Qısır hakimiyyətin damazlıq inək siyasəti

Damazlıq inək alınması üçün prezidentin saxlanc (ərəbcə – ehtiyat) fondundan yenə pul ötürməsi baş verib – 10 milyon manat. Özü də pul “Aqrolizinq” ASC-yə ayrılıb. Dövlət başçısının pullu göstərişinə uyğun olaraq, ölkəyə 40 min damazlıq inək alınıb gətirilməlidir. Fermerlərsə hər inəyə görə sığorta ilə birlikdə “Aqrolizinqə” 2800 manat verməlidirlər.
Konkret faktlardan çıxış edərək, bəri başdan bildiririk: “Aqrolizinq” özünün çoxsaylı, kriminal xarakterli alış-verişi ilə xalqın qanını içən bir qurumdur. Inanmayanlar gedib çoxu hakimiyyətə bağlı yalançı fermerlərdən deyil, gerçək əkinçilərdən soruşub öyrənə bilərlər. Tək bir faktı göstərmək yetər: korrupsioner hakimiyyətin korrupsioner qurumu olaraq quraşdırılan “Aqrolizinq” Çinin ucuz, tör-töküntü texnikasını dəyərindən qat-qat artığına satmaqla əkinçilərə nə boyda kələk gəlib. Bu texnika yararsızlığı, tez sıradan çıxması ilə də əkinçilərin əlini quru yerdə qoyub. Bir sıra müxalifətyönlü qəzetlər bu sayaq faktların suçunu Kənd təsərrüfatı naziri Ismət Abbasovun üstünə atmağa öyrəşiblər. Ancaq suç Ismət Abbasovda, başqa bu kimi kimsələrdə deyil, suç əliyevçi hakimiyyətdə, bu hakimiyyətin başında duranlardadır.
Bəlli olduğu kimi, effektsiz, bütün parametrlər üzrə yararsız hakimiyyət özü QISIR hakimiyyətdir. Bu hakimiyyətin yalnız Kənd təsərrüfatı nazirliyi deyil, bütün nazirlikləri qısırdır. Baxın, hakimiyyət başçısı dönə-dönə bildirir: “Bizim dövlət büdcəmizdən Müdafiə Nazirliyinə ayırdığımız pul ”Ermənistanın” dövlət büdcəsindən böyükdür”. Nə olsun?! Ayrı-ayrılıqda Ilham Əliyevdən, Ramiz Mehdiyevdən, Bəylər Əyyubovdan, Kəmaləddin Heydərovdan, Ziya Məmmədovdan, Zakir Qaralovdan, Ramil Usubovdan, Eldar Mahmudovdan, Səfər Əbiyevdən, lap elə Allahın Hacıbala Abutalıbovundan qat-qat “yoxsul” olan “Ermənistan” Azərbaycanın 20 faiz ən verimli torpaqlarını, ŞUŞA başda olmaqla, ən gözəl yerlərini işğal altında saxlayır. Işğal altında saxlamaq bir yana, “yoxsul” “Ermənistan” yiyələndiyi yerlərdəki sınırlar boyunca Azərbaycanı güllə yağmuruna tutmaqla Qarabağda arxayınçılıqla mal-qara bəsləyib Azərbaycana satır. “Yoxsul” “Ermənistan” Kəlbəcərin qızılını arın-arxayın çıxarıb Avropanın, Amerikanın siyasət bazarlarına daşıyaraq bu yandan Azərbaycanın, o yandan Türkiyənin milli maraqlarını satın alır. “Yoxsul” “Ermənistan” arxayınçılıqla Kəlbəcərin Istisuyunu dünya valyutasına dəyişir.
Bu millətin əlinə IÇINƏ QAN QUSMAĞA qızıl teşt verənlər, təkcə elə Xocalıda mənliyi, təpəri tapdanan bu xalqa QISIR hakimiyyət yaratmaqla kimliyinizi bəlirli etməyiniz yetər. Bu faktın özü bir Nürinqberq məhkəməsinin yetərincə suçlama materialları yerindədir. Bəlli olduğu kimi, o məhkəmədə yalnız faşizm liderləri deyil, onlara əlaltılıq eləyənlər də cəzalandırılmışdılar. Xalqdan su içmədiyindən, xalqdan qan qazanmadığından, xalqdan enerji almadığından bütün diktatura rejimləri QISIR olur: Almaniyadan 5 milyon manatlıq, Ispaniyadan 10 milyon manatlıq, Israildən 1 milyard 600 milyon dollarlıq DAMAZLIQ alsa belə! Hər hansı hakimiyyət üçün Yer üzündə bir başlıca, Tanrısal DAMAZLIQ var – Xalq!!!
Doğum evlərində, xəstəxanalarda, orta-ali məktəblərdə, vergi, gömrük, məhkəmə-hüquq sistemində, prezident administrasiyasında Xalqın DAMAZLIĞINI kəsənlər – milli-mənəvi soyqırıma uğradanlar, yağıcasına yamanlıqla, acıqlı ardıcıllıqla ideya-siyası genosid aktı törədənlər, Xalqın ən dəyərli oğullarını dəyərsizə çevirənlər, bilin: dışdan daşıdığınız damazlıq daşınıb dağlansa da, dağılasıdır. Öncə Xalqı DAMAZLIQ saymaq gərəkir! Doğub-törəməkdən uzaq QISIR seçkilərlə, ANTI-MILLI, ANTI-DEMOKRATIK kadr siyasətlərilə dəyişməz DAMAZLIQ düşmənləri – düşüncənizi dəyişin: öncə bu ölkəyə DEMOKRATIYA DAMAZLIĞI gərəkir!