Azərbaycan İrana qarşı sanksiyalara qoşulub?

Zahid Oruc: «Azərbaycan Qərbin yanında yer almalıdır və Irana qarşı addımları müdafiə etməlidir»

Azərbaycanla Iran arasında münasibətlərin gərgin olduğu bir dönəmdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon diqqətçəkən açıqlama ilə çıxış edib. O, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın Irana qarşı beynəlxalq sanksiyaların həyata keçirilməsi ilə bağlı qərarların qəbulunda rol oynadığını deyib. Maraqlıdır ki, bu vaxta qədər rəsmi Bakı bununla bağlı heç bir açıqlama yaymayıb. Bununla belə, Filip Qordonun səsləndirdiyi fikirlər hakimiyyətə yaxın dairələrdə müsbət qarşılanıb.
Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Oruc deyilənlərin həqiqət olmasını istəyir. Çünki ötən dövrlərdə Azərbaycanın Irana yönəlmiş siyasətində fərqli soyuqqanlılıq, ehtiyatlılıq, qonşuluq prinsiplərinin qorunması naminə atılan addımlar qəbul olunan idi və bu, ölkənin xarici siyasət maraqlarımıza tamamilə uyğun idi. O dövrdə antiIran blokunda fəal şəkildə yer almaqla, hətta bu mübarizənin forpostu olmaqla Qərbin, ilk növbədə Azərbaycan xalqının təhlükəsizliyi üçün çox ciddi problemlərə yol açılardı. Lakin son dövrlər siyasət dəyişib. Bunun da bəlli səbəbləri var.
Millət vəkilinin fikrincə, Iranın nüvə silahı əldə etmək yolunda fəaliyyətini gücləndirməsi bölgədə riskləri artırır, onun beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan siyasəti isə bir az da cilovlanmaz olur. Bu fonda beynəlxalq aləmin reaksiyaları, yaxud sanksiya rejimi sərt şəkildə işə düşüb: “Əslində çox arzulayıram ki, Azərbaycan bu sanksiya rejiminin tərəfdarlarından olduğu kimi, eyni zamanda əməli səviyyədə ona qoşulanlardan biri olsun. Hərbi bloka qoşulmağın tərəfdarı deyiləm, amma iqtisadi blok sanksiya rejimlərində iştirakımızın birmənalı tərəfdarıyam”.
Z.Orucun sözlərinə görə, Iranın beynəlxalq aləmin təzyiqləri fonunda isterik şəkildə Azərbaycan qarışıq hər yerdə düşmən axtarışı ölkəmizin maraqlarına zərbə vurur. Bir-birinin ardınca son dövrlər verilən notalar sübut edir ki, Iranın dini və siyasi elitası normal qərar qəbul etmək imkanlarını tamamilə itirib. Bu fonda Azərbaycan Qərbin yanında yer almalıdır və Irana qarşı onu normal müstəviyə gətirəcək addımları müdafiə etməlidir.

Fizzə