Mərkəzi Bank manatın kursunu saxlaya biləcəkmi?

nemet-eliyev1Nemət Əliyev: «Manatı süni metodlarla dəyərdə saxlamaq mümkün deyil»

Son hərraclarda bankların dollara təlabatı kəskin artsa da, Mərkəzi Bank manatın dollara nisbətdə rəsmi məzənnəsini yalnız standard 30 punkt (bənd) qaldırır.

“Marja”nın məlumatına görə, iyunun əvvəlindən Mərkəzi Bank manatın rəsmi məzənnəsini 7 dəfə ardıcıl 30 punkt artımla elan edib.

Belə ki, 02 Iyun tarixində 1.4934 səviyyəsində elan edilmiş USD/AZN rəsmi məzənnəsini, 3 iyunda 1.4964 manat, 06 iyunda 1.4994 manat, 7 iyunda 1.5024 manat, 8 iyunda 1.5054 manat, 9 iyunda 1.5084 manat, 10 iyunda 1.5114 manat səviyyəsində elan edib.

Son hərraclarda Neft Fondunun təklif etdiyi 50 milyon manatı banklar tamamilə alıb. Məlumata görə, son hərracda banklar 500 milyon dollar tələbi ilə çıxış ediblər. Bankların yüksək tələb ilə çıxış etmələri hərracdakı bütün vəsaiti almaq istəkləri ilə izah olunur. Çünki son vaxtlar Mərkəzi Bank hərraca alıcı kimi qatılır. Əgər banklar aşağı tələb ilə hərraca qatılsalar, vəsaitin bir hissəsi Mərkəzi banka satıla bilər.

İki dağıdıcı devalvasiya

Iki devalvasiyanın ölkənin maliyyə-pul sistemini dağıtdığını deyən iqtisadçı Nemət Əliyev bildirdi ki, məhz bu faktor bank sektorunu acınacaqlı duruma salıb. Mərkəzi Bankın bank sektorunun fəaliyyəti barədə məlumatları hələ də gizlətməyə üstünlük verdiyini vurğulayan N.Əliyev qeyd etdi ki, MB-nin yeritdiyi siyasət ölkənin bank sektoruna ciddi ziyan vurub: “Ciddi əsas olmadan ötən ilin fevral və dekabr aylarında devalvasiya qərarı verdilər. Bununla da ölkənin banklarında manatla depozit saxlayanlara və xarici valyuta ilə kredit götürənlərə böyük ziyan vuruldu. Vurulan ciddi zərbənin nəticəsidir ki, manat dəyərdən düşdü. Hazırda həm manat milli valyuta kimi, həm də banklar bir təsisat kimi gözdən düşüb. Əgər Azərbaycanda zamanında ölkənin qeyri-neft sektorunu inkişaf etdirsəydilər, bu cür fəsadlarla üzləşməzdik. Ölkənin neft və qeyri-neft sahəsində inkişaf dinamikasına nəzər yetirilsə, tənəzzülün bütün sahələrə sirayət etdiyini görərərik. Bu cür vəziyyətdən çıxmaq üçün təcili pul qoyuluşları etmək lazımdır. Ancaq investisiya qoyluşundakı vəziyyətə nəzər yetirsək, görəcəyik ki, yatırımların dörddə üçü yoxdur. Yerli investorlar da vəsaitlərinin qoyluşunu xarici ölkələrə yönəldiblər”.

Bankların vaxtında dollara olan tələbatı ödənilmədi və…

N.Əliyevin fikrincə, belə bir vəziyyətin yaranmasına səbəb bankların xarici valyutaya olan tələbatının vaxtında ödənilməməsi oldu. MB-nin manatın kursuna müdaxiləni hələ də dayandırmadığını deyən N.Əliyev vurğuladı ki, guya MB manatı öz təbii axarına buraxıb: “Mərkəzi Bankın yürütdüyü siyasət manatın aqibətini qeyri-müəyyən edib. Milli valyutanın möhkəmlənməsi təsəvvürünün yaranması Mərkəzi Bankın fəaliyyətinin nəticəsidir. Manatın məzənnəsi bazarda öz real yerini tutmalıdır. Amma Mərkəzi Bank buna imkan vermir və nəticədə həm də özü ciddi maliyyə itkilərinə məruz qalır. Bu addım Azərbaycan iqtisadiyyatında işgüzarlıq əmsalının kəskin şəkildə zəifləməsinin baiskarı oldu. Ona görə də bankların xarici valyutaya olan tələbatı ödənməyəndə manat da real dəyərini əldə etməyəcək. Amma bu aldadıcı siyasətdir. Insanları və bankları artıq aldatmaq mümkün deyil. Guya Mərkəzi Bankın yalançı məzənnəsinə aldanıb insanlar banklara pul qoyacaqdı”.

N.Əliyev qeyd etdi ki, Maliyyə Nazirliyinin dövriyyəyə buraxdığı qiymətli kağızlar vasitəsilə 150 milyon manat cəlb edib. Bu qiymətli kağızların 90 faizi banklara, 10 faizi isə sığorta təşkilatlarına satılıb. Indi məhz bu mənbə, həm də əhalinin geri çevirdiyi dolların hesabına dövriyyədə manat kütləsi artıb: “Bankların xarici valyutaya olan tələbatı birdən-birə üzə çıxdı. Ona görə də bankların real tələbi qarşılığında 50 milyon dolların satışa çıxarılması real gerçəklikdir. Tələbatın 500 milyon olması, yəni on dəfə artıq olması onu deməyə əsas verir ki, hökumət bankların tələbatını 90 faiz ödəmək iqtidarında deyil. Amma bunu etmək mümkün idi. Bunun üçün real islahatlar aparmaq lazım idi”.

N.Əliyev vurğuladı ki, bankların real tələbatı ödənməyincə, dollara olan tələbatı süni şəkildə saxlamaq mümkün deyil. N.Əliyevin sözlərinə görə, manatın dəyərdən düşməsinin qarşısını almaq üçün iki amil olmalıdır. Birincisi, qeyri-neft sektorunun inkişafına real dəstək verilməlidir. Ikincisi, neftin qiymətində kəskin şəkildə artımlar olmalıdır. Ikincisi çox az ehtimalıdır. Çünki neftin qiyməti daha da düşə bilər”.

N.Əliyev bildirdi ki, milli valyutanın dəyərdən düşməsi qaçılmazdır. N.Əliyevin fikrincə, manatın növbəti devalvasiyası da əvvəlkilər kimi ola bilər: “Manatın möhkəmlənməsi istiqamətində heç bir addım atılmayıb. Kağız üzərində qərarla manatı möhkəmlətmək, manatı süni metodlarla dəyərdə saxlamaq mümkün deyil”.

Xəyal