“Azərbaycan hökuməti insanların həyatını dağıdır”

“Human Rights Watch” azərbaycanlıların mülkiyyət hüququnun heç bir norma gözlənilmədən pozulması barədə hesabat yaydı

Bakıda ev yıxanlara beynəlxalq təpki gəldi

“Hər Şeyimi Əlimdən Aldılar» – Human Rights Watch təşkilatının  ötən gün Azərbaycanda mükliyyət hüquqlarının  pozulmasına dair açıqladığı hesabatın adı idi. Hesabatı təşkilatın  nümayəndələri Jane Buchanan və Giorgi Gogia təqdim etdilər.
Hesabatda Azərbaycanın hökumətinin Bakının dörd müxtəlif ərazisində bəzən heç bir xəbərdarlıq etmədən və ya gecə yarısında çoxlu sayda ailələri evlərindən çıxarması, onların mülkiyyətini qanunsuz olaraq zorla özgəninkiləşdirməsi hallarından bəhs olunur.

Dağıdıcı hökumət

Göstərilir ki, hökumət evləri uçurtduqları zaman bəzi hallarda sakinlərin əşyaları içəridə qalıb. Sökülən evlərin bir çoxunun şəhərin yaxşı və seçilən ərazilərində yerləşməsinə baxmayaraq, ev sahiblərinə bu mülklər üçün bazar dəyərinə uyğun olan ədalətli kompensasiya ödəməkdən hökumət boyun qaçırıb. Halbuki, Azərbaycan qanunvericiliyi mülklərdən məcburi köçürülmələrə görə bazar dəyərinə uyğun kompensasiya ödənilməsini nəzərdə tutur.
“Azərbaycan hökuməti təkcə evləri yox, həm də insanların həyatını dağıdır. Hökumət məcburi özgəninkiləşdirilmə, sökülmə və köçürülmələrlə bağlı bütün icraatları dərhal dayandırmalı, evlərini itirən və emosional sarsıntı keçirən insanlara kompensasiya ödəməlidir,” deyə hesabatın müəllifi və “Human Rights Watch”un Avropa və Mərkəzi Asiya bölməsinin aparıcı tədqiqatçısı Jane Buchanan bildirir.

“Hökuməti insan hüquqlarına hörmətsizlik nümayış etdirir”

Bayraq Meydanı ərazisi bu hesabatda bəhs olunan dörd ərazidən biridir. Xanım Jane deyir ki, “Eurovision” yarışmasının Bakıya təyin olunmasından sonra hökümət Bayraq Meydanı yaxınlığında yaşayan sakinlərin evlərindən çıxartması və ərazinin sakinlərdən təmizlənməsi işlərini sürətləndirib.
“Eurovision” müsiqi yarışması Azərbaycan hökumətinə paytaxt Bakını minlərlə turistə və milyonlarla televiziya izləyicilərinə nümayiş etdirmək üçün yaxşı imkan yaradır. Lakin, Azərbaycan hökuməti bu yarışmanın keçiriləcəyi yerin bir neçə addımlığında insanları öz evlərindən məcburi çıxarmaqla insan hüquqlarına hörmətsizlik nümayış etdirir. Bu yarışmaya böyük diqqət və nəzarət olacağından dolayı, hökumətin bu kursunu dəyişmək marağında olmalıdır,” deyə Buchanan bildirir.

Mülkiyyətin zorla özgəninkiləşdirilməsi

Hesabatda göstərilir ki, hökumət qurumları Bakıda hər hansı mülkü sahibindən almaq və uçurtmaq üçün müəyyən etdikdə, sakinlərə adətən maliyyə kompensasiyası və ya digər ərazilərdə yerləşdirmə ilə bağlı təkliflər edilir.  Lakin, “Human Rights Watch” təşkilatının müşahidə etdiyi bəzi hallarda ev sahiblərinə nə maliyyə kompensasiyası, nə də başqa ev təklif olunub.
Evlərin yetərli kompensasiya verilmədən və ya heç bir xəbərdarlıq edilmədən sökülməsi zamanı sakinlərin içəridə qalmasına məhəl qoyulmadığı, onların zor gücünə evdən çıxarılmaları da hesabatda əks olunub. Qeyd olunur ki, bəzi hallarda, çoxlu sayda polis və başqa hökumət rəsmiləri binanın ətrafını əhatəyə alaraq və zorla evlərə daxil olub insanları oradan çıxardılıblar.
“ Ən azı iki halda, hökumət rəsmiləri heç bir xəbərdarlıq etmədən buldozer və digər maşınlarla gecə yarısı və ya axşamın gec saatlarında əraziyə gəlmiş, sakinlərə evlərini dərhal boşaldılması göstərişi verdikdən sonra aktiv şəkildə evlərin uçurulmasına başlamışdır. Sadalanan bütün bu hallarda, ev sahiblərinin şəxsi və qiymətli əşyalarını götürə bilmələri üçün bir neçə saat və ya daha az vaxtı olub. “Human Rights Watch” tərəfindən qeydə alınan üç halda müəyyən edilmişdir ki, polis ev sahiblərini polis bölməsinə apararaq orada saxlamış və bu zaman onların evləri məmurlar tərəfindən sökülmüşdür. Sərbəst buraxıldıqdan sonra evlərinə dönən sakinlər əşyalarının dağıntılar altında qaldığını görüblər”-deyə hesabatda vurğulanır.

Qulaqardına vurma

Hesabatda bildirilir ki, bəzi hallarda söküntülərin aparılmasını qadağan edən məhkəmə qərarlarını pozaraq və ya  söküntüsü planlaşdırılan mülklərlə bağlı davam edən məhkəmə proseslərinə məhəl qoymayaraq məmurlar evlərin söküntüsünü davam etdiriblər. Bundan başqa, qeyd olunur ki, Bayraq Meydanı da daxil olmaqla bir çox ərazilərdə hökumət qurumları kommunal xidmətləri dayandırıb və ya sakinlərin yaşamağa davam etdiyi binaları sökməyə başlayıb. Bununla hökumət qurumları bu evlərdə yaşamağa davam etməyi mümkünsüz edir və sakinləri məcbur edir ki, evlərini tərk etsinlər.
 “Məcburi köçürülmələr və söküntülər proqraminı icra edərkən hökumət ev sahiblərinin və onların ailələrinin ləyaqətini, səhhətini və təhlükəsizliyini açıq şəkildə qulaqardına vurduğunu nümayış etdirmişdir,”, – deyə Buchanan bildirdi.
Hüquq normaları ayaq altında
Onun sözlərinə görə məcburi özgəninkiləşdirmə və köçürülmələr ancaq müstəsna hallarda və yalnız insanların ümumi rifah halının yüksəldilməsi məqsədiylə, yerli və beynəlxalq standardlara uyğun olduğu təqdirdə həyata keçirilə bilər. Lakin, bu normaların heç biri Bakıda göznəlilməyib.
“Hökumətlər çox məhdud hallarda zəruri dövlət ehtiyacları məqsədiylə mülkləri məcburi ozgəninkiləşdirə bilər. Bakıda hökumətin icra etdiyi proqram yerli və beynəlxalq hüquq normalarını pozur. Hökumət çoxlu sayda ev sahibini məcburən və bir çox hallarda tamailə əhəmiyyətsiz, lazımsız məqsədlərlə evlərindən çıxarır”, – deyə Buchanan bildirdi.

Tövsiyyələr

Hesabat müəlliflər dedilər ki, tədqiqat dövründə “Human Rights Watch” Bayraq Meydanı ərazisində inşaatı aparılan yol və park tikintisi məqsədiylə orada baş verən məcburi sökülmə və köçürmə hallarına görə Avropa Yayım Birliyi ilə əlaqə saxlayıb. Lakin, AYB “Eurovision” yarışmasının qeyri-siyasi xarakterli olduğunu və ərazidəki tikintilərin yarışma ilə əlaqədar olmadığı haqda hökumətin arqumentini əsas gətirərək özünü bu məsələlərdən kənarda saxlamağa üstünlük verib.
Hesabatın tövsiyyə hissəsində bildirilir ki, Bakı Kristal Zalı ətrafında aparılan məcburi köcürmə və söküntülərlə əlaqədar şikayətlərın ədalətli və şəffaf araşdırılması üçün Azərbaycan hökumət qurumlarına təzyiq göstərməsi Eurovision Referens Qrupu da daxil olmaqla Avropa Yayım Birliyindən tələb edilməlidir.
Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən əsas hökumətlər və çoxtərəfli inkişaf bankları məcburi köçürülmələrlə bağlı Azərbaycan hökümətinin apardığı kampanyanın dayandırılmasına və gələcəkdə baş verəcək belə halların yerli və beynəlxalq qanunlara hörmət əsasında olacağına təminat verilməsinə təkid etməlidirlər.
Ev sahiblərinin və sakinlərin şikayətini araşdırmaq, eləcə də evlərini və əşyalarını itirən insanlara hökumətin təklif etdiyi kompensasiyanın yenidən qiymətləndirilməsi üçün təcili olaraq ədalətli və şəffaf mexanizm yaradılması haqda da Azərbaycanın beynəlxalq tərəfdaşları hökumətə müraciət etməlidirlər.

“Eurovision”yn üzərinə düşən kölgə

“Evlərdən məcburi çıxarılma hallarının “Eurovision” yarışması ilə bağlı olmadığını “Eurovision” təşkilatçıları və Azərbaycan hökuməti iddia edə bilər. Lakin, əgər hökumət uğurlu bir müsabiqə tədbiri görmək istəyirsə, o zaman yarışmanın keçiriləcəyi ərazidə davam edən insan hüquqları pozuntularına son qoymalıdır. İnsanları öz evlərindən çölə atmaq müsabiqənin üzərinə kölgə salır,” – deyə Buchanan bildirdi.

Natiq