Iqtidarın “Siciliya müdafiəsi”

Şahmatda bu, qaraların at və piyadaları qurban verərək, sakit məcrada keçən oyunda qəflətən hücumdan müdafiəyə keçməsidir, yəni hücum etməklə müdafiə olunmaq. Ağlar şah cinahında qələbəni bayram etməyə hazırlaşarkən, qaralar ikinci dərəcəli cinahdan mərkəzə öldürücü əks-zərbəyə ümid edirlər.
Şahmat elə bir oyundur ki, burada qələbə və məğlubiyyət şübhə altına alınmır. Burada məğlubiyyəti, adətən ilk dəfə uduzan tərəf etiraf edir. Başqa idman növlərində hakim ədalətsizliyi başda olmaqla bəhanələr sərhədsizdir. Məsələn, boksda nokauta yaxud noqdauna düşməyənlər az qalırlar elə rinqdəcə hakimi əzişdirsinlər…
XXI əsrdə avropalılar qəribə bir idman növü kəşf etdilər, boksla şahmatın hibridi olan şahboks(!). Bir raund bir-birinə yumruq atan idmançılar, 2-ci raundda şahmat taxtasına otururlar. Nokaut, noqdaun və… şahmat taxtasındakı mat görüşün taleyini həll edir.
Bəli, dünya ədalət axtarışındadır, istər idmanda, istərsə də həyatımızın digər sahələrində.
Siyasət də bir növ şahmatla boksa oyunlarına bənzəyir, müvəqqəti heç-heçələr olsa da, çox vaxt uduzanlar və udanlar bəlli olanadək davam edir…
Bir ildən artıqdır ki, dünyada heyrətamiz proseslər gedir, diktatura rejimləri bir-birinin ardınca yerlə-yeksan olur.
Diktatorlar sanki şahmat oyununda məğlubiyyəti həzm edə bilməyənlərə çevrilməklə dünyanı təəccübləndirməkdə davam edirlər. “Siciliya müdafiəsi” ilə başlanan mübarizə (tarixin bir simvolikası – X.Ə.) şahmat taxtasının sındırılması ilə davam edir və diktatorlar son şans kimi (!) rinqdə vuruşmağa üstünlük verirlər. Və burada yalnız Tunis prezidenti Bin Əlini qeyd etmək yerinə düşərdi – elə ilk raunddan sonra şahboksa “üstünlük” verdi, ikinci raundda mat olduğunu etiraf etdi və 20 il mat qoyduğu Tunisə “uğurlar” arzulayaraq, təqaüdə çıxdı….
Dünyada başımıza gəlməyən bəla qalmadığından, yazılmamış qanunlara görə, biz diktaturadan da yan keçə bilməzdik – ayıb olardı,(!) dünyadan…
Hazırda demokratik aləm Azərbaycanın demokratikləşməsi üçün qollarını çırmalayıb. Əliyev rejiminə aramsız hücumlar edir, açıq-aşkar ölkənin mafiya qanunları ilə idarə olunduğunu sübutlayan materiallar dərc etdirir, telekanallarda milyardların bir ailənin cibinə axdığını və Azərbaycan xalqının yoxsulluq içində yaşadığını göstərir.
Rejim öncə “Siciliya müdafiəsi”nə üstünlük verir, müdafiə olunaraq hücuma keçmək istəyir. Xaricdə ara-sıra rejimi mədh edən materiallar dərc etdirir, milyonların hesabına demokratik imic yaratmaq istəyir, lakin hər dəfə fiaskoya uğrayır.
Xaricdən gələn tənqidləri nəinki birbaşa, hətta dolayısı yolla da özlərinə aid etmək istəmirlər. 100 minlərlə insanın izlədiyi “Çirkli pullar” verilişində Azərbaycan xalqı haqda gedən qısa bölümdə, ağır yaşam şərtləri qarşı-qarşıya qalan xalqın məşəqqətli vəziyyəti əks olunur.
Digər bölümlərdə isə ölkə sərvətini bir qrup adamın taladığı çılpaq faktlarla göstərilir.
Iqtidar isə xalqın arxasında gizlənərək müdafiə olunmaq istəyir (siciliya müdafiəsi – X.Ə.), belə bir görüntü yaratmaq istəyir ki, tənqidlər Azərbaycan xalqına ünvanlanıb, sadəcə bizim halal zəhmətlə(!) qazandığımız milyardları həzm edə bilmirlər, bir sözlə ölkədəki “inkişafları” qısqanırlar.
Almaniya hökuməti cidd-cəhdlə tənqid olunur, o ölkə ki, qondarma erməni soyqırımını yaxına buraxmır, son rəsmi bəyanatında Türkiyənin bölgədəki rolunu yüksək qiymətləndirir, onun Qafqaz regionunda aparıcı dövlətə çevrilməsi üçün əlindən gələni edir.
O ölkə ki, Əliyevlər rejimindən qaçıb canını qurtarmış 40 min nəfərə yaxın soydaşımıza sığınacaq verib, təkcə ötən ilin dekabr ayı buradan gedən 40 ailəni yerləşdirib.
Bəli, rejim onu tənqid edən istənilən ölkəni düşmən elan etməyə hazırdır. Son vaxtlar isə müxalifəti, xüsusən də AXCP sədri Əli Kərimlini Amerika və Avropa dövlətləri ilə “işbirliyində” günahlandırırlar. Bütün mal-mülkünüz o ölkələrdə, bank hesablarınız yenə orada, baxıb dəhşətə gəlirlər, Əli Kərimlinin burada “günahı” ondan ibarətdir ki, xalq və siz onu fərqli şəkildə görürsünüz və fərq heç də sizin istədiyiniz kimi deyil.
Fikir verirsinizsə, Ilham Əliyevi müdafiə edən ideoloqlar, artıq konkret ittihamlardan yayınırlar. Onlar əzbərlədikləri  bir neçə standart cümlə ilə kifayətlənirlər – “filankəslər ermənipərəstdirlər”, “ölkə görünməmiş bir templə inkişaf edir” və s.  
Bəxtiniz bir onda gətirib ki, siz humanist, demokratik prinsipləri əsas tutan bir müxalifətlə qarşı-qarşıyasınız. Yeganə şansınız bu uçurumu dərinləşdirməməkdir. Çünki artıq “Siciliya müdafiəsi”ndə heç-heçə şansınız belə, yoxdur.