Gürcüstan fərqi

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Gəlin öncə bu günlərdə Azərbaycanın xəbər lentlərini bəzəyən məlumatı xatırlayaq: “2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib. Bu barədə qonşu ölkənin baş naziri Georgi Kvirikaşvili açıqlama verib:

“Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turist və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14.9 faiz, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24.3 faiz artıb. Bu çox müsbət göstəricidir” – deyə baş nazir bildirib.

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə isə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfərdir…”

Bu isə srağagün yayılan xəbərdir: “Azərbaycan ”Eurovision” mahnı müsabiqəsinə rəqib olan yeni yarışma təşkil edir. Bu barədə “Eurovision”un Türkiyə üzrə rəsmi nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, “Youthvision” yarışması “Bakı Crystal Hall”da keçiriləcək və 20-dən çox ölkə iştirak edəcək. Müsabiqə Gənclər və Idman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, yarışmanı izləyən xarici vətəndaşlar üçün qarşılama, hotel xərcləri, yemək və paytaxt gəzintisi ödənişsiz olacaq”.

Iki xəbər arasındakı fərqi izah etməyə gərək varmı? Yox, yox, söhbət heç də ondan getmir ki, vətəndaşları aclıq, səfalət, kredit bataqlığında çapalayan ölkəni idarə edənlər mənasız musiqi və idman yarışlarına ətək-ətək pul xərcləməkdən yorulmurlar. Söhbət Gürcüstanın digər sahələrdə olduğu kimi, turizmdə də çağ adladığı, fantastik uğurlar qazandığı, ciddi gəlirlər əldə etdiyi (qonşu ölkə keçən il bu sektordan 2 milyard dollardan çox qazanc götürüb) bir vaxtda YAP rejiminin “yarışmanı izləyən xarici vətəndaşlar” adı altında faktiki olaraq turistləri bəsləməsindən gedir. Öz xalqına qarşı əzazil olan rejimlər üçün bu, xarakterik haldır: onlar yalnız başqalarının gözündə gözəl görünmək istəyirlər. Ki, bəlkə bununla dünyadakı korrupsioner, basqıçı imiclərini az da olsa, korrektə edə, dəyişə bildilər. Bu cür rejimlər üçün öz xalqlarının fikri önəmli deyil. Onlar bilirlər ki, hakimiyyətlərinin təminatı milli iradə deyil, pul və zopadır. Bircə qalır bunu bəşəriyyətin gözündə malalamaq, ört-basdır etmək. Bunun üçün isə heç bir anlamı və dəyəri olmayan təmtəraqlı beynəlxalq tədbirlər, idman, musiqi yarışları keçirmək yaxşı fürsətdir. Elə eyni məntiqin nəticəsidir ki, Bakıda tarixi abidələri buldozer ağzına verərkən, Avropanın çeşidli şəhərlərində muzeyləri, kilsələri təmir etməyə həvəslidirlər.

Və nə qədər ki, vətəndaşın öz ölkəsinin taleyinə münasibəti “turist münasibəti” olacaq, bu cür də davam edəcək. Nədir bu “turist münasibəti?” Bir dəfə çağımızın dəyərli aydınlarından biri Yalçın Islamzadə azərbaycanlıların özlərini öz ölkələrində turist kimi aparmasından yazmışdı. Bəli, toplumun böyük çoxluğuna baxanda adama elə gəlir, onlar bu ölkədə bir növ turistdirlər, sanki məmləkətdə baş verən heç nəyin onlara heç bir dəxli yoxdur, sanki bu yağmalanan, sömürülən, hüquqsuz vəziyyətə salınan, cəhalətə sürüklənən ölkə heç onların deyil, guya bu qədər haqsızlığa uğrayan, zülm görən, alçaldılan, aşağılanan, istismar olunan da özləri yox, tamamilə başqalarıdır – “mən siyasətə qarışmıram”, ya da “evdə balalarım var” kimi aqrar bəhanənin arxasına sığınıb susurlar, dinmirlər, təpki göstərmir, etiraz etmir, sorğulamır, hesab istəmirlər.

Bundan sonra yaptokratiya sizi qəpik-quruşa möhtac qoyub, amma el-aləmin manısını, idmançısını, hətta sıradan turistini belə yağ-bal içində bəsləməyib nə etməlidir?!

Bizdə bu təslimçi ruh, “buna da şükür!” düşüncəsi davam etdikcə aqibətimiz də işsizlik, borc, səfalət, aşağılanmaq olmağa davam edəcəkdir. Hə, bir də arada eyni “şinel”dən – Sovet sistemindən çıxdığımız Gürcüstana baxıb ağzımızın suyunu axıdacağıq. Əlbəttə, əgər o da acımızdan qurumasa!