“Kef çəkməli əyyam”a qayıtmaq cəhdləri…

…və təhsilimizin «bığları» barədə

YAP-ın istənilən tədbiri bu xalqa bəla gətirir. Hakim partiya təhsilin qeydinə qaldığını nümayiş etdirmək məqsədi ilə böyük bir toplantı keçirib. Bu toplantıda səslənən iki məsələ diqqəti cəlb edir. Əvvəla, nazir qəbul imtahanlarında “tet-a-tet” üsulun tətbiqi barədə fikir bildirib, sonra isə 12 illik təhsil müddətinin qanuniləşdirilməsini vacib sayıb.
Uzun müddətdir ki, ağzından kisə-kisə rüşvətin dadı getməyən ali məktəb rəhbərləri “bəlkə də qaytardılar” ümidi ilə bu məsələni dönə-dönə gündəmə gətiriblər. Bu dəfə nazirin söylədikləri bir çoxlarının istəkləri ilə üst-üstə düşür. Amma tam məsuliyyətlə deyirəm: əgər qəbulda üzbəüz imtahanlar yenidən bərpa olunsa, bu, ümumiyyətlə, təhsilin bir məfhum olaraq aradan götürülməsinə gətirib çıxaracaq. Ona görə də M.Mərdanovun söylədiyi fikri diqqətlə təhlil etməyi lazım bilirəm. O deyib: “Tələbə qəbulu prosesində tətbiq edilən test üsulunun çox böyük üstünlükləri var, lakin üzbəüz imtahan olmasa, bir sıra peşələrə yiyələnməyə qadir olan insanları seçmək mümkün olmur”.
Baxın, nazir bir tərəfdən, test üsulunun çox böyük üstünlüklərindən söz açır, digər tərəfdən, onun çatışmayan cəhətini söyləyir. Ona görə də bəzi təhsil ekspertlərinin bu fikri yanlış şərh etməsi şəxsi maraqlara xidmət edir. Bəli, biz test üsuluna, təqribən, demokratiyaya verdiyimiz tərif kimi münasibət bildiririk – pis idarəetmədir, lakin bəşəriyyət ondan yaxşısını kəşf etməyib. Biz dönə-dönə demişik ki, test üsulunun çatışmazlıqları çoxdur, lakin bu o anlama gəlmir ki, ondan imtina etməliyik. Test üsulunun gücünü təkcə onunla müəyyən etmək kifayətdir ki, hətta mövcud rejim onun tətbiqini dayandırmaqdan ehtiyatlandı. Güman etmirəm ki, ayrı-ayrı pulgirlərin istəyindən asılı olaraq, hakimiyyət belə bir iddiada bulunmuş olsun. Amma bir həqiqət də var: elə spesifik ixtisaslar var ki, bu sahədə çalışacaq insanların qabiliyyətini aşkarlamaq üçün təkcə test üsulu kifayət etmir. Yuxarıda qeyd etdiyimiz bəyanatın səslənməsinə səbəb olan digər bir məsələ mövcuddur: TQDK- nın test kitabçalarında ciddi elmi və metodiki nöqsanlar var. Bu barədə yazmışıq və davam edəcəyik. Məhz həmin nöqsanlar şagirdləri əzbərçiliyə sövq edir, mənasız yerə onların vaxtını alır. Hamı deyir ki, buraxılış imtahanları gözdən pərdə asmaq üçündür. Mən də bu fikrə şərikəm. Bizdəki buraxılış imtahanları mənə hakimiyyətin seçkilərini xatırladır. Amma gərək TQDK-nın da nöqsanlarını fərq qoymadan deyək.
Toplantıda səslənən digər məsələ 12 ilik təhsilin vacibliyini diqqətə çatdırmaqdır. Gətirilən arqumentlər ağlabatandır; həqiqətən, müasir təhsil, onun məzmun standartları mövcud müddətə uyğun gəlmir. Arqumentlər sırasına bir neçəsini də mən əlavə edərdim. Başlıcası, öyrədilən material şagirdin fiziki və əqli inkişafına uyğun olmalıdır. Bu baxımdan, təhsilin müddətini artırmaq zərurətə çevrilir. Amma zərurətdən belə, imtina etməyin tərəfdarıyam. Birinci, ona görə ki, Azərbaycan təhsili köklü islahatlar tələb edir və bunları həyata keçirmədən belə bir addımın atılması formal bir akt olacaq. Digər tərəfdən, ayırd etmək lazımdır: 12 illik təhsil müddəti şagird kontingentinin neçə faizini təşkil etməlidir. Bizdə “Koroğluya oxşamaq” dəbdədir, amma bu da məlumdur ki, atasının gözünü çıxarmaqla adama belə ad vermirlər. Niderlandda, hətta elə məktəblər var ki, təhsil müddəti 17 ildir. Bu məktəblərdə xüsusi istedada sahib uşaqlar təhsil alır, çünki onların əqli yükü götürmək qabiliyyəti yüksəkdir. Lakin həmin ölkədə bir çox şagirdlərin təhsil müddəti 9-cu sinifdə bitir. Hələ üstəlik, onlara 4-cü sinifdən başlayaraq, sırf elmi biliklər deyil, əmək nəzəriyyəsi və peşə öyrədilir.
Təhsilin müddəti ilə bağlı qızğın mübahisələr ona bənzəyir ki, bəzi insanlar bığ saxlamaqla özünün kişi olduğunu gözə soxmaq istəyir. Azərbaycan təhsilini kişi kimi görmək istəyənlər ona süni bığ düzəltmək əvəzinə, mahiyyət dəyişikliyi aparmalıdır.

Nabatəli Qulamoğlu