Dindarların vəkili Gəncədə təzyiqə məruz qaldı

Polis rəisi Rasim Musayev Nemət Kərimliyə nə tövsiyə edib?

Gəncədə ötən ay həbs edilən və barələrində 220.3-cü maddə ilə cinayət işi başlanan dindarlar Asəf Əliyevlə, Ilham Ələkbərovun vəkili Nemət Kərimli təzyiqlərə məruz qalıb. Bu barədə qəzetimizə vəkilin özü məlumat verib. Onun sözlərinə görə, dünən müdafiə etdiyi şəxslərin işi ilə bağlı Gəncə şəhər Polis Idarəsinə gedib.
Ilham Ələkbərovun cinayət işini aparan müstəntiq Füzuli Şıxıyev əvvəlcə onu qəbul etməyib. “Mənə dedi ki, generalın – polis rəisi Rasim Musayevin qəbuluna gedirəm. Daha sonra isə məndən müdafiə ilə bağlı müqavilənin surətini istədi. Mən müstəntiqə izah etdim ki, onun belə bir hüququ yoxdur. Bu halda Füzuli Şıxıyev məni hədələyərək dedi ki, sən bunları müdafiə etməməlisən, yoxsa özünü də həbs edərəm. Daha sonra bir neçə nəfər üzərimə yürüyüb hay-küy saldılar. Mən çölə çıxmağa məcbur oldum. Bir qədər keçdikdən sonra Füzuli Şıxıyev və Asəf Əliyevin işini aparan   müstəntiq Elçin Əzizov mənə eyni məzmunda məktub təqdim etdi. Həmin məktubda faktiki olaraq Asəf Əliyevlə Ilham Ələkbərovu müdafiə etmək hüququndan məhrum edilirdim. Mən onlara bütün bunların qanunsuz olduğunu desəm də, heç bir nəticəsi olmadı”.
Nemət Kərimli bildirib ki, o rəis Rasim Musayevin də qəbulunda olub. General vəkilə özünəməxsus şəkildə tövsiyə verib: “Rasim Musayev mənə dedi ki, atamın qəbri Vedidədir. Sən bu adamları müdafiə etməkdənsə get həmin qəbrin şəklini çəkib beynəlxalq təşkilatlara təqdim elə. Daha sonra da əlavə elədi ki, ağıllı olum”.