Dollar növbəti sıçrayış ərəfəsində

dollarQubad İbadoğlu: «Formula-1» dolların məzənnəsini qaldıra bilər»

Dünən Neft Fondu 50 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb və 23 banka satıb.  Dünən USD/AZN məzənnəsi 1.5024 səviyyəsindədir. “Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, hərracda dolların orta satış qiyməti 1,5062 olub.

Maraqlıdır ki, son zamanlar dolların məzənnəsində artım müşahidə olunur. Bundan başqa, hərraca çıxarılan dolların satışı da göstərir ki, hazırda banklarda dollara ciddi tələbat var.

qubad-ibadoglu

Iqtisadçı Qubad Ibadoğlu facebook səhifəsində mövzuyla bağlı qeyd edib ki, iyunun 17-dən 19-dək Bakıda ilk dəfə keçiriləcək “Formula-1″ Avropa Qran Prisinin açılışına 11 gün qalır. Bu müddət ərzində ən azı 2 səbəbdən manatın dollara nəzərən məzənnəsində dəyişikliklər müşahidə oluna bilər.

Q.Ibadoğlunun fikrincə, bu mötəbər yarış öncəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) iyunun 14-15-də növbəti toplantısının keçirilməsi və uçot dərəcələrini qaldırması ehtimalının getdikcə artması dolların bahalaşması üçün əsaslar yarada bilər: “FES-in qərarının ABŞ-la ticarət və investisiya əməkdaşlığı güclü olan ölkələrə ciddi təsirləri müşahidə olunsa da, bu qərarın Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə kimi valyuta bazarı xarici şoklara həssas olan ölkələrdə milli valyutaların dollara nəzərən məzənnəsinə daha çox psixoloji təsirləri gözlənilir. Federal Açıq Bazar Komitəsində keçiriləcək növbəti iclas ABŞ iqtisadiyyatının Iqtisadi proqnozlarının müzakirəsi və sədrin mətbuat konfransından ibarət olacaq. Gözləntilərə görə, FES bu və ya iyulun 26-27-də gözlənilən sonrakı toplantısında uçot dərəcəsini bahalaşdıracaq. Uçot dərəcəsinin artırılması pul kütləsinin azalmasını şərtləndirdiyinə görə bu, dolların mövqeyini möhkəmlədir. Proqnozlara görə, bu il 1,1 dollar 1 avro, 1 dollar 115 yen səviyyəsində qərarlaşacaq”.

Q.Ibadoğlu bildirib ki, manatın məzənnəsinə təsir göstərəcək ikinci amil “Formula-1″ Avropa Qran Prisinə görə ölkəyə gələcək turistlərin sayı ola bilər:ÿ”Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla 590 dollar arasında, iyunun 16-dan 20-dək akkreditə olunmuş mehmanxanalarda yaşayış xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir. Gözləntilər ondan ibarətdir ki, Mərkəzi Bank Azərbaycanı turistlərə cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər. Xaricilər üçün mehmanxana və biletin ödənişləri dollarla aparılsa da, onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu, turistlər üçün Azərbaycan bazarının cazibədarlığını azalda bilər”.

Samir Əliyev: “Dövriyyədə manatın kütləsinin artması, onun iqtisadiyyata daxil olması dollara tələbatı artırıb”

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, proseslər onu deməyə əsas verir ki, FES uçot dərəcələrini yəqin ki qaldırmayacaq. Bu isə o deməkdir ki, dolların kəskin bahalaşması gözlənilmir: “Manatın məzənnəsi guya, tələb və təklif əsasında müəyyən olunur. Amma burada mexanizm tam məlum deyil. Dünyada da dollar bahalaşanda manatın məzənnəsi ucuzlaşır və ya əksinə. Bankların son vaxtlar dollara tələbatı artıb. Bu isə iki səbəblə bağlıdır. Birinci səbəb pul kütləsinin artmasıdır. Keçən ay pul kütləsi 10 faiz artıb. Pul kütləsinin iqtisadiyyata daxil olması dollara tələbatı artırıb. Ikinci isə Mərkəzi Bank bankları kredit vermək üçün manatla təmin edib. Düzdür, bu, arzuolunan səviyyədə deyil. Ona görə bankların əlində hazırda manat var. Eyni zamanda əhalinin müəyyən təbəqəsi əlində olan dolları manata çevirir. Dövriyyəyə manatın gəlməyi ona gətirib çıxarır ki, Mərkəzi Bankın siyasətinə rəğmən əldə manat kütləsi artır. Bu isə dollara tələbatı artırır”.

Xəyal