Baş nazirə qarşı həyata keçirilən 13 «sui-qəsd» çeçenlərin və ruhi xəstələrin adına yazılıb
Məlum olduğu kimi, Rusiya KIV-ləri baş nazir və prezidentliyə namizəd Vladimir Putinə qarşı sui-qəsd planının üstünün açıldığı xəbərini yayıb. Məlumatlara görə, planın izinə Ukrayna xüsusi xidmət orqanları düşüb. Sui-qəsd martın 4-dəki prezident seçkilərindən sonra baş verməli idi. Lakin maraqlıdır ki, bu xəbər nə dünya mediasında, nə də Rusiya ictimaiyyəti arasında ciddi rezonansa səbəb olub. Hətta bir çoxları bu məlumatları ironiya ilə qarşılayıb və ciddi qəbul etməyib. Bu, daha çox Putinin seçki ərəfəsində nüfuzunun artırılmasına xidmət edən addım kimi qəbul edildi. Buna səbəb isə əməliyyat çəkilişlərinin cinayətkarların həbsindən iki ay sonra, prezident seçkilərinə bir həftə qalmış efirə verilməsidir.
Xatırladaq ki, bu, Putinin prezidentliyi və baş nazirliyi dövründə ona qarşı hazırlanan 13-cü sui-qəsd xəbəridir. Bundan əvvəlki sui-qəsd xəbərləri də ictimaiyyət içində gözlənilən effekti verməyib. Birinci sui-qəsd guya 2000-ci il fevralın 24-də, Putin prezident səlahiyyətlərini icra edəndə həyata keçirilməli idi. O zaman bu cəhdi çeçen qruplaşmalarının adına yazdılar. Ikinci “qəsd” hazırlananda Putin artıq prezident idi. 2000-ci il avqustun 18-19-da Yaltada keçirilən MDB-nin qeyri-formal sammitində həyata keçirilməsi planlaşdırılan partlayışa görə də dörd çeçen həbs edilib. Putinə qarşı üçüncü sui-qəsd isə artıq Bakıda, 2001-ci ilin yanvarında həyata keçirilməli idi. Maraqlıdır ki, bu barədə məlumat da məhz bu il, prezident seçkilərinə az qalmış açıqlanmışdı. Bu hadisədə də çeçen izi tapıldı. Putinə qarşı dördüncü qəsd Iranda həyata keçirilməliydi. Beşinci sui-qəsd kimi isə 2002-ci ildə özünü əsl Putin kimi elan edən Vladimirovsk vilayətinin 38 yaşlı sakininin öz avtomobili ilə Kremlə daxil olması cəhdi göstərilib. Saxlanılan bu şəxs əsəb dispanserinə göndərilib. Bundan bir neçə gün sonra isə Putinə qarşı altıncı “sui-qəsd”ə cəhd edilib. Bu dəfə ruhi xəstə kimi qeydiyyatda olan 75 yaşlı təqaüdçü Prezident Administrasiyasının qəbul otağına gələrək özünə atəş açıb. O zaman təqaüdçünün məhz Putini öldürmək istədiyi barədə xəbərlər yayıldı. Putinə yeddinci sui-qəsdi də 2002-ci ildə ruhi xəstə həyata keçirməyə cəhd edib. Udmurtiya sakini idarə etdiyi “Qazel” mikroavtobusunu FTX-nin binası qarşısına sürərək Putinlə görüş tələb edib. Əks halda o, avtomobili partladacağını deyib. Lakin qısa müddətdən sonra o təslim olub.
Putinə səkkizinci sui-qəsd isə olduqca maraqlıdır. Belə ki, Tatarıstandan olan əlil-pensiyaçı Kremlə məktub göndərib. Xüsusi xidmət orqanları zərfdə ağ maddə tapıb. Lakin sonradan bunun un olduğu ortaya çıxıb. Putinə doqquzuncu sui-qəsd xəbəri də 2002-ci ildə yayıldı. O zaman yayılan məlumatlara görə, guya FTX-nin iki əməkdaşı Londona gələrək qurumun keçmiş podpolkovniki Aleksandr Litvinenko ilə görüşüb və Putini öldürməyin yollarını müzakirə edib. Rəsmi məlumatlara görə, bu qəsd cəhdində “Putinin şəxsi düşməni” olan Boris Berezovskinin də adı hallanıb.
Bu hadisədən sonra Putinə “qəsd” cəhdlərinə ara verildi. Çünki həmin dövrdə onun əhali arasında nüfuzu kifayət qədər idi və sui-qəsd səhnələri qurmağa ehtiyac yox idi. Sui-qəsd Medvedev prezident seçiləndən sonra yenidən gündəmə gəldi. Bu dəfə artıq hədəf təkcə Putin deyil, bütövlükdə tandem idi. Belə ki, sayca onuncu qəsd 2008-ci ilin martında baş tutmalı idi. O zaman Osmanov soyadlı tacik snayper tüfəngi ilə Qızıl Meydana tərəf gedən Putin və Medvedevi vurmağı planlaşdırırmış. Terror aktına bir neçə saat qalmış sui-qəsdçi saxlanıldı. O zaman xüsusi xidmət orqanları bunu, hətta terror qruplaşmasının cəhdi kimi qələmə verdi. On birinci cəhd kimi özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edən şəxsin avtomobillə Kremlə daxil olması göstərilib. Nəhayət, on ikinci “sui-qəsd” cəhdi 2011-ci ilin iyununda baş verib. O zaman 30 yaşlı kişi əmək haqqının verilməsinə nail olmaq üçün Kremlə daxil olmağa cəhd edib. Bu şəxs də ruhi xəstə kimi xəstəxanaya göndərilib.
Göründüyü kimi, “qəsd”ləri ya çeçenlər, ya da ruhi xəstələr həyata keçirməyə cəhd edib.
Bir çox ekspertlərin fikrincə, sui-qəsdlərin çeçenlərlə əlaqələndirilməsi təsadüfi deyil. Çünki bu halda Putin terrorizmə qarşı mübaizə aparan şəxs kimi qələmə verilir.
Sonuncu sui-qəsdə gəldikdə, bu xəbər ictimaiyyət arasında daha çox tənqidə məruz qalıb. Hətta bunu siyasi demaqogiya kimi qələmə verənlər də az deyil. Müxalifətə yaxın blogerlər isə “dəstək mitinqlərini”, “sui-qəsdləri” yaxşı rejissor işi adlandırır. Məqsəd isə reallığa dəxli olmayan gözəl mənzərənin yaradılmasıdır. Hətta blogerlər “Ölkənin bütün kinoteatrlarında ”Putinə sui-qəsd?! filminə baxın. Rejissor: Stanislav Qovoruxin (Putinin seçki qərargahının rəhbəri)” videoçarxı hazırlayıb. Bundan əlavə, blogerlər Putinin reytinqinin yüksəlməsi üçün telekanallara süjetlər də təklif edib. Bunların arasında “Deyirlər səhər yanğın zamanı Putin Ağ evdə kürən atı xilas edib”, yaxud “martın 4-ə qədər baş nazirin korteji qəfil Kutuzov prospektində dayanmalıdır ki, Putin hamilə qadının doğuşunu qəbul etsin”, “seçkidən əvvəl Putin bir baxışla narkomaniyaya qalib gəldi”, “Putinin səs verdiyi seçki məntəqəsində əlil-nənə qəfil gözəl və sağlam gənc qıza çevrildi” kimi ironik variantlar təklif edilib.
Fizzə