Pentaqon Suriyaya hücum planı hazırladı

Hillari Klinton Bəşər Əsədə hərbi cinayətkar dedi

Suriyada gərginlik davam edir. Bəşər Əsədə bağlı silahlı birliklər müxaliflərin mərkəzi sayılan və nəzarətində olan Homs şəhərində “antiterror” əməliyyatlarına start verib. Homsun Baba Amr bölgəsində müxaliflərə qarşı xüsusi əməliyyat öncə quru qoşunlarının iştirakı ilə balşansa da sonradan top və raketlər də işə düşüb. Şahidlərin sözlərinə görə, hökumət qüvvələri Baba Amr bölgəsinə girərək bloklarda, evlərdə axtarışlar aparıb. Bölgəyə girən ordunun Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi 4-cü elitar diviziya olduğu deyilir. Baba Amr bölgəsinə elektrik enerjisinin verilməsi dayandırılıb, telefon və internet xətlərində isə kəsintilər olur.

BMT Suriyada son 11 ay ərzində zorakılıq qurbanlarının sayının 7500 nəfərdən çox olduğunu açıqlayıb. BMT-nin baş katibinin siyasi məsələr üzrə müavini Linn Paskoenin sözlərinə görə, dəqiq olmasa da, təqdim edilən rəqəm etibarlı mənbələrin məlumatına əsaslanır. Onun sözlərinə görə, Suriyada hər gün orta hesabla 100-dən çox adam öldürülür, onların arasında çoxlu sayda qadın və uşaq var. Bəşər Əsəd rejimi isə iğtişaşlar nəticəsində indiyədək 2493 vətəndaşının öldüyünü bəyan edib. Həmçinin “silahlı cinayətkar dəstələrlə döyüşlərdə” təhlükəsizlik qüvvələrinin 1345 nəfər itki verdiyini bildirir.
Bu arada ABŞ-dan Bəşər Əsəd hakimiyyətinə yönəlik növbəti sərt ismarıc gəlib. Dövlət katibi Hillari Klinton bəyan edib ki, Suriya diktatoru Bəşər Əsədi hərbi cinayətkar adlandırmaq olar. Senatda çıxışı zamanı Hillari Klinton qeyd edib ki, Suriya rəhbərini hərbi cinayətkar elan etmək üçün sübutlar tapmaq çətin deyil.
Onun fransalı həmkarı Alen Jüpe isə parlamentin milli assambleyasında çıxışı zamanı bildirib ki, Suriya hökumətinə qarşı yeni qətnamələr hazırlanılır. Onun sözlərinə görə, yeni qətnamələr sayəsində bu ölkədə zorakılığa dərhal son qoymaq və əhalini humanitar yardımla təmin etmək mümkün olacaq. Nazir həmçinin, Rusiya və Çinə müraciət edərək onlara BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə qarşı çıxmamağı tövsiyə edib. “Çünki Suriyada törədilən cinayətlər dözülməz həddə çatır”.
 
 “CNN” kanalının ərəb versiyasının internet saytında ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) mənbəyə istinadən məlumat yayılıb ki, nazirlik Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatların detallı planını hazırlayıb. Xəbərdə deyilir ki, Suriya hakimiyyətinə yönəlik hərbi əməliyyatlara Ağ evin göstərişindən sonra başlana bilər. Pentaqondakı mənbə vurğulayıb ki, plan Pentaqon analitikləri bütün detalları və variantları müzakirə etdikdən sonra hazırlanıb.

Turan