Orxan Kərimovun işi məhkəməyə göndərildi

Vəkili onun məhkəmədə uğur qazanacağına əmin olduğunu deyir

Qanunsuz tələbə köçürmələri və rüşvət ittihamı ilə həbs edilən Orxan Kərimov mətbuata müraciətində günahsız olduğunu dəfələrlə bildirib. Işin qanun çərçivəsində həllinə tərəfdar olan O.Kərimovun və vəkilinin müraciətləri cavabsız qalıb. Onun səhhəti ilə bağlı da müalicəyə ehtiyacı var. Milli Məclisin 9 üzvünün, həmçinin bir qrup ziyalının O.Kərimovla bağlı dövlət başçısına müraciəti də olub.
Aldığımız məlumata görə, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. Işin detallarını öyrənmək üçün Orxan Kərimovun müdafiəçisi Ramiz Məmmədovla əlaqə saxladıq. Onun verdiyi məlumata görə, yanvar ayında Orxan Kərimov və qeyriləri barədə olan cinayət işinin istintaqı tamamlanandan sonra iş materialları tanış olmaq üçün vəkilə təqdim edilib. “Cinayət işinin materialları ilə tanışlıq zamanı Orxan Kərimov özü, aşkar etdiyi, işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən hallar, araşdırılmamış xüsusatlar, ziddiyyətli məqamlarla bağlı mətbu orqanları məlumatlandırıb. Iş materialları ilə tanışlıq başa çatandan sonra biz istintaqa cinayət işinin mövcud vəziyyətdə məhkəməyə getməsinin mümkünsüz olmasını əsaslandırmaqla onun yenilənməsini xahiş edərək bir neçə vəsatətlə müraciət etdik. Lakin vəsatətlərimiz təmin edilmədi. Istintaq qrupunun rəhbərinin qəbul etdiyi qərardan nəzarətedici prokurora şikayət ünvanladıq, lakin şikayətimiz də rədd edildi. Bundan sonra ittiham aktının surəti bizə təqdim olundu və cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Cinayət işinin hansı hakimin icraatına verilməsi bizə məlum deyil” – deyə vəkil bildirdi.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəməyə hazırlıq gördüyü üçün Orxan Kərimova elan olunmuş ittihamların, işin araşdırılmamış ziddiyyətli məqamları ilə bağlı mətbuata məlumat verməyi zəruri saymır: “Bir onu demək istəyirəm ki, O.Kərimov baş verənlərə taleyin ironiyası kimi yanaşsa da, optimistdir, məhkəmənin daha çox ittiham və ya müdafiə tərəfinin dəlillərini nəzərə alacağından asılı olmayaraq məhkəmə zalına üzüağ daxil olacağına, uğur qazanacağına, təqsirsiz olmasını, Təhsil Nazirliyində illərlə baş verən qanunsuz tələbə köçürmələrinin ona aidiyyəti olmamasını sübuta yetirə biləcəyinə əmindir.
Orxan Kərimovu ən çox narahat edən onun sağlamlığıdır. Təəssüflər olsun ki, istintaq orqanı buna lazımi diqqəti ayırmadı, onun sağlamlıq hüququnun qorunması üçün heç bir tədbir görmədi, təqdim edilmiş müraciətləri nəzərə alaraq onun ixtisaslaşdırılmış kardioloji tibbi müəssisələrdən birində müalicə olunmasına şərait yaratmadı və hətta məhkəmə tibbi ekspertizasının rəyi olmasına baxmayaraq, barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə razı olmadı. Ona görə də Orxan Kərimov daha çox ağrıyan ürəyini tutaraq fundamental hüquqlarını müdafiə etmək zorunda qalacaq. Bizim sonuncu müraciətimiz Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinə olub və xəstənin vəziyyətinin obyektiv yoxlanılmasını xahiş etmişik. Hazırda müraciətimizə baxılır, lakin növbəti rəy olmadığından nəticəsi barədə məlumatımız yoxdur. Orxan Kərimovun səhhəti sabit ağır olaraq qalır və bu istənilən anda ən kritik vəziyyətə çata bilər. Çünki söhbət onun ürək damarlarının tutulmasından gedir.
Orxan Kərimov şəxsiyyətini qabartmaq istəmir, lakin sadə bir vətəndaş kimi mətbu orqanların dəstəyinə ehtiyac duyur və indiyə qədər ona diqqət verdikləri üçün bütün media nümayəndələrinə minnətdarlığını çatdırmağı xahiş etdi”.
Ramin DEKO