z qaralov

Baş Prokurorluq şəhid atasını niyə qəzəbləndirib?

z qaralovAğdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov baş prokuror Zakir Qaralova şikayət edib. Əli Hüseynov şikayətin bir surətini də KİV-lərə ünvanlayıb. Şəhid atasının şikayəti elə Baş Prokurorluğun özündəndir. Əli Hüseynov yazır: “Cənab baş prokuror, mən bir şəhid atası kimi sizi ədalətli şəxs bilərək Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin oğlumdan dövlətin ayırdığı kreditə görə “şapka” tələb etməsi, vəzifə səlahiyyətlərini aşması, bizi faktiki olaraq müflis vəziyyətə salmasına görə onun fəaliyyətini araşdırıb hüquqi qiymət verəsiniz. Amma mənim bu andım və xahişimin əksinə olaraq 6-7 aydır ki, Baş Prokurorluğun “əməkdaşları” kobud surətdə qanunu pozaraq məni süründürməçiliyə məruz qoyur. Bu azmış kimi mənə məlum olub ki, şikayətimin araşdırılması tərəfinizdən dayandırılıb. Və şikayətim sizin təqdimatınız əsasında İqtisadiyyat Nazirliyinə göndərilib. Hazirlik də guya həmin təqdimat əsasında da şikayəti araşdırması barədə  12.04.2016-ci il tarixli məktubla sizə cavab verilib. Bu cavab bizə də göndərilib.

Baş Prokurorluluğun “əməkdaşları” bu qanunları kobud şəkildə pozaraq İqtisadiyyat Hazirliyinin cavabının qanuna uyğun olub-olmadığı barədə mənə heç bir izahat vermirlər.

Görünür, Baş Prokurorluğun idarə rəisi Nazim Abbasov bu işdə maraqlıdır ki, nazirlikdən aldığı cavab barədə şikayətçiyə nə bir izahat, nə də bir məlumat verib. Nazim Abbasov mənə 23.05.2016-cı tarixdə mənə quru bir cavab göndərib. Həmin məktubda nəinki bir izahat var, heç sənədə tarix də qoyulmayıb.

Budurmu şəhid atasına qoyduğunuz hörmət? Ölkə başçısı sahibkarlara diqqət və qayğı göstərilməsini bəyan edir. Budurmu sizin diqqət və qayğınız?

Daha demədim ki, şikayətimi məni 6-7 ay süründürən, “şapka” tələb edən nazirliyə göndərəsiniz. Bu işi dərindən araşdırsanız görərsiniz ki, onların əməlində cinayət tərkibi var. 100 yox, 150 faiz bu belədir. İnanıram ki, siz baş prokuror olaraq bu ədalətli işi dərindən araşdırıb, bu məsələnin dərhal həllinə çalışacaq və şəhid atasına da bu barədə məlumat verilməsini təmin edəcəksiniz”.

Yazıda ittiham olunan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.