İdmanın «inkişafı»na milyonlarla manat pul xərclə, sonra da olimpiadaya aparmaq üçün başqa ölkələrdən idmançı cəlb et
Azərbaycan hakimiyyətinin öyündüyü sahələrdən biri də idmandır. Hakimiyyət nümayəndələri vaxtaşırı Azərbaycanda idmanın inkişafından danışırlar. Bu sahəyə hər il milyonlarla manat pul ayırılır. Hökumət nümayəndələri iddia edir ki, bu pullar əbəs yerə xərclənmir.
Azərbaycan idman sahəsində xeyli irəli gedib və s. Amma Rio de Janeyroda keçiriləcək olimpiadaya vəsiqə qazanan idmançılarımızın siyahısına baxdıqda bunun əksini görürük. Təsəvvür edin, idmançıların əhəmiyyətli hissəsi başqa millətlərin nümayəndəsidir. Siz də onlarla tanış olun: Yana Alekseyevna (boks Ukraina), Skida Hanna (yüngül atletika, Ukrayna), Hayle Ibrahimov (atletika, Həbəşistan), Aleksandr Aleksandrov (avarçəkmə, Bolqarıstan), Boris Yotov (avarçəkmə, Bolqarıstan), Valentin Demyanenko (bir nəfərlik qayıq, Ukrayna), Yure Meqliç (avarçəkmə, Sloveniya), Inna Osipenko-Radomskaya (avarçəkmə, Ukrayna), Sabah Şəriəti (güləş, Iran), Saman Təhmasibi (güləş, Iran), Mariya Stadnik (güləş, Ukrayna), Anjela Doroqan (güləş, Moldova), Yuliya Ratkeviç (güləş, Belorus), Məhəmmədhacı Xatiev (güləş, Rusiya), Xetaq Qazyumov (güləş, Rusiya), Cəmaləddin Məhəmmədov (güləş, Rusiya), Marina Durunda (gimnastika, Ukrayna), Oleq Stepko (gimnastika, Ukrayna), Petro Paxnyuk (gimnastika, Ukrayna), Radik Isaev (taekvando, Rusiya), Milad Beiqi Harçeqani (taekvando, Iran), Patimat Abakarova (taekvando, Rusiya), Olqa Ismayılova (velosiped, Belorus), Maksim Şemberev (üzgüçülük, Ukrayna) Rostislav Pevstsov (triatlon, Ukrayna), Olqa Senyuk (oxatma, Ukrayna).
Milli ayrı-seçkilik salmaq niyyətimiz yoxdur. Amma ortaya haqlı suallar çıxır. Axı bu necə inkişafdır ki, olimpiadaya gedən idmançıların əhəmiyyətli hissəsi başqa millətlərin nümayəndəsidir? Nə üçün idman sahəsinə milyonlarla manat pul xərcləndiyi halda olimpiadaya aparılan idmançıların çoxu başqa ölkələrdən cəlb edilib? Bu sualların cavabı bəllidir: Azərbaycan hakimiyyəti bu sahəyə də korrupsiya mənbəyi kimi baxıb. Vəssalam.