Ölkədə dollara tələbat rekord həddə çatdı

 

bank-dollar-manatNeft Fondu hərraca 50 milyon dollar çıxarsa da, tələbat 500 milyon olub

Samir Əliyev: «Mayda dövriyyədəki manat kütləsi 10 faiz artıb və banklar əldə etdiyi manatı dollar alışına yönəldib»

Bu günMərkəzi Bank növbəti hərrac keçirib. «Marja»”nın bank sektorundan əldə etdiyi məlumata görə, hərraca Neft Fondu tərəfindən 50 milyon ABŞ dollar çıxardılsa da, banklar 500 milyon dollar almaq istəyiblər. Yəni, tələb təklifi 10 dəfə üstələyib. Bank sektorundan bildirilib ki, bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.5122 manat olub.

Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

BVF manatın gələcəyini qaranlıq görür

Manatın məzənnəsinin aşağı düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır ki, bu isə son 15 ildə ən yüksək göstəricidir.

“Manatın dəyərsizləşməsi bankların balans hesablarına da təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib”, – deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edir ki, bu ölkələrin Mərkəzi Bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsün.

“2016-cı ildə hökumət ictimai infrastruktur xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Eyni zamanda, devalvasiyanın əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinə olan mənfi təsirlərini qismən kompensasiya etmək üçün müavinətləri artırıb”, – deyə hesabatda vurğulanıb.

Eyni zamanda daha bir nüfuzlu beynəlxalq təşkilat «Fitch» də Azərbaycanla bağlı araşdırmalarında qeyd edib ki, ölkəmizdə bank sektorunun dollarlaşması krnitik həddə çatıb və bunun ciddi fəsadları ola bilər.

Xatırlatmaq yerinə düşərdi ki, bir müddət əvvəl Moodys və Dünya Bankı da manatla bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirmişdi. Və Azərbaycan hökumətinə tövsiyyə olunmuşdu ki, dövriyyədəki manat kütləsini artırsın və banklar manatla kredit verməyə başlasınlar.

samir-eliyev-iqtisadci

İqtisadçı Samir Əliyev bildirdi ki, manat hələ də neftin qiymətindən asılıdır. Son günlər neftin qiymətindəki bahalaşmanın manata dəstək verdiyini deyən S.Əliyev vurğuladı ki, amma hazırda bazarda fərqli situasiya yaşanır: «Neftin qiymətinin bahalaşması ilə bazarda dollara tələbat da artır. Düşünürəm ki, bu tələbatın artma səbəbini bir neçə amil ilə əlaqələndirmək olar. Birinci amil onunla bağlıdır ki, Mərkəzi Bank dövriyyədəki manat kütləsini artırıb. Təkcə may ayında manat kütləsi 10 faiz artıb. Bu isə kifayət qədər böyük fəsaitdir. Bu addım bankların əldə etdiyi manatı dollar alışına yönəltməyə imkan verib. Eyni zamanda pul kütləsi artmaqla yanaşı bu cür vəziyyət banklara güzəştli kredit imkanı verir. Bu da bankların dollar alışına tələbatını artırır».

Eyni zamanda bankların FED-in dolların uçot dərəcəsini bahalaşdıracağından ehtiyat etdiyini deyən S.Əliyev bildirdi ki, amma bununla belə  hazırda bazarda dollar qıtlığı yoxdur. Çünki devalvasiya baş verəndən sonra ölkə iqtisadiyyatının dollarlaşması arıb. Heç kimə sirr deyil ki, əmanətlərin 90 faizi dollarlaşıb. Əhalinin yastıq altında olan pulları da dollardadır: «Bir sıra banklar yeni zamanda xarici borclarını qaytarmalıdır. Banklarımız xaricdən təxminən yeddi milyard dollar borc cəlb edib. Amma manatın kəskin düşməsi üçün bir əsas yoxdur. Hökumət üçün manatın bir qədər ucuzlaşması sərf edir. Bu büdcə öhdəliklərinin yerinə yetirilməsi baxımından da vacibdir. Tələbatın artması düşünürəm ki, müvvəqəti xarakter daşıyır. Amma ümumən manat yay aylarında 1.50-1.65 arasında  dəyişəcək, amma bu məzənnədən kənara çıxmayacaq».

Hikmət