elnurastanbeyli@gmail.com
Yadınızdadırsa, təzəlikcə Bakıdakı tarixi abidələrin vandalcasına sökülməsinə Memarlar Ittifaqı adlı sovetdənqalma qurumun sözçüsü necə “bəraət” qazandırmışdı”! Demişdi, “həmin abidələr ona görə sökülür ki, köhnəliblər”. “Arqument”i görürsünüz də! Bu cənabın ağlına görə, tarixi abidə qəttəzə olmalıdır, necə deyərlər, “istehsal tarixinə” görə məmur balalarınının mindiyi son model “CIP”lərdən fərqlənməməlidir. Adamın əli üzündə qalır: görün, ölkə necə adamların ümidinə qalıb! Görün Azərbaycanda kimlər at oynadır, meydan sulayır.
Dəhşətdir. Vallahi də dəhşətdir, billahi də dəhşətdir.
Nə isə. Bu öz yerində. Indi yazmaq istədiyimiz başqadır: yenə təzəlikcə Ilham Əliyev hardasa həmin tarixi abidələrlə yaşıd olan xalqsız xalq şairlərindən birinə “yüksək dövlət mükafatı” təqdim elədi. Soruşmaq gərəkdir: niyə hansısa tarixi abidə “köhnəlib” deyə sökülür, buldozer ağzına fərqlənir, amma az qala onunla yaşıd olan bir xalqsız xalq şairi belə təmtəraq və təntənə ilə ödülləndirilir…
Cavab aydındır: bu recim öz gücünü psevdobeyinlərdən, psevdoqələmlərdən alır. Bəli, neft pulları sistemə administrativ baxımdan güclənmək, özünü qüdrətli göstərmək üçün böyük imkanlar yaratdı. Kimi ki, hətta zopa gücünə sındıra bilməmişdilər, onları pulla satın aldılar. Pulun təntənəsi çoxlarının gözlərini qamaşdırdı, onların arasında nə vaxtsa həqiqəti yalana, haqqı nahaqqa qurban verəcəyi ağlımızın ucundan belə keçməyəcək adamlar vardı. Mənəvi olan hər şey dəyərsizləşdirildi, maddiyyat hər şeyin önünə keçdi. Məlum oldu ki, “qarının qardaşdan irəli ola biləcəyini” təxmin edən qədim müdriklər heç də haqsız deyillərmiş.
Bu öz yerində.
Amma bu rejimi ayaqda saxlayan ən önəmli səbəblərin başında məhz yuxarıda haqqında ötəri bəhs etdiyimiz psevdobeyinlər, psevdoqələmlər dayanır. Konkretləşdirək: söhbət kimlərdən gedir?
Söhbət o zatlardan gedir ki, onlar bütün varlıqları ilə köhnəliyə bağlıdırlar. Onlar düşüncə etibarilə geriçiliyi ifadə və müdafiə edirlər.
Onlar hər cür dəyişimə, yeniləşməyə qarşıdırlar, bir sözlə, tarixiliklə köhnəliyi zorən eyniləşdirərək özləri üçün mədət umurlar.
Siz sovetdənqalma belə tiplərin yazdıqlarını diqqətlə oxuyub danışdıqlarına yaxşı qulaq asmısınızmı? Yox! Elə isə belələrini sizin üçün qısaca da olsa özətləyim: bunlar bütün varlıqları ilə çağdaşlığa nifrət etdiklərini biruzə verirlər. Bunlar hesab edirlər ki, yaxşı nə baş veribsə, keçmişdə baş verib, yaşadığımız zəmanənin isə tamam zayı çıxıb, məsələn, guya indiki gənclər tamam korlanıblar, internet ancaq əxlaqsızlıq deməkdir, “hanı əski Ramazanlar”-zad. Bunlar hesab edirlər ki, ən azı bu sadalananlara görə, biz üzümüzü ancaq geriyə çevirməli, “milli-mənəvi dəyərlərdən” ikiəlli yapışmalı, hər cür arxaik görsənişlə öyünməli, bu günlə və gələcəklə bağlı bütün bağlarımızı qoparmalıyıq. Guya bu gün dünəndən pisdir, sabah isə bu gündən də pis olacaq.
Tarixi abidələri “köhnədir” arqumenti ilə sökənlər məhz buna görə belə köhnəçi – geriçi düşüncə daşıyıcılarını ödülləndirir, onlara hər cür “atalıq qayğısı” göndərir. Çünki Azərbaycanı idarə edən hazırki rejim öz gücünü məhz həmin zərərli-zəhərli düşüncədən alır. Axı yalnız həmin köhnəçi-geriçi düşüncənin hegemon olduğu, toplumu öz qaranlıq ağuşuna aldığı bir ortamda tayfaçılığı, regionçuluğa dayanan idarəetməni qorumaq, monarxiya yaratmaq mümkündür.
Axı bu gün və gələcək xalqı basqı yolu ilə, xof mühiti, qorxu imperatorluğu yaradaraq idarə etməyi rədd edir!
Axı yaşadığımız zamanın yalan və talan üzərində qurulan bütün təntənələrə qarşıdır!
Osa tarixiliklə köhnəlik arasında incə bir cizgi var: birinci özündə əbədiliyi, həmişəyaşarlığı, mənəvi ölməzliyi ehtiva edir, ikinci isə faniliyi, puçluğu, heçliyi!
Bu incə cizginin fərqində olmayanlar isə mütləq mənada məğlubiyyətə məhkumdurlar. Sadəcə (hər nə qədər şablon da səslənsə!) bir az geci-tezi var!