Iranlı tələbə Bakıda niyə intihar etdi?

Talibi Zibasadın intiharı müəllimləri və yoldaşlarını təəccübləndirdi

«Məni bağışlayın, daha yaşaya bilmirəm, tezliklə getmək istəyirəm»

Tibb Universitetində təhsil alan Iran Islam Respublikasının vətəndaşı Talibi Zibasad intihar edib. Hadisə tələbənin kirayə qaldığı Səbail rayon, Yusif Məmmədəliyev küçəsi ev 11, mənzil 8-də qeydə alınıb. Məlumatlara görə, Talibi Zibasad özünü dəhlizdə kəndirlə asıb. Əslən Təbriz şəhərindən və milliyyətcə azərbaycanlı olan Iran vətəndaşının cibindən kağız parçası da tapılıb. Z.Talibi belə yazıb: “Həyatdan bezmişəm, kimsə məni qınamasın”.
Tibb Universitetinin rektorunun köməkçisi Aydın Vəliyev Lent.az-a açıqlamasında deyib ki, Talibi Zibasad sakit və özünə qapalı tələbə olub. A.Vəliyevin bildirdiyinə görə, 19 yaşlı Z.Talibi Bakıda anası ilə yaşayırmış: “Biz özümüz də hadisəni eşidən kimi onların yaşadığı evə getdik. O, Bakıda anası ilə yaşayıb. Bir müddət əvvəl isə anası Irana qayıdıb. Gedərkən oğlunun dostlarından xahiş edib ki, Zibasaddan muğayat olsunlar. Görünür, anası da bilirmiş ki, oğulu qapalı uşaqdır. O, ata-anasına ”məni bağışlayın, daha yaşaya bilmirəm, tezliklə getmək istəyirəm” deyə məktub yazıb. Eyni məzmunlu məktubu dostlarına da göndərib”.
Ötən gün mərhumun kirayə qaldığı mənzilə getdik. Qapı bağlı olduğundan içəri girə bilmədik. Qonşuların sözlərinə görə, hadisə baş verən gün hər şeydən xəbərsiz olublar: “Həmişə olduğu kimi, onu həyətdə gördük. Bir neçə dəfə bayıra çıxdı. Inanmazdıq ki, intihar edə bilər”.
Qonşulardan öyrəndik ki, evin sahibi yaxınlıqda dükan işlədir. Soraqlaşıb Nizami adlı şəxsi tapırıq. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gün evə baxış keçiriblər: “Qapıya ”plomb” vurulub, içəri keçmək olmaz. Icazə veriləndən sonra gəlib evə baxış keçirə bilərsiniz”.
Nizami deyir ki, mərhumu morqa aparıblar: “Ailəsinə xəbər verilib. Anası iki-üç gün əvvəl Irana getmişdi. Indiyə qədər onlarla bizim problemimiz olmayıb”.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə üz tutduq. Mərhumun dostları, tələbə yoldaşları sözügedən ünvanda idi. Onlar bildirdilər ki, Talibi Zibasad ölümündən əvvəl ailəsinə və dostlarına mesaj göndərib: “Biz ora çatanda artıq intihar etmişdi”.
“Birinci gün – fevralın 27-də ayrıldıq. Axşam bizə zəng edib hal-əhval tutdu. Səhəri dərsə gəlmədi. Bizimlə sağollaşanda əhvalı normal idi. Dərsə gəlməyən günü narahat idik, onunla əlaqə saxladıq, heç bir cavab vermədi. Dərsdən sonra qrup yoldaşlarımızdan biri onun qaldığı mənzilə getdi, qapını döysə də, açan olmadı. Axşamüstü mərhumun anası həmin qrup yoldaşımıza zəng edib Talibi Zibasadın telefona cavab vermədiyini dedi. Oğlan yenidən ora gedib qapını sındırdı. Mərhum otaqda özünü asmışdı” – bu sözləri üçüncü kurs tələbəsi, 4 a qrupunun nümayəndəsi Isa Məmmədov deyir.
Universitetin tədris şöbəsinin müdiri Nəsimi Qasımov “Azadlıq”a açıqlamasında mərhumun yaxşı tələbə olduğunu dedi: “Dərsinə vaxtında gələn, kəsiri olmayan bir tələbə idi. Bildiyimə görə, anası ilə bir yerdə yaşayırdı. Anası bir neçə günlük Irana gedib. Hüquq-mühafizə orqanlarıyla və universitetimizin prorektoru, dekan və tələbə heyəti hadisə yerində müayinə apararkən mərhumun fars dilində tələbə yoldaşlarına müraciətini görüblər. Yəni intiharında heç kimi günahkar görmədiyini qeyd edib. Bu faciəni həkim, müəllim kimi təəssüf hissi ilə qarşılayırıq”.
Universitetdə onu da öyrəndik ki, Talibi Zibasadın qardaşı, xalası qızı və bir neçə qohumu da Bakıda təhsil alıb.

Ramin DEKO