Maliyyə böhranına baxmayaraq xərclər ikiqat artırılıb
Ölkədə maliyyə böhranının hökm sürməsinə baxmayaraq təhsil müəssisəsiləri büdcədən ayrılan pulları sağa-sola xərcləməkdən əl çəkmir. “Bizim Yol” qəzetinin apardığı araşdırma belə deməyə əsas verir. Məsələn, bəlli olub ki, maliyyə böhranına baxmayaraq Iqtisad Universitetinin bu ilki xərcləri əvvəlki illərə nisbətən daha çoxdur.
Həmçinin aydın olub ki, xərc istiqamətləri dəyişməyib, eyni sahələrə təkrar-təkrar pullar yönəldilib. Abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərc maddəsindən 5 990 000 manat sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri, 1 980 000 manat digər maşın və avadanlıqlar, 1 480 000 manat inventarın alınması, 700 min manat abadlaşdırma xidmətləri haqqının ödənilməsi, 560 min manat cari təmir, 460 min manat avadanlığın alınması, 298 min manat idarənin xərcləri, 265 500 manat digər alışlar və xidmətlər, 255 min manat istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər, 170 min manat dəftərxana və təsərrüfat xərcləri, 106 min manat yumsaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınmasına yönəldilib. Ümumilikdə 12 264 500 manatı 11 tenderdə xərcləmək nəzərdə tutulub. Sanki universitet yeni yaradılıb, binasını da təzə tikib, ehtiyac olan hər şeyi birdəfəlik alırlar.
Ali məktəbin bahalı sifarişləri “göz qamaşdırır”
Təhsil Nazirliyi Azərbaycan Memarlıq və Inşaat Universitetinin də satınalma planı “göz qamaşdırır”. 405 min manat digər maşın və avadanlığın alınması, 270 min digər alışlar və xidmətlər, qəzet və curnallara abunə, elanlar, 200 min inventarın alınması, 144 min dəftərxana və təsərrüfat mallarının alınması, 120 min idarənin digər xərcləri, 100 min çap mətbəə və tərtibat işləri, 96 min cari təmir işləri, 72 min liftlərə texniki xidmət və məişət tullantılarının daşınması, 70 min kommunikasiya xətlərinin cari təmiri, bir o qədər də vəsait avadanlığın alınması, daha 70 min manat da proqram təminatı üçün satınalma planıdır. Ümumilikdə 1 794 098,66 manatlıq sifariş planı var. Bu, ADIU-nun xərclərindən 6,84 dəfə azdır. Xərc maddəsinin maliyyələşmə mənbəyi olaraq da büdcədənkənar maliyyələşmə qeyd olunur. Bazada 2015-ci ilin satınalma planının AMIU üzrə 2 611 249 manat olduğu barədə rəqəmlər yer alıb. Misal üçün, universitetin 2 saylı tədris korpusunun (12 mərtəbəli) əsaslı təmirinə 800 min, universitet tələbələri və əməkdaşları üçün tikiləcək istirahət mərkəzinin elektrik yarımstansiyasının layihələndirilməsi və elektrik stansiyasının quraşdırılması 400 min, inventarin alınması 180 min, digər alışlar və xidmətlər 160 min, digər maşın və avdanlıqlar yenə 160 min, sair xərclər 126 249, dəftərxana və təsərrüfat malları 120 min, idarənin digər xərcləri 110 min, 555 min manat da müxtəlif sahələrə nəzərdə tutulub.
Inşaat Universitetində satınalma planı ilə tender məzmunu fərqlidir
Amma reyestr məlumatlarında tenderlər bütövlükdə əhatə olunmayıb. Təklif planının icrasında da ziddiyyətli məqamlar var. Məsələn, digər maşın və avadanlıqlar 159 982,04 manata “Inpeksn” MMC-dən satın alınıb – plan qiymətindən cəmi 17,96 manat “ucuz”. Universitetin 2 saylı tədris korpusunun mərtəbələrində və həyətyanı sahəsində asfalt örtüyünün təmir işlərinin satın alınması 792 099,74 manat təşkil edib və podratçı “Ilqar-MR” MMC seçilib. Seçilibmi, bu da məlum deyil. Çünki Hesablama Palatasının da dövlət təşkilatlarında apardığı auditin nəticələrinə görə, əksər qurumlar bir mənbədən satınalma üsulundan istifadə edirlər. Satınalma müqaviləsi təklif olunan qiymətdən cəmi 7 900,26 manat aşağı bağlanıb. Burada diqqət çəkən məsələlərdən biri də odur ki, satınalma planında bütövlükdə 12 mərtəbəli tədris korpusunun əsaslı təmirinin nəzərdə tutulduğu göstərilsə də, keçirilən tenderlərin reyestrində korpusun mərtəbələri və həyətyanı sahəyə məxsus asfaltın təmiri işinin satın alındığı qeyd olunur. Yəni burada hansı mərtəbələrinin təmirə məruz qaldığı qeyd edilmir. Belə qənaət yaranır ki, satınalma planında iş həcmləri şişirdilir, məsələ gerçək işi görməyə gələndə miqyası azaldılır. Podratçı şirkət də adətən bəlli büdcə təşkilatlarının iri vəsaitlərini xərcləyən firmadır. Dəftərxana və təsərrüfat mallarının alınması 104 902 (plan 120 min idi) “Ilqar-NNT” MMC-yə verilib. Idarənin xərcləri üzrə satınalmalar 109 953 manata (satınalma planı 110 min manat) yenə həmin şirkətə həvalə olunub. Inventarın alınması 179 996,02 manat (satınalma planı 180 min manat) müqabilində “Retro-Inşaat” MMC-yə verilib. Göründüyü kimi satınalma planı ilə satın alınan qiymət arasında cəmi 3.98 manat fərq var. Bu da tenderlərdə rəqabətin olduğunu şübhəyə alır.
ADNSU abadlığa yarım milyona yaxın vəsait xərcləməyi məqsəd seçib
Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də artıq satınalma planını irəli sürüb. Tədris binalarının otaq, dəhliz, laboratoriyanın təmiri 855 976,15, dəftərxana və təsərrüfat malları, plastik kartların alınması 176 660, müasir texniki avadanlıqlar 170 min, avadanlıgın alınması 110 min, elektrik, santexnika, təsərrüfat malları 90 min, proqram təminatı 85 min, mebel, parta və internetlə təminat da 65 min manat nəzərdə tutulub. Bütövlükdə 1 552 636,15 manatlıq tender planı var. Burada da xərc maddəsinin maliyyələşmə mənbəyi “büdcədənkənar” adı altındadır. Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti 1 055 800 manatlıq satınalma planını bildirib. Universitetin 4 hektara yaxın ərazisində abadlıq işlərinin görülməsi 441 800, universitetin ərazisində yeni istilik və elektrik xətlərinin çəkilişi 200 min, müxtəlif növ mebellərin, pərdələrin alınması 200 min, dəftərxana və təsərrüfat malları, mətbəə xərcləri, idarədə işlənən müxtəlif mal-material, tədris binalarında cari təmir işləri, minik avtomobili, kartriclər və müxtəlif avadanlıqların alınmasına da 214 min manat yönəldilib.