Elman Rüstəmov manatı qoruya bilərdimi?

elman_rustemov

Keçmiş maliyyə naziri Mərkəzi Bankın rəhbərinə ağır ittihamlar irəli sürdü

Nemət Əliyev: «Azərbaycan dövləti elə qurulub ki, Ilham Əliyevin göstərişi olmadan devalvasiya qərarı qəbul edilə bilməzdi»

Sabiq maliyyə naziri Fikrət Yusifov iki devalvasiya qərarı ilə bağlı maraqlı mövqe sərgiləyib. Baş verənlərə görə Mərkəzi Bankı tənqid edən F.Yusifov vurğulayıb ki, fevral devalvasiyası zamanı düzgün qərar verilsəydi 10 milyard dollar boş yerinə xərclənməzdi: “Mütəxəssis kimi Mərkəzi Bankın bu istiqamətdə apardığı siyasətlərdən xeyli narazı qaldım və onu çox ciddi şəkildə tənqid etdim.

fikret-yusifov

Yazılarımın birində qeyd etmişdim ki, bir ilin içərisində 10 milyard dollara qədər rezervi ”əridib” manatı iki kəskin devalvasiyadan qoruya bilməmək Mərkəzi Bankın yaranmış şəraitə uyğun qeyri-çevik və qeyri-peşəkar hərəkətlərinin nəticəsidir. Nəyə görə biz 10 milyardı itirməliydik? ÿYaxşı, deyək ki, birinci devalvasiya baş verəndə panika yarandı, müxtəlif xoşagəlməz və gözlənilməz təsirlər oldu, kimlərsə fürsətdən istifadə edib məkrli oyunlar oynadı, bəs, niyə biz dərhal üzən məzənnəyə keçmədik, ikinci daha ağır devalvasiya yaranana qədər manatın kursunu inzibati yolla sabit saxlamaq siyasətini davam etdirdik? Bu addımı vaxtında atsaydıq, ikinci devalvasiya baş verməyəcək, həyata keçirilən üzən məzənnə siyasəti nəticəsində manat öz həqiqi dəyərini tapıb sabit qalacaqdı. Milli Bankın bu qədər rezervi də əriməyəcəkdi. Buna görə də Milli Bank çevik siyasət yürütməyi bacarmalıdır”.

Maliyyə naziri Samir Şərifovun mövqeyi ilə səsləşən bu yanaşma nəyin təzahürüdür? MB-nin bu tip qərar verməkdə müstəqil olmadığı məlum məsələdir.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev bildirdi ki, açıqlamadan belə görünür ki, F.Yusifovun E.Rüstəmovla şəxsi zəmində konflikti var. Diqqəti məqsədyönlü şəkildə E.Rüstəmovun üzərinə yönəldilməsinin hazırkı məqamda təsadüfi olmadığını deyən N.Əliyev bildirdi ki, MB-nin rəhbəri kimi E.Rüstəmovun səhvi bağışlanmazdır: “Qanuna görə, Azərbaycanda pul-kredit siyasətini yürüdərkən Mərkəzi Bank tam sərbəstdir. Əgər E.Rüstəmov hesab edirdisə ki, verdiyi qərar səhvdir ya onu verməyəydi, ya da tərədüdləri var idisə, bunu ictimaiyyətə açıqlayaraq, istefa verə bilərdi. Elman Rüstəmov bunun heç birini etmədi və şənbə günü əlinin altında olan bankirləri başına yığdı və təhlükəli qərara imza atdılar. Əhaliyə, sahibkarlara böyük zərbə vurdular, bank sektorunu iflic etdilər. Amma bu qərara göstəriş verə dövlət başçısı olub. Çünki həmin qərar veriləndən bir gün sonra Ilham Əliyev özü etiraf etdi ki, 500 milyon dollar əllərindən getdiyindən devalvasiya qərarı verməyə məcbur olduq”.

N.Əliyevin sözlərinə görə, Azərbaycan dövləti elə qurulub ki, I.Əliyevin göstərişi olmadan bu tip qərar qəbul edilə bilməzdi. Ona görə Mərkəzi Bankın valyuta ehtiyatlarının əldən çıxmasını konkret olaraq E.Rüstəmovla bağlamaq yanlışdır. “Əlbəttə Mərkəzi Bankın ciddi səhvləri olub. Yüksək faizli kreditlərin verilməysiylə bank sektoru sonda ciddi ziyan çəkdi. Ölkənin yeridilən pul-kredit siyasəti ölkənin iqtisadiyyatına xeyir vermədi, əhalinin gəlirlərini artırmadı. Amma bu siyasət ayrıca yox, bütövlükdə dövlətin yürütdüyü siyasətin tərkib hissəsi olub”, deyə N.Əliyev vurğuladı.

Xəyal