Bir təmirin tənqidi

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Dünən yayılan bir xəbərdə deyilirdi ki, qeyri-rəsmi olaraq “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən Azərbaycan Yazıçılar Birliyinin (AYB) binası təmir olunacaq. AYB bununla bağlı tender elan edib. Bəh-bəh, cəh-cəh, hətta qəh-qəh! Kənardan baxan da deyər, necə şəffaf qurumdur! Ölkədə tenderlərin formal xarakter daşıdığını hər kəs bilir – bu öz yerində. AYB isə, ümumiyyətlə, illərdir ədəbiyyat adına büdcədən ayırdığı pulları necə xərclədiyi hər kəsə bəlli olan bir qurumdur. Bu pullar mənasız, zövqsüz, səhifələrindən bayağılıq yağan və anti-ədəbiyyat fışqıran “ədəbi orqanlar” vasitəsilə silinir. Məsələn, hay-hayı gedib vay-vayı belə qalmamış “Ədəbiyyat qəzeti”nə uzun müddət 200 min manat kimi Azərbaycanın mətbu reallığında fantastik sayılacaq vəsait ayrılırdı, bu vəsaitlə bir neçə səhifəlik “ədəbi qəzet” nəşr edilirdi, səhifələrinin yarısı rəsmi məlumatlarla, yarısı da AYB-nin əksəriyyətinin adı ədəbi müstəvidə kimsəyə məlum olmayan, heç kimə heç nə deməyən üzvlərinin ad günü təbrikləri, ya da nekroloqları ilə doldurulurdu. Indi, deyəsən, qəzetin səhifələri artıb, bir neçə nömrəsinə vaxt israf edib baxmışam – ədəbi estetika baxımından dəyişən heç nə yoxdur, necə deyərlər, “köhnə hamam, köhnə tas”, Həmən çirk, həmən pas. “Azərbaycan”, “Ulduz” kimi adı “ədəbi” olan orqanlarda da həmçinin.

AYB-yə ayrılan büdcə pulları bir neçə nəfərin, – başda xalqsız xalq yazıçısı Anar Rzayev, xalqsız xalq şairi Fikrət Qoca olmaqla! – təbliğatına yönəldilməkdən, bir də yeni ədəbi dəyərlərin, axınların meydana çıxmasını əngəlləməkdən, ədəbi prosesi ölgünləşdirməkdən, durğunlaşdırmaqdan, onu yanlış istiqamətləndirməkdən, sovetizm ruhundan xilasını yubatmaqdan başqa heç nəyə yaramayıb. Bunun özü də həmin pulların havaya sovrulmasından başqa bir şey deyil, bir növ korrupsiyadır, çünki tam gərəksiz, mənasız şəkildə israf edilib.

O ki qaldı faktiki olaraq “Ədəbiyyat Nazirliyi” funksiyasını yerinə yetirən bu Sovetdənqalma qurumun binasının təmirinə. Absurdun pik nöqtəsidir! Təqvim 21-ci əsri göstərərkən büdcəyə bağlı belə aqrar mahiyyətdə bir təşkilatı ləğv etmək əvəzinə, onun binasını təmir etmək heç bir məntiqə sığmır.

Amma nəzərə alsaq ki, Azərbaycan hələ də məzmunca, dünyagörüşcə sovetizmə yoluxmuş idarəetmənin girovudur, o zaman AYB-yə də, Sovetdənqalma digər “yaradıcılıq” ittifaqlarına (Rəssamlar, Memarlar, Bəstəkarlar, nə bilim daha nə birlikləri!) “atalıq qayğısı” göstərilməsini başa düşmək çətin deyil. Zaman dəyişib, məqsəd isə dəyişməz qalır: sənəti, mədəniyyəti, ədəbiyyatı partiya və hökumət işinin “vintciyi və təkərciyi” libasında qorumaq, yeniçi, azad sənətkarlıq ruhunun meydana çıxmasını tormozlamaq, yaradıcı adamlarda hakim gücə, saraya biət, təslimçilik vərdişlərini qorumaq və daha da gücləndirmək!

Hazırkı rejim təsəvvür etmir ki, onun iradəsindən kənarda hansısa ədəbi, mədəni proseslər yaşana bilər. O ağlına da gətirmir ki, yazıçı, şair, rəssam, bəstəkar… yaltaqlanmasın, itaət göstərməsin, imtiyazlar umacağında olmasın, sadəcə, istedadının və intellektinin gücü ilə yaşasın, öz fikirləri ilə yaşasın, yalana qarşı dirəşsin, həqiqəti qorxusuz şəkildə hayqırsın!

Elə buna görə də başda AYB olmaq üzrə, mahiyyəti çağdaş, irəli dünyagörüşlə əsla bağlaşmayan “yaradıcı” təşkilatlar yağ içində böyrək kimi bəslənilir, onların əli ilə toplumun beyni siyasi biətçilik, ictimai qorxaqlıq, mənəvi təslimçilik kimi zərərli, zəhərli vərdişlərə yoluxdurulur, yaxud həmin vərdişlər qorunur, ayaqda saxlanılır.

Uzun sözün qısası: AYB-nin binası istənilən qədər təmizlənsin, nə onun yaradıldığı 1930-cu illərdə – repressyia, işgəncə çağlarında divarlarına hopmuş donosbazlıq iyi, nə də güllələnən Azərbaycanın ləyaqətli aydınlarının qanı silinib gedəsidir, nə də onun yeni təmiri mahiyyətindəki geriçiliyi, köhnəliyi gizlədəsidir.

Bir də unudulmamalıdır ki, təmir edilməli olan əsla o bina deyil, o binada oturub ədəbiyyat və ümumilikdə, mənəviyyat üzərində ağalıq etmək istəyənlərin beyni və ruhudur.