İyunun 9 -da siyasi məhbuslardan biri, AXCP üzvü Murad Ədilovun doğum günüdür. Murad Ədilov AXCP Rəyasət Heyətinin üzvü, Azadlıq qəzeti və Azərbaycan Saatı teleproqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır və onun fəaliyyətinə görə cəzalandırılıb. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Murad Ədilovun doğum günü ilə bağlı qeyd paylaşıb. Əli Kərimli yazır:
Sadə, zəhmətkeş, həm də mərd, prinspial və qətiyyətli əqidədaşımız Murad Ədilov növbəti ad gününü də siyasi məhbus olaraq həbsxanada keçirir. Murad bəyin də gənc ata kimi övladları ilə bağlı ülvü arzuları var. Balaca uşaqlarının qayğısını çəkmək, onları dərdsiz, nisgilsiz, həm də əsl vətəndaş kimi böyütmək Murad bəyin ən böyük arzusu olub. Amma imkan vermədilər. Rejim qərara gəldi ki, Murad bəyin mübariz, üsyankar qardaşı, AXCP Rəyasət Heyətinin üzvü Natiq Ədilovun qisasını ondan alsın. Natiq bəyi susdurmaq üçün Murad bəyi girov götürdülər. Artıq 2 ildən çoxdur ki, Murad bəy şərlənərək həbs edilib. İki ildir ki, bu əqidəli qardaşlar, onları böyütmüş mərd ana, onların ailələri, körpə balaları ağır sınaqlardan keçir. Natiq bəy qardaşını girov götürmüş cinayətkarların onun susması ilə bağlı ultimatumlarını qətiyyətlə rədd edir. Murad bəy isə heç bir cinayət əməli törətməsə də, ufuldamadan, sızıldamadan mərd qardaş, əqidəli cəbhəçi, yaxşı vətəndaş olmanın cəzasını çəkir. Ən pisi odur ki, Murad bəy bu haqsız cəzanı 3 azyaşlı uşağı ilə birlikdə çəkir.
Dostlar, gəlin bu gün hamılıqla Murad bəyi təbrik edək. Bu mərd insana uzun ömür, can sağlığı, tezliklə azad olub ailəsinə qovuşmağı arzulayaq. Və özümüzə də sual verək, tək “günahı” Azərbaycanı və azərbaycanlıları sevmək, bu ölkənin inkişafı üçün çalışmaq olan Murad bəyin, Elvin Abdullayevin, İlkin Rüstəmzadənin, Əbdül Əbilovun, Seymur Həzinin, İlqar Məmmədovun, Fuad Qəhrəmanlının, Qadir Xudabaxşiyevin, Zeynal Bağırzadənin, Asif Yusiflinin, Məmməd İbrahimin, inanclı dostlarımızın və bütövlükdə 100 nəfərə yaxın siyasi məhbusun müdafiəsi üçün əlimizdən gələn hər şeyi edirikmi, vicdanımız rahatdırmı?