi bu şəxslərə tapşırılıb. Guya, bu şəxslərə idman sahələrin həvalə edilməsi, həmin sahələrdə maddi ehtiyaclara son qoymalı, idmançılara geniş imkanlar yaratmalıydı. Amma göründüyü kimi bu adamlar öz sahələrini  necə yarıdıblarsa, idman sahəsini də elə yarıdıblar. Bir daha bu qənaətə gəlirik ki, idman sahəsi də çirkli pulların yeyildiyi məkana çevrilib və məmurlar özlərini yetişdirməklə kifayətləniblər. Fakt budur ki, hökumətin öyündüyü idman sahəsi, əslində ən bərbad vəziyyətdə olan sahədir. Hətta idmanın real inkişafı üçün də qətiyyət, siyasi iradə çatmayıb. Kartofu xaricdən aldığımız kimi, idmançını da xaricdən alırıq.

Samir