Quş əti və yumurtanın qiyməti niyə bahalaşıb?

vahid-meherremov1Yem xaricdən dollarla əldə olunduğu üçün məhsulların qiymətinə də təsir göstərir

Dövlət Statistika Komitəsi əksər kənd təsərrüfatı məhsullarının qiyməti barədə məlumat yayıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10 faiz, o cümlədən, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9 faiz ucuzlaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.

Komitənin yaydığı məlumata görə, 2016-cı ilin may ayında aprelə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xiyarın, pomidorun, lobyanın və kələmin istehsalçı qiymətlərində ucuzlaşma, çay yarpağının və almanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub.

May ayında heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, donuz və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub.

Quş əti və yumurtanın qiymətinin artmasının səbəblərindən danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov bahalaşmanın yenə də gözlənildiyini deyir. Ekspert bahalaşmanın səbəbini quş yeminin qiymətinin artması ilə əlaqələndirir. Qeyd edir ki, ölkə özü keyfiyyətli quş yemi istehsal etmədiyindən, bu komponentlər xaricdən valyuta ilə əldə olunduğundan, bahalaşma baş verib: “Indi istifadə edilən yem birbaşa başqa ölkələrdən gətirilir və dollarla əldə olunur. Dolları da manata çevirəndə əvvəlki vaxta nisbətən baha başa gəlir. Istehsal vasitələri dollarla əldə olunduğu üçün maya dəyəri manatla artır. Sahibkarlar da xərci kompensasiya etmək üçün  məhsulu baha təklif edirlər. Yemə çəkilən xərc valyutayla əldə olunduğu üçün manatla bahalaşır”.

Nigar