İctimai Palatadan Quba bəyanatı

İctimai Palata bu gün Qubada baş verən hadisələrlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

“İctimai Palata bu gün Qubada baş verən hadisələrlə əlaqədar rayon əhalisinin haqlı narazılığına və etiraz aksiyasına qarşı qüvvə tətbiqindən narahatlıq ifadə edir və hakimiyyəti zorakılıq və repressiyalardan çəkinməyə çağırır.
İctimai Palatanın Koordinasiya Şurası daxil olan məlumatları öyrənməkdə davam edir. Lakin istənilən halda aydındır ki, Qubada baş verənlər hakimiyyətin xalqazidd siyasətinin və məmur-oliqarx özbaşınalığının məntiqi nəticəsi və xalqın öz mülkiyyəti, həyatı və ləyaqətinə qarşı qəsdlərə  müqavimətinin  nümayişidir.
Çox həssas bir məqamda baş verən bu hadisə bir daha sübut edir ki, Azərbaycan artıq mövcud şəkildə idarə oluna bilməz. Ölkədə insanların can, mal güvənliyi, iş, maaş, yaşam haqları qanunla və ədalətlə təmin olunmalıdır. Azərbaycanda sosial, iqtisadi dəyişikliklər, köklü islahatlar günün tələbi və həyati zərurətdir.
İctimai Palata Quba əhalisini öz haqlı narazılığını və tələblərini yalnız dinc formada ifadə etməyə, ölkə ictimaiyyətini isə Quba əhalisinə mənəvi dəstək verməyə çağırır.
İctimai Palata hakimiyyətdən tələb edir ki, hadisələrdən düzgün nəticələr çıxarsın, vətəndaşların problemlərini həll etsin. Eyni zamanda İP tələb edir ki, qubalıları təhqir edən, insanların heysiyyatına toxunan icra başçısı vəzifəsindən azad edilsin. Hakimiyyət xalqın səsinə qulaq asmalı, yalnız Qubada deyil, bütövlükdə ölkəmizdə köklü dəyişikliklərin zərurətini dərk etməlidir”.