Fransada “erməni qanunu” ləğv edildi

Konstitusiya Şurası qərarını verdi

Fransanın Konstitusiya Şurası “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsilə bağlı qərarını açıqlayıb. Şura Senatda qəbul olunan layihənin ləğv edilməsi haqda qərar çıxarıb. Şuradan qərarla bağlı başqa məlumat verilməyib.
Qərarın ləğvinə ilk münasibət isə Türkiyənin hakim partiyası AKP-nin parlamentdəki deputat qrupunun sədr müavini Nurəddin Canıklıdan gəlib: “Bir yanlışdan döndülər. Bu qərar Fransada hələ ağıl olduğunun bir göstəricisidir”. Qeyd edək ki, qanun layihəsinin Fransa Senatında qəbulundan sonra Avropa Demokratik və Sosialist Birlik deputat qrupunun başçısı Jak Mezardın rəhbərliyilə başlayan imzatoplama kampaniyasına 77 qanunverici qoşulmuşdu. Məclisdə isə hakim Xalq Hərəkatı Birliyi (UMP) partiyasının üzvü Mişel Difenbaxerin təklifi ilə kampaniyaya 65 deputat imza atmışdı. Layihənin Konstitusiya Şurasında ləğv edilməsi üçün aparılan kampaniyaya qoşulan millət vəkilləri və senatorlar “inkar qanunu”nun Fransa Konstitusiyasının 33-cü maddəsinə və ifadə azadlığına zidd olduğunu əsas gətirirdi.

İnformasiya şöbəsi