Gəl, gəl, sən də gəl!

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Bizim geniş həyətimiz 9-10 qatlı dörd binanın arasındadır. Hər gün həyətimizə çoxu tökülüb-dağılan maşınlarıyla mal satanlar gəlir. Mal nədi: soğan-kartof, mer-meyvə, göy-göyərti. Hər gün saat 10-11 arası böyür-baçına ÇPA (Çevik polis alayı) yazılmış bir maşın gəlib satıcılardan 5 manatdan pulunu yığıb gedir. Bu qanunsuz pul ylğımının adı qanunçuluğun qorunmasldır. Ortada “küçə ticarətini” qanunsuz sayan qanun var. Qanunun gerçəkləşdirilməsi polisə tapşırılılb. Polis nə edir? Polis Bakının hər yanında küçə alverinə “krışalıq” edir – qoyduğu “naloqu” almaqla. Beləcə, qanunçuluq ayaq altına atılır, o qanunu verənlər bunu görür, özlərini görməzliyə vururlar. Bu da belə bir dövlətçilikdir. Bu dövlətçiliyə verilən ad da hamıya bəllidir.

Sözsüz, küçə alveri bir çox baxımlardan yaxşı iş deyil. Həyətə gəılincə, həyət, axı, küçə deyil. Ölkədə funksional bələdiyə olar, bələdiyə həyətdə kiçik, ola bilsin, açılıb-sökülən satış yerləri düzəldər, rayonlardan, yaxın-uzaqdan adamlar gəlib mallarını satıb gedərlər. Bunu etmirlər: birincisi, ölkdə funksional bələdiyə yoxdur; bütün bələdiyələr Rayon Icra Hakimikyətlərinin əlaltısı yerindədir. Dövlət büdcəsindən bələdiyələrə ayrılan pulları da RIH-lər mənimsəyir. Ikincisi, ortada bir “antisanitariya” söhbəti var. Bu isə yalançı söyləmədir. Dövlətin özünün bazara çevrildiyi ölkədə hansısa sanitariyadan danışmaq dövləti də, dövlətçiliyi də ələ salmaqdır.

Adına “küçə alveri” deyilən nəsnə adına “sahibkarlıq” deyilən başqa bir nəsnənin elementlərindəndir. Bizdə indi “sahibkar”lıqdan çox danışılır. Hələ ölkədə “Sahibkar günü” də yaradıblar. “Sahib” ərəbcədir, bizim dildə YIYƏ deməkdir. “Kar” farscadır, bizim dildə IŞ YIYƏSI deməkdir. Ötən ilin sonlarında Putinin göstərişiylə açılan faktlardan göründüyü kimi, MILLI TƏHLÜKƏSIZLIK NAZIRLIYI adlanan bəlli dövlət qurumu uzun illər, belə desək, indiki recim boyunca, ölkə sahibkarlarını soyub-sağmağa uğraşıb, kimsə də bunu uzun illər “bilməyib”. Inanan başa dönsün! Indi polisin etdiyi qanunsuzluqlar kimi bir çağlar MTN-in etdiyi qanunsuzluqlar da bilinib, ancaq… “bilməmək” gərəkli sayılıb – ta qanunsuzluğun çevrəsi genişlənib ən yuxarılara dırmaşanadək. Sonda nə oldu? Bir sürü tutqudan sonra MTN DIN-ə birləşdirildi. Bu isə qanunçuluq deyil, eləcə transformasiya faktıdır…

Bugünlərdə Baklda Dünya Azərbaycanlılarının qurultayı keçirildi. Qurultayda I.Əliyevin dünya azərbaycanlılarına iki başlıca mesajı oldu: “Vətəni sevin, Azərbaycana investisiya yatırın”. Çox yaxşı mesajdır, ancaq soruşmaq gərəkir: nə üçün Vətəni yalnız indiki hakimiyətdə yer tutmayanlar sevməlidir? Bunların düşüncəsinə görə, hakimiyətdə olanlar Vətəıni yeyib-dağıtmalı, başqalarısa onların yeyib-dağıtdıqları Vətəni yatırım-investisiya yoluyla dirçəldib-varlandırmalıdırlar. Başqa cür desək, hakimiyətdəki acgözlərin yeyib-dağıtmaları üçün başqaları Vətəni varlandırmalıdırlar.

Ölkə 23 illik hakimiyət boyunca içindən bütünlüklə soyulub-yağmalanıb, indi bir çağlar bu recimin əlindən qaçıb başqa ölkələrdə varlananları soyub-yağmalamaq gərəyi yaranır. Istər-istəməz yada bunların soyub-yağmalayıb ölkədən lat-lüt qaçırdıqları Paolo Pərviz, Zülfüqarlı qardaşları, Hüseyn Arabul düşür. Azərbaycanın illərlə dağıdılmış enerci alanına milyonlarla yatırım qoymuş Arabul tutulandan az öncə qəzet qonuşmasında demişdi: “Sizin xalqınız hakimiyətinizdən mədəınidir; çox yoxsul olsa da, xalqdan işlətdiyi enrcinin pulunu ala bilirik, hakimiyət adamlarından ala bilmirik”.

Son çağlar həyətimizə yeni mal satan gəlmişdi. Adam maşını həyətin ortasında saxlayıb dörd bir yana çağırışda bulunurdu: “Gəl, gəl, sən də gəl!” O bunu həyətdə kimsə yoxkən deyir, belə yalançı çağırışla tezliklə çoxlu alıcı yığırdı. Yavaş-yavaş onun yalançılığı ortaya çıxdı. Indiki hakimkiyət də üzünü dünyanın dörd bir yanına tutub qışqırmaqdadır: “Gəl, gəl, sən də gəl!” Hə, gəl səni də aldadıb soyaq…