Rövşən Ağayev: «Neft və qaz hesabına varlanan ölkələr daha sonra maliyyə və turizm mərkəzləri kimi inkişaf edib»
Neft ölkələrinin məmurlarının zənginləri siyahısı olsaydı, Azərbaycan oliqarxları öndə dayanardı
Beynəlxalq Valyuta Fondunun açıqladığı ən varlı ölkələr siyahısında ölkəmizin tutduğu yer yenə də ürəkaçan olmadı. Hakimiyyətin dünyanın ən inkişaf etdiyi ölkə kimi təqdim etdiyi Azərbaycan bu siyahıda 81-ci yerdə qərarlaşıb. Belə ki, ölkəmizdə adambaşına düşən ÜDM 10,2 min dollar olduğu halda siyahıda birinci yerdə olan Qətərdə bu göstərici 102,9 min dollardır. Neftlə zəngin olan ölkələrdən Bruney, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ-i də zənginlər siyahısında ilk iyirmilikdədir. MDB ölkələri arasında da Azərbaycan öndə deyil. Rusiya, Qazaxıstan və Belarus ölkəmizi qabaqlayır.
Göründüyü kimi, iqtidar mənsubları ölkəmizi dünyanın zəngin ölkələri ilə bir sırada tutmağa cəhd etsə də, beynəlxalq qurumların hesabatları bunun əksini göstərir. Bəs Azərbaycanın digər neft ölkələri kimi zənginlər siyahısına düşməsinə nə və ya kimlər mane olur?
Iqtisadçı-ekspert Rövşən Ağayev neft və qaz hesabına varlanan ölkələrin daha sonra maliyyə və turizm mərkəzləri kimi inkişaf etdiyini deyir. Təbii sərvətlərdən yararlanan bu ölkələr xidmət sektorunu formalaşdırıb. Bu ölkələrdə turizm, rabitə sektoru, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, bank sektoru inkişaf edib. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmizdə bu sektorların heç biri inkişaf etməyib. Əgər neft ölkələrinin əksəriyyətində ÜDM-də xidmət sektorunun payı 35-40 faiz arası dəyişirsə, Azərbaycanda bu göstərici 10-15 faizdən çox deyil.
Ekspertin fikrincə, son iyirmi ildə Azərbaycanın əlində inkişaf etmək üçün yaxşı imkanları olub. Neftdən gələn pullar iqtisadiyyatı diversifikasiya etməyə imkan verirdi. Lakin ölkədə neftdən kənar heç bir sahə inkişaf etməyib. Çünki iqtisadiyyatın diversifikasiyasında, şaxələnməsi istiqamətində kobud səhvlərə yol verilib. Bu səhvlərin səbəbkarı isə məmur oliqarxiyasıdır.
Azərbaycanın digər neft ölkələrindən geri qalmasının başqa səbəbi isə azad sahibkarlığın inkişaf etməməsidir. R.Ağayevin sözlərinə görə, neftlə zəngin ərəb ölkələrində qismən avtoritar rejimlər olsa da, onlar iqtisadiyyata can veriblər, azad sahibkarlıq üçün şərait yaradıblar. Azərbaycanda isə sahibkarlıq üçün heç bir imkan yoxdur. Bunun da nəticəsində bu gün Azərbaycanın büdcəsinin təxminən 75 faizi birbaşa neftdən formalaşır. Büdcədə, ÜDM-də neftin payına görə Azərbaycanda vəziyyət digər neft ölkələrindən qat-qat pisdir.
Fizzə


