Müstəqil adamsansa, hakim ola bilməzsən

muzeffer-baxishov«Hakimiyyətə liberallığı ilə seçilən, müstəqil düşüncə sahibi olmayan insanlar bu statusu ala bilirlər»

Müzəffər Baxışov: «Hansı səviyyədə cavab verməyindən asılı olmayaraq Fikrət Məmmədov sənin hakimliyə namizəd olmanı istəmirsə, bu baş verməyəcək»

Hakimliyə namizədlərlə test imtahanı iyunun 9-da baş tutdu. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından verilən məlumataÿgörə, Seçki Komitəsinin hazırladığı test sualları 100 test tapşırığından ibarət olub və onların cavablandırılmasına 4 saat vaxt ayrılıb. Hər bir imtahan sualı 1 balla qiymətləndirilib. Altmış və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılıb.

Uğur qazanan namizədlər imtahanın sonrakı mərhələsində təqdim olunmuş mövzular əsasında yazı işi yerinə yetiriblər. Daha sonra isə namizədlərlə şifahi müsahibə həyata keçirilir və tələb olunan şərtləri ödəmiş namizədlər tədris kurslarına göndərilir.

Bəs hakimlərin seçimi üçün həyata keçirilən imtahan nə dərəcədə effektiv sayıla bilər? Çünki dəfələrlə mətbuatda bu prosesdə qaranlıq məqamların olduğu vurğulanıb.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, seçimin birinci mərhələsində elə bir problem olmur. Çünki prosesdə test suallarına cavab verilir. Ikinci mərhələnin də yazılı şəkildə olduğunu deyən M.Baxışov bildirdi ki, burada iki – cinayət və mülki sahə üzrə yazılı imtahan olur. Mülki sahə üzrə Mülki Hüquq və Mülki Prosesual Hüquq, cinayət üzrə Cinayyət Hüquq və Cinayət Prosesual Hüquq üzrə mövzular işlənib: “Ikinci mərhələdə namizədlər öz biliklərini nümayiş etdirirlər. Məndə olan məlumata görə, kimin biliyi varsa, bu mərhələdə də onun qarşısından sədd çəkə bilmirlər. Amma məndə olan məlumatlara görə, öz adamlarına deyirlər ki, heç nə bilməsən də kağızı doldur. Kağız beynəlxalq müşahidəçilər üçün doldurulur. Çünki onların məzmundan xəbəri olmur. Məsələn, eləsi var yazılı mərhələdə kağıza şeirlər yazıb. Amma əsas saxtakarlıq üçüncü mərhələdə aparılır. Bu mərhələdə isə hansı səviyyədə cavab verməyindən asılı olmayaraq Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov sənin hakimliyə namizəd olmanı istəmirsə, bu baş verməyəcək. Hətta sən yüz ballıq şkala üzrə yüz bal toplasan da, son nəticədə hakimlərin seçilməsi tam formal xarakter daşıyır. Hakimlərin siyahısı Fikrət Məmmədova təqdim olunur. O, kimləri arzuolunmaz şəxs hesab edirsə, həmin şəxsin hansı səviyyədə cavab verməyindən asılı olmayaraq, o hakim ola bilməyəcək”.

M.Baxışov bildirdi ki, siyasi hakimiyyətlə heç bir problemi olmayan, siyasi hakimiyyətə ləbeyk deyən insanlar çox asanlıqla mərhələni keçə bilirlər. “Çünki Məhkəmə Hüquq Şurası rayon prokurorluğu, rayon icra hakimiyyəti başçıları  vasitəsilə həmin şəxslər barəsində məlumat toplayırlar. Sonda Fikrət Məmmədova təqdim olunan siyahını o təsdiq edir. Bu mərhələdən sonra onlar hakimliyə namizəd statusu əldə edirlər. Ancaq siyasi hakimiyyətə liberallığı ilə seçilən, müstəqil düşüncə sahibi olmayan insanlar bu statusu ala bilirlər”.

Xəyal