Həbsxanadan çıxmasa, Nobel mükafatı alacaq

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Hərdən mənə elə gəlir ki, Ilham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkonun yolu ilə getsəydi, bu gün bambaşqa bir Azərbaycanda yaşayardıq. Bu, əlbəttə, mənim subyektiv fikrimdir, lakin bu o demək deyil ki, xəyal etdiyim mühit məni qane edərdi. Amma gəlin razılaşaq ki, vəziyyət bu qədər dözülməz və cansıxıcı olmazdı. Repressiya və təqib də bu qədər olmazdı. Bizim xalq dözümlü xalqdır. Onsuz da birtəhər keçinib gedirik. Ən azı rüşvət və yaşam şərtləri bu qədər amansız olmazdı.

Mən cansıxıcı və dözülməz ifadələrini təsadüfən işlətmədim. Iqtidarı təmsil edən məmurların əksəriyyəti sanki rüşvət və əliəyrliyə proqramlaşdırılmış robotlardır. Ətrafınızda və sizinlə təmasda olan məmurlara diqqət etsəniz, görərsiniz ki, onların heç birində xüsusi qabiliyyət və maraq dairəsi yoxdur. Yəqin ki, çoxlarınız baş nazirin müavini Abid Şərifovun keçən il Binəqədi rayonunda baş vermiş yanğınla əlaqədar jurnalislərin suallarına necə cavab verdiyini seyr etmisiniz; “Alabala söhbəti”ni deyirəm. Bu məntiq sahibinə bir fermanı etibar etmək belə düzgün deyil.

Mən bu yaxınlarda Nobel mükafatına layiq görülmüş belarus yazar Svetlana Alekseyeviçin xidmətlərini kiçiltmək niyyətində deyiləm, amma mənə elə gəlir ki, Azərbaycanda Nobel mükafatına layiq onlarla qələm sahibi, yazıçı, hüquq müdafiəçisi, ictimai xadim var.

Özünüz düşünün, Belarusda yeganə hədəf prezident Aleksandr Lukaşenkodur. 30 ilə yaxındır ki, ölkəni təkbaşına idarə edir, lakin bir neçə il qabaq bütün Avropa banklarını ələk-vələk elədilər, adına bir sent də olsun tapa bilmədilər. Bəlkə də haradasa qara gün üçün 50-100 milyonu var, bilmirik. Qərbin ona qəzəbi də də bəlkə elə buna görədir – ölkənin və onun prezidentinin adı ofşor sənədlərində göz oxşamır.

Hərdən mənə elə gəlir ki, Svetlana Alekseyeviçə Nobel mükafatını elə Lukaşenkonun acığına veriblər. Yəni 30 ilin diktatorusan, hanı yığdığın pullar, hanı ofşorlardakı milyardlar, Avropadakı mülklər?

Nə isə, keçək əsas məsələyə, yəni Azərbaycana. Yuxarıda qeyd etdiyim kimi, Belarusdan fərqli olaraq, bizdə vəziyyət tamam başqadır.

Dahilərdən kimsə təxminən belə bir kəlam işlədib ki, guya hər bir xalqın hakimiyyəti onun özünə layiqdir. Fikrimcə, yanlış fikirdir, ən azı Azərbaycan üçün bu, keçərli deyil.

Bu müdrik frazaya inansaq, belə çıxır ki, iqtidar da xalq qədər dözümlüdür…

Özünüz fikirləşin – adi bir tənqidə dözməyən iqtidardan fərqli olaraq, xalqın səbr kasası bəlkə də yarıya qədər dolmayıb.

Bəlkə də inanmayacaqsınız, bir neçə il əvvəl xaricə çıxarılmış 48 milyard söhbətləri gedəndə bir məclisdə bir ağsaqqal kişi dedi ki, elə də böyük rəqəm deyil, biz elə bilirdik daha çoxdur.

Dözümə fikir verdinizmi? Hələ bu harasıdır, xalq daha irəli gedərək, bu pulların onlara qismət olub-olmayacağı haqda düşünür – görəsən kafirlər bizimkilərə atmazlar ki? Ən çox da din adamlarımız üçün narahat oldular. Anlayacağınız xristian-müsəlman məsələsi…

Bəlkə sizə təəccüblü gələcək, etraf edim ki, mən də bu haqda düşünmüşəm. Heç kimə sirr deyil ki, ofşorlara pul çıxarmaq, yumşaq dillə desək, qohumun adına ev almaq kimi bir şeydir.

Hansısa Pedro istənilən vaxt sənin pullarının dalına keçə bilər. Hər şeyin məxfi olması bu riski daha da artırır. Üstəlik, ölkəndə də bundan heç kimin xəbəri yoxdur ki, sonradan gedib o pulları tələb edə, heç olmasa müəyyən hissəni geri qaytara. Doğrudan da faciədir, yeganə təsəlli budur ki, xalqımız dözümlüdür.

O ki qaldı, Nobel mükafatına, onu alacaq şəxs hamınızın tanıdığı müxalif düşüncəli, mübariz bir insan olacaq. Əlbəttə, həbsxanadan vaxtından qabaq çıxarmasalar…