Prezident Barack Obama Hillary Klinton-un Demokratik Partiyadan ABŞ prezidentliyinə namizədliyini rəsmən qəbul edib.
O bu qərarı verməzdən əvvəl xanım Klinton-la nominasiya uğrunda rəqib olan partiyadaşı senator Bernie Sanders-lə görüşmüşdü.
Xanım Clinton tərəfindən Tvitterlə yayılmış videoda cənab Obama bəyan edir ki, Hillary Klinton prezident rolu üçün ən yaxşı namizəddir.
Bu iki siyasətçinin tezliklə birlikdə kampaniya aparacağı gözlənilir.
“Mən istəyirəm ki, sizlərdən bu heyrətamiz yolda lap əvvəldən mənimlə olanlar bilsinlər ki, “mən onunlayam”. Mən coşquluyam və səbirsizliklə gəlib Hillary üçün kampaniya aparacağım məqamı gözləyirəm” – deyib ABŞ prezidenti videoda.
Obama deyib ki, senatorlar Klinton və Sanders – hər ikisi rəqib olmalarına baxmayaraq öz ölkələrinin vətənpərvəridirlər.
Barack Obama və Hillary Klinton 2008-ci ildə Demokratik Partiyadan namizədliyə nominasiya yarışında rəqib idilər, lakin sonradan Obama Klinton-a dövlət katibi vəzifəsini vermişdi.
“Qatı rəqiblikdən əsl dostluğa”
Hillary Klinton Reuters agentliyinə deyib ki, namizədliyinin prezident tərəfindən qəbul edilməsi onun üçün “dünya deməkdir”.
“Bu mənim üçün tam sevinc və şərəfdir ki, prezident Obama və mən ötən illər ərzində qatı rəqiblikdən əsl dostluğa qədər bir yol keçmişik” – deyib Hillary Klinton.
Xanım Klinton-un prezident seçkisində təxmin edilən respublikaçı rəqibi Donald Trump isə deyib ki, prezidentin Klinton-un namizədliyini qəbul etməsi “daha dörd il Obama deməkdir”.
Reuters yazır ki, beləliklə, Barack Obama Ağ Evin demokratlarda qalması üçün oyuna daxil olub.
Bu da deyilir ki, videonun yüksək texniki səviyyədə olması onun artıq bir müddətdir hazırlanmaqda olduğunu göstərir.
Gözdən iti müşahidəçilər Obamanın videoda çərşənbə axşamı taxdığı qalstukda olduğunu seziblər.
Müşahidəçilər bunu da qeyd edirlər ki, Ağ Evdəki görüşdən sonra Bernie Sanders də Klinton-a qarşı tonunu xeyli yumşaldıb və lazım gələrsə keçmiş dövlət katibi ilə birgə işləməyə hazır olduğunu deyib.
Cənab Obama və xanım Klinton ilk dəfə birlikdə gələn həftə Viskonsində yanaşı dayanacaqlar.




