Mühafizə xidmətinin sabiq əməkdaşları ilə Vaqif Axundov arasında savaş davam edir
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları Asəf Lətifovla Seymur Əlicanovun qurumun rəhbəri general-polkovnik Vaqif Axundova qarşı hüquqi mübarizəsi davam edir.
Fevralın 24-də Seymur Əlicanovun işə bərpa tələbilə bağlı iddiasına baxılıb. Hakim iddianı təmin etməyib. Seymur Əlicanov qərardan apelyasiya şikayəti verib.
Dünən isə Asəf Lətifovun apelyasiya şikayətinə baxılıb. Qeyd edək ki, Asəf Lətifov da işə bərpa tələbilə Vaqif Axundovu məhkəməyə vermişdi. Lakin birinci instansiya sifariş əsasında onun iddiasını təmin etməmişdi. Asəf Lətifov “Azadlıq”a bildirib ki, eyni qanunsuzluq Apelyasiya Məhkəməsində də baş verib: “Təsəvvür edin, hakim Ilham Əsədov heç işə baxmadan birinci instansiyanın qərarını qüvvədə saxladı. Mən buna etiraz etdim. Hakimə bildirdim ki, əgər prosesi bu cür aparacaqdısa, bizim burada nə işimiz var. Qərarı çıxarıb birbaşa evimə göndərərdi. Hakim isə bildirdi ki, mənim ürəyim belə istəyir. Açıq-aydın görünürdü ki, hakim sifariş yerinə yetirir”.
Asəf Lətifov bildirib ki, bununla belə mübarizəsini davam etdirəcək: “Mən sona qədər mübarizəmi aparacam. Artıq Ali Məhkəməyə kassasiya şikayəti hazırdır. Əgər Ali Məhkəmə də bu qanunsuzluğu davam etdirsə, o halda Avropa Məhkəməsinə müraciət edəcəm. Vaqif Axundov bilməlidir ki, Azərbaycan məhkəmələri onun sifarişlərini yerinə yetirə bilər, lakin Avropa Məhkəməsində bu, keçməyəcək. Mən bu məsələdə tam haqlı olduğumdan əminəm, ona görə də inanıram ki, sonda qalib gələcəm”.
Oxucuların diqqətinə çatdıraq ki, Asəf Lətifov 17 il XDMX-nin Betta qurupunda çalışıb. Baş leytenantdır. Göstərdiyi xidmətə görə dəfələrlə müxtəlif orden və medallarla, fəxri fərmanlarla təltif olunub. Lakin ötən il Vaqif Axundovun əmrilə heç bir əsas olmadan işdən azad edilib. Əmrdə Asəf Lətifovun işdən azad edilməsi xidməti uyğunsuzluqla əsaslandırılıb. Baş leytenant isə bunun cəfəngiyyat olduğunu bildirir: “Mən xidmətə uyğun adam deyildimsə bəs niyə təltif olunurdum? Necə ola bilər ki, 17 il uyğun olmuşam, amma indi yox? Vaqif Axundov məni MTN-ə işləməkdə suçlayıb. Görünür, bu adamın hansısa qaranlıq əməlləri var, ona görə də hamıya agent kimi baxır”.
Azad


