«The Daily Beast» saytı ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Trump-ın seçki kampaniyasına qoşulmağın bir sıra məziyyətlərini sadalayır.
Müəllif ironiyayla yazır ki, kampaniyaya qoşulmağın ilkin şərtləri sırasında DC-də hərbi xuntaları təmsil etmək, sosial təhlükəsizlik sahəsində özəlləşdirmənin təbliğində saxta könüllülərdən istifadə, iqlim dəyişikliyinin təsirini danmaqdan ötrü «ExxonMobil» şirkətindən pul almaq da var.
Yazıda Trump-ın kampaniyasına yenicə qoşulmuş Jim Murphy-dən söz açılır. O, «DCI Group» lobbi şirkətinin keçmiş prezidentidir. Bazar ertəsi Trump-ın kampaniyasının yeni milli siyasi direktoru elan olunub. Bu barədə «The New York Times» qəzeti yazıb. Murphy 2007-ci ilin avqustundan 2012-ci ilin iyununadək şirkətin prezidenti olub. Müəllif yazır ki, məhz bu dönəmdə DCI-nin bəzi qaranlıq müştəriləri olub. Məsələn, Myanma hərbi rejimi ilə əməkdaşlıq edib və səkkiz aylıq xidmətə görə 340 min dollar alıb. Daha sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Birma bölümünün keçmiş rəhbəri Barry Broman ayda 5 min dollar maaşa DCI-yə işləməyə başlayıb və s.
«DCI-nin repressiv rejimlərlə işbirliyi bununla bitmir. 2012-ci ildə Azərbaycan bu şirkətlə aya 20 min dollara müqavilə bağlayır ki, Birləşmiş Ştatlarda ictimai əlaqələrini yaxşılaşdırsın. Dövlət Departamenti bu ölkədə insan haqlarının pis durumda olduğunu qeyd edir, özəlliklə də toplaşma, ifadə azadlıqları, məhkəmələrin rolu və mülkiyyət hüquqlarına sayqı baxımından. DCI-Azərbaycan tərəfdaşlığının məqsədi ölkənin enerji resurslarını Birləşmiş Ştatlara bir fayda kimi təqdim etmək idi».
Murphy özü Trump-ın kampaniyasında yeni rolu barədə şərh verməyib. Seçki qərargahından da açıqlama verən olmayıb. Kampaniyanın sözçüsü Hope Hicks isə «The Associated Press» agentliyinə deyib ki, onun barəsində heç eşitməyib.
(azadliq.org)