“Qazprom”dan Qırğızıstana 100 milyardlıq sərmayə

qazpromQırğızıstan prezidenti Almazbek Atambayev bu ölkədə səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşüb. Görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Almazbek Atambayev bildirib ki, Rusiya Qırğızıstanın aparıcı ticarət-iqtisadi tərəfdaşıdır və ölkələr arasında ticarət dövriyyəsinin həcmi kifayət qədər yüksəkdir.

Dmitri Medvedev deyib ki, Rusiya 2030-cu ilədək Qırğızıstanın qaz nəqli sahəsinə 100 milyard rubl (1,53 milyard dollar) həcmində sərmayə yatıracaq ki, bu da respublikanın qazlaşdırılmasının səviyyəsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq. Rusiya baş nazirinin sözlərinə görə, bu məbləğin üçdə birini yaxın iki il ərzində ayırmaq nəzərdə tutulur.

Rusiya ilə Qırğızıstan arasında neft və neft məhsullarının rüsumsuz tədarükü barədə hökümətlərarası müqavilə imzalanıb. Müqaviləyə görə, daxili ehtiyacların ödənilməsi üçün Qırığızıstana nəql edilən neft həcmlərinə Rusiya gömrük rüsumu tətbiq etməyəcək. Müqavilə neftin təkrar ixracını qadağan edir. Qırğızıstan 2014-cü ildən ölkə ərazisində tikilmiş neftayırma zavodunda emaldan keçirmək üçün ildə 300 min ton xam neftə ehtiyacının olduğunu bildirir.

Qırğızıstan prezidenti iki ölkə arasında strateci sahədə əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyətinə görə Dmitri Medvedevin “Danaker” ordeni ilə təltif edildiyini də bildirib. Almazbek Atambayev ordeni Rusiya baş nazirinə təqdim edib.

Medvedev Qırğızıstanın baş naziri Sooronbay Ceenbekovla da  görüşüb.