Vergi cərimələrinin 50 faizi müfəttişlərə çatacaq

vergiler-nazirliyi

Oqtay Haqverdiyev: «Burada əsas məsələ odur ki, Vergilər Nazirliyi öz səlahiyyətindən sui-istifadə etməsin»

Azərbaycanda vergi ilə bağlı maliyyə sanksiyalarından əldə olunan vəsaitlərin 50 faizi vergi əməkdaşlarına çatacaq. Fins.az-ın məlumatına görə, bu məsələ Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən, vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25 faizdir.

Məsələnin mahiyyətini şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu qaydanın hələ uzun müddətdir tətbiq edildiyini deyir. Yəni əvvəllər “konvert” formasında reallaşdırılan bu qaydanı sonradan qanuni şəkildə həyata keçirməyə başlayıblar: “Təxminən 10 il əvvəldən belə qayda tətbiq edirdilər. Sonradan söz-söhbət olmasın deyə, bunu qanuni formaya saldılar. Vergi müfəttişləri hansısa bir pozuntu aşkar edəndə yazdıqları cərimənin 50 faizi onların maaşına əlavə edilir. Bu qayda MDB ölkələrinin əksəriyyətində ən çox tətbiq edilən metoddur. Sahibkar vergidən yayınırsa, tutulan cərimənin kimə getməsinin ona dəxli olmamalıdır. Burada əsas məsələ odur ki, Vergilər Nazirliyi öz səlahiyyətindən sui-istifadə etməsin”.

Nigar