Rövnəq Abdullayevdən Oqtay Əsədova hücum

Spikerin qudası Alı Qocayev məhkəməyə verilib

“Binəqədi Oyl” şirkəti Binəqədi Rayon Icra Hakimiyyətini məhkəməyə verib. Şirkət məhkəmədən 1 saylı mədənin ərazisindəki tikililərə verilən sərəncamın ləğvini xahiş edir. Qeyd edək ki, həmin ərazidə yüzlərlə ailə məskunlaşıb.  
“Binəqədi Oyl” isə ona məxsus ərazidə olan evləri qanunsuz hesab edir və sökməyə çalışır. Bu barədə məlumat “Reytinq” qəzetində dərc olunub. Məlumatda deyilir ki, “Binəqədi Oyl”un rəhbəri ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadənin oğludur. Bu fakt məsələnin arxasında hakimiyyətdaxili ziddiyyətlərin dayandığını söyləməyə əsas verir. Söhbət ondan gedir ki, Binəqədinin icra başçısı Alı Qocayev Milli Məclisin spikeri Oqtay Əsədovun qudasıdır. Oqtay Əsədovla ARDNŞ-in prezidenti Rövnəq Abdullayev arasında isə ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər “Azərsu” ilə bağlıdır. Adıçəkilən qurum son illərə qədər Oqtay Əsədovun nəzarətində olub. Lakin bir müddət əvvəl “Azərsu” Rövnəq Abdullayevin nəzarətinə keçib. “Azərsu”nun hazırkı prezidenti Qorxmaz Hüseynov Rövnəq Abdullayevin kadrı hesab olunur. Oqtay Əsədov bu qurumu əldən vermək istəməsə də, Rövnəq Abdullayevlə mübarizədə uduzmalı oldu. Bundan sonra Rövnəq Abdullayev Oqtay Əsədovun qudası Alı Qocayevin satdığı neft şirkətinə məxsus əraziləri geri almaq istiqamətində işə başlayıb. Bu isə konfliktin daha da dərinləşməsinə səbəb olub. Görünür, artıq Rövnəq Abdullayev savaşı açıq müstəvidə aparmağa qərar verib. Bu baxımdan da birbaşa Alı Qocayevə qarşı məhkəmə iddiası qaldırılıb.