Əliyev üçün Bundestaq piarı

bundestaqTürkiyəyə jest, yoxsa şəxsi hikkə?

Azərbaycan hakimiyyətinin saxta təəssübkeşliyini, süni təbliğat formalarını çox görmüşük. Həmişə qeyri-ciddi məqamlar üzərində “uğur hekayəsi” yaratmağa çalışıblar. Çünki, həqiqi uğura imza atmaq, qətiyyətli jestlər etmək bizim hökumətin bacardığı iş deyil. Indi də Almaniya Bundestaqının məlum qərarı üzərində özlərinə piar qurmağa başlayıblar.

Ötən yazılarımızda da qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti “erməni soyqırımı”nı tanıyanlara qarşı barışmazdırsa, eyni reaksiyanı Rusiyaya qarşı da nümayiş etdirməlidir. Çünki, Rusiya “erməni soyqırımı”nı Almaniyadan öncə qəbul edib. Yaxud, “erməni soyqırımı”nı daha öncə tanıyan Vatikan dövlətinə Azərbaycan hakimiyyəti  milyonlarla yatırım edir, bu ölkədə xarabalıqları abad etdirir. Necə olur ki, “erməni soyqırımı”nı Almaniya tanıyanda düşmən, Rusiya, Vatikan tanıyanda dost olur?

Amma bu yazıda toxunmaq istədiyimiz əsas məqam başqadır. Belə ki, Ilham Əliyevin Almaniya səfərindən sonra rəsmi təbliğat mənasız bir mövzunu gündəmə gətirib. Sən demə, Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edildiyi üçün Azərbaycan prezidentiÿÿ Bundestaq üzvüləri ilə görüşlər keçirməyib.ÿPrezident həmçinin Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərdən də imtina edib.

Indi rəsmi təbliğat bu məqamları Ilham Əliyevin Türkiyəyə jesti, Bundestaqa etirazı kimi qiymətləndirir. Ancaq ümumi mənzərə belə bir təbliğatın qeyri-ciddiliyini ortaya çıxarır. Görəsən, Angela Merkellə Almaniyanın biznes adamlarıyla görüşüb, Bundestaq üzvləri ilə görüşməməyin nə mənası var? Fakt budur ki, “erməni soyqırımı”nı tanıyan ölkələr arasında Almaniyanın da adı var. Deməli, bu qərar Almaniya hökumətinin qərarıdı. Almaniya hökumətinin başında da Angela Merkel dayanır. Ona görə də Bundestaqa etiraz edib, Merkellə geniş müzakirələr aparmaq məntiqsiz görünür. Bu necə qürurdur ki, Bundestaq üzvlərini hədəf seçir, amma ölkə rəhbərliyi ilə dostluqdan dəm vurur? Bu təxminən ona bənzəyir ki, qətli sifariş verənlə dostluq edib, qətlin icraçısını ölümlə hədələyirsən.

Digər tərəfdən, Ilham Əliyev Angela Merkellə görüşündə Bundestaqın qərarına etiraz edə, bunun yanlış olduğunu israrla sübut etməyə çalışa bilərdi. Angela Merkel jurnalistlərin suallarını cavablandırarkən də Bundestaqın qərarına münasibət bildirib. Ilham Əliyev niyə bu tribunadan Türkiyənin haqlı olduğunu, Almaniyanın səhvə yol verdiyini bildirmədi?

Göründüyü kimi, rəsmi təbliğatın “böyük jest” kimi təqdim etdiyi məqam, əslində biabırçı təbliğat formasıdır.  Almaniya ilə əməkdaşlıqda maraqlı olduğunu, Qarabağ məsələsində Almaniyanın tutduğu mövqeyi təqdir etdiyini,  Almaniya-Azərbaycan münasibətlərinin region üçün əhəmiyyətli olduğunu söyləmək nədir, Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşməmək nədir? Onsuz da sonrakı dövrlərdə bu adamlarla yenidən görüşüləcək, ikitərəfli münasibətlər bu adamlar vasitəsilə davam etdiriləcək. Yəni Əliyevin Bundestaq üzvləri ilə görüşməməsi Türkiyə sevgisindən yox, şəxsi hikkədən doğur.  Bir müddət əvvəl Bundestaq Azərbaycan hakimiyyətinin qanunsuz əməllərini müzakirəyə çıxarmışdı və Ilham Əliyev  “Bundestaq özünü nə zənn edir” reaksiyası vermişdi.  Hökumətin indiki halda Bundestaqı hədəf seçməsi də keçmiş “xatirələr”lə bağlıdır.

Əks halda, Türkiyəyə jest etmək üçün Bundestaqa qədər xeyli addımlar atmaq olardı. “Soyqırım”ı tanıyan digər ölkələrlə dostluq etdikdən sonra Bundestaq üzvləriylə görüşdən imtina etmək jest sayılmaz. Jest etmək istəyən oğul Almaniyaya səfərdən imtina edərdi.

Akif